Qarabağda erməni vandalizmi: məhv edilmiş 67 məscid, 144 məbəd, 192 ziyarətgah
09 oktyabr 2020 10:05 (UTC +04:00)

Qarabağda erməni vandalizmi: məhv edilmiş 67 məscid, 144 məbəd, 192 ziyarətgah

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda işğal altındakı torpaqlarımızda təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Onlardan 67-i məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. Ermənilər tərəfindən ən çox dağıntılara və tələfata məruz qalan İslam dini abidələri, yəni məscidlər, türbələr və digər inanc yerləri olub. İşğal olunmuş ərazilərdə qalan və islam dövrünə aid tarixi abidələrin xüsusi amansızlıqla dağıdılmasının səbəblərindən biri də onların üzərində müsəlman epiqrafikası ilə yazıların olmasıdır. Məhz buna görə bu abidələri erməniləşdirmək və qeyri Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Elə bu səbəbdən də Dağlıq Qarabağ və ətraf rayonların ərazilərində rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdirirlər.

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun ərazisində yerləşən Yuxarı və Aşağı Gövhər Ağa məscidləri (Şuşa), Saatlı məscidi (Şuşa) və Ağdamda Cümə məscidi dağıdılmış, Ağoğlan (Laçın rayonu), Xudavəng (Kəlbəcər rayonu), Gəncəsər məbədləri (Ağdərə rayonu) və sair erməniləşdirilərək qriqoryanlaşdırılmışdır. Bəzən isə ermənilər işğal etdikləri ərazilərdə yerləşən məscidlərin Azərbaycan xalqına deyil, başqa dövlətlərə məxsus olduğunu iddia edir və bu niyyətlə məkrli addımlar atırlar.

Ermənilərin bu cür vandal əməllərinə Ermənistandakı tarixi Azərbaycan ərazilərində yerləşən dini abidələr də məruz qalmışdır. İrəvan Şah Abbas məscidi, Dəmirbulaq məscidi, Hacı Novruz Əli məscidi, Sərdar məscidi, Buğakar ziyarətgahı, Ağadədə ziyarətgahı və digər müqəddəs yerləri ermənilər tamamilə uçurmuş, Göy məscidin isə memarlıq xüsusiyyətlərini dəyişdirərək onun İran abidəsi olduğu iddia edilmişdir.

Dini abidələrimizə qarşı erməni təcavüzü bu gün də davam edir. Belə ki, 2016-cı ildə baş verən Aprel döyüşləri zamanı Ermənistan silahlı birləşmələrinin törətdiyi təxribatlar nəticəsində Ağdam və Tərtər rayonlarının ərazilərində başqa məntəqələrlə yanaşı, XIX əsrə aid tarixi-dini abidələr də erməni vandalizminə məruz qalmış, bəzi məscidlərə isə ciddi ziyan dəymişdir.

Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının dediyinə görə, işğalçı Ermənistanın tarixi-dini abidələrimizə vurduğu ziyan davam etməkdədir. Hərb cəbhəsində uğursuzluğa məruz qalan erməni silahlı birləşmələri mülki yaşayış yerlərinə, o cümlədən tarixi abidələrə, qəbiristanlıqlara, ziyarət yerlərinə atəş açmaqdadırlar. Gəncə şəhərinə, Bərdə, Goranboy, Ağcabədi, Tərtər, Ağdam, Füzuli, Beyləqan rayonlarına atılan raket və top mərmiləri nəticəsində bir sıra tarixi-dini abidələrə də xeyli zərər yetirilmişdir.

“Belə ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlıqdakı Şeyx Babı türbəsinə ciddi ziyan dəymiş, həmçinin düşmən tərəfindən atılan mərmi Beyləqan rayonundakı Cərcis peyğəmbər ziyarətgahının yaxınlığına düşmüşdür”.

Komitə sədri qeyd edir ki, Azərbaycanın işğal olunmuş ərazilərində insanlıq və mülkiyyət əleyhinə olan cinayətlərə, mədəni irsin dağıdılmasına görə Ermənistan məsuliyyət daşıyır. Ermənistanın xalqımıza məxsus abidələri dağıtması "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında” 1954-cü il Haaqa Konvensiyası, "Arxeoloji irsin mühafizəsi haqqında” 1992-ci il Avropa Konvensiyası və "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” UNESCO-nun 1972-ci il Konvensiyasının tələblərinə ziddir. “Ermənistan tərəfindən Azərbaycan xalqının mədəni irsinin məhv edilməsinə və saxtalaşdırılmasına yönəlmiş, beynəlxalq sənədlərdə bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür”.

 

# 3952
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar