Parkinson xəstəliyinin yeni müalicə üsulu tapıldı
06 oktyabr 2020 19:32 (UTC +04:00)

Parkinson xəstəliyinin yeni müalicə üsulu tapıldı

Oksford Universiteti nəzdində Parkinson Xəstəliyi Mərkəzinin alimləri molekulyar “pinsetlər"in köməyilə yeni müalicə metodunu işləyib hazırlayıblar. Molekulyar “pinset” ayrı-ayrı atomları və molekulları digər yerə köçürməyə və ya məhv etməyə imkan verən nanometodikadır.

Lent.az xəbər verir ki, alimlərin fikrincə, yeni üsul məlum xəstəliyin ilkin səbəbi olan patoloji zülallarda rabitəni pozmaqla sağlam neyronların işini stimullaşdırır.

Molekulyar “pinset” CLR01 adı verilən maddədir və Parkinson xəstəliyində formalaşan toksik zülalın bir yerə toplanmasının qarşısını alır. Laboratoriya siçanları üzərində terapiya göstərib ki, patoloji zülallar vasitəsilə onlarda yaradılmış Parkinson xəstəliyi məhz “pinsetin” dağıdıcı təsiri sayəsində müalicə edilir. CLR01 maddəsi Parkinson xəstəliyində alfa-sinukletin topalarının yaranmasını və gövdə hüceyrələrindən “in vitro” yaradılmış sağlam insan neyronlarının məhv olmasının qarşısını almağa qadirdir.

Tədqiqatçı qrupuna rəhbərlik edən Parkinson Xəstəliyi Mərkəzinin professoru Riçard Ueyd-Martinsin fikrincə, araşdırma göstərir ki, “baş beyində toksik zülalların toplandığı yerin müəyyən edilməsi üçün dərman preparatları yaratmaq və ən başlıcası, Parkinson xəstəliyinin zədələdiyi neyronları deqradasiyadan qorumaq mümkündür. Əsas odur ki, xəstəliyin beyin neyronlarını xilas etmək mümkün olduğu mərhələsində “pəncərəyə” vaxtında daxil olmaqdır.

Parkinson Fondundan tədqiqatçı Bekki Portun fikrincə, müvafiq sahədə həkimlərin beyin toxumasını qorumağa qadir olan müalicə metodlarına ehtiyacı var. Laboratoriya şəraitində sınanmış “pinset” üsulu Parkinson xəstəliyinin müalicəsində inqilabi dəyişiklik vəd edə bilər.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda Parkinson xəstəliyindən əziyyət çəkən insanların sayı dörd milyona çatır. Eləcə də 30-40 yaşlı insanlar arasında xəstələrin sayı artmaqdadır.

# 298
avatar

Aygün İbrahimli

Oxşar yazılar