Azərbaycan Bəstəkarlar İttifaqından dünya musiqiçilərinə MÜRACİƏT
05 oktyabr 2020 16:26 (UTC +04:00)

Azərbaycan Bəstəkarlar İttifaqından dünya musiqiçilərinə MÜRACİƏT

Azərbaycan Bəstəkarlar İttifaqı dünya musiqiçilərinə müraciət ünvanlayıb.

Bu barədə APA-ya Azərbaycan Bəstəkarlar İttifaqından bildirilib. Verilən məlumata görə, müraciətdə bildirilir ki, 30 ildən artıqdır, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi davam edir.

Qeyd olunur ki, erməni faşizminin işğalı nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar darmadağın edilib, 1 milyonadək dinc əhali öz dədə-baba yurdlarından didərgin düşüb: “Azərbaycanın işğal edilmiş ərazilərində 13 dünya əhəmiyyətli - 6 memarlıq və 7 arxeoloji; 292 ölkə əhəmiyyətli - 119 memarlıq və 173 arxeoloji və 330 yerli əhəmiyyətli - 270 memarlıq, 22 muzey, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi tarix və mədəniyyət abidələri məhv edilib. Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan dövləti Azərbaycan torpaqlarına qarşı işğalçı siyasətini davam etdirir”.

Vurğulanıb ki, Azərbaycan mədəniyyətinin, musiqimizin beşiyi sayılan, bütün dünyada məşhur olan bir sıra görkəmli musiqiçilərimizin  - dahi Üzeyir Hacıbəyovun, Niyazinin, Seyid Şuşinskinin, Xan Şuşinskinin, Bülbülün, Rəşid Behbudovun, Əfrasiyab Bədəlbəylinin, Süleyman Ələsgərovun, Əşrəf Abbasovun və başqalarının doğulub boya-başa çatdığı qədim Şuşa şəhəri 30 ildir düşmən tapdağı altındadır: “Bu gün Azərbaycan xalqı öz tarixi torpaqlarını düşməndən  azad etmək üçün haqq mübarizəsinə qalxıb. Azərbaycan bəstəkarları da daima bu mübarizədə fəal iştirak edərək, Vətənin azadlıq mübarizəsinə, Qarabağa həsr olunmuş müxtəlif janrlı əsərlər yaradıblar. Qocaman bəstəkarlardan tutmuş ən gənc bəstəkarlaradək Azərbaycan Bəstəkarlar İttifaqının bütün üzvləri - o cümlədən, tanınmış bəstəkarlar Polad Bülbüloğlu, Eldar Mansurov, Cavanşir Quliyev, Faiq Sücəddinov, Azad Zahid, Elza Seyidcahan, Vüqar Camalzadə, habelə gənc bəstəkarlar Tural Məmmədli, İlahə İsrafilova, Fərid Fətullayev və başqaları vətənpərvərlik mövzusunda mahnılar, marşlar yazıblar və bu gün da yazmaqdadırlar. Bu əsərlər dərhal televiziya və radio kanallarında səsləndirilir, kliplər nümayiş etdirilir. Bu günlərdə Azərbaycan Bəstəkarlar İttifaqı şanlı ordumuza Yardım Fonduna 10 min manat ianə köçürərək, öz dəstəyini göstərib. 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətlə vurğuladığı “Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” ifadələri bütün dünyaya bəyan edilməlidir. 

Biz Azərbaycan Bəstəkarlar İttifaqı olaraq, bu bəşəri cinayətləri törədən işğalçı Ermənistan rəhbərliyini və onun havadarlarını lənətləyir, beynəlxalq ictimaiyyətə, xüsusilə, bütün dünya musiqiçilərinə müraciət edərək, Azərbaycanın haqq işinə fəal dəstək olmağa, səsimizə səs verməyə çağırırıq!”

# 805
avatar

Oxşar yazılar