10:18
06 Oktyabr 2020

Ermənilərin Cənubi Qafqaza köçürülməsindən bəhs edən kitab rus dilində nəşr olundu

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun himayəsi ilə “XIX-XX əsrlərdə Cənubi Qafqaz üzrə beynəlxalq müqavilələr və ermənilərin köçürülməsi” (Международные договоры по Южному Кавказу в XIX-XX вв. и переселение армян) adlı kitab rus dilində işıq üzü görüb.

Lent.az -ın xəbərinə görə, fonddan Kulis.az -a bildirilib ki, kitabın müəllifi Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyevdir.

Kitab Kürəkçay traktatının, Gülüstan, Türkmənçay, Moskva və Qars müqavilələrinin imzalanmasına səbəb olan tarixi hadisələri əhatə edərək, onların siyasi - hüquqi mahiyyətini və Azərbaycan üçün nəticələrini açıqlayır.

Etibarlı mənbələrə əsaslanaraq, müəllif tərəfindən ermənilərin Cənubi Qafqaza ekspansiyasına, eləcə də Azərbaycanın ərazi bütövlüyünə, o cümlədən hazırda Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ torpaqlarına dair faktların tarixi – hüquqi təhlili aparılıb.

Müəllifin araşdırmaları bu gün Qarabağ ətrafında cərəyan edən hadisələrin köklərini daha dərindən anlamağa, ermənilərin Azərbaycanın tarixi torpaqlarına köçürülməsi siyasətinin ümumi mənzərəsini yenidən nəzərdən keçirməyə imkan verir.

Qeyd edək ki, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tarixi sənədlərin araşdırılması və tədqiqinə, zəngin Türk mədəniyyəti və irsinin beynəlxalq aləmdə öyrənilməsinə, qorunmasına və təbliğinə xüsusi əhəmiyyət verməkdədir.

Dİgər xəbərlər