13:36
04 Oktyabr 2020

İqbal Ağazadədən xalqa çağırış: “Möhkəm olun, birliyimizi qoruyaq”

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə Azərbaycanın cəbhə bölgəsindən uzaq olan şəhər və rayonlarının Ermənistan tərəfindən atəşə tutulması və bunula da mülki əhali arasında qorxu mühiti yaratmağa cəhd etməsi ilə bağlı xalqa müraciət edib.

Ümid Partiyasının Mətbuat Xidmətindən Lent.az -a daxil olan məlumata görə, müraciətdə aşağıdakılar deyilir:

"Əziz həmvətənlər.
Müzəffər ordumuz Ermənistanın uzun illər işğalda saxladığı əraziləri azad etdikcə düşmən azğınlaşır. Mülki əhalini, cəbhə bölgəsindən uzaq şəhər və rayonlarımızı atəşə tutur, ölkədə panika, qorxu mühiti, həyəcan və təlaş yaratmağa çalışır.

Azərbaycan xalqının birlik və bərabərliyi, vahid mövqeyimiz, siyasi və mənəvi bütövlüyümüz düşməni sarsıdır. Bu addımlarıyla düşmən dinc əhali arasında təşviş yaratmaq, haqq işimizi durdurmaq niyyəti güdür.

Hər kəsə səslənirəm!

Vətən müharibəsi aparırıq. Düşmən hiyləgər və qəddardır. Nə hiyləgərlik birliyimizi pozmalı, nə də qəddarlıq bizi qorxutmalıdır. Yersiz həyəcan və təşvişə ehtiyac yoxdur.

Gəncə, Beyləqan, Bərdə, Şəmkir və digər sərhəddən uzaq ərazilərin raket atəşinə tutulması onun göstəricisidir ki, Ermənistan ordumuzu durdura bilmir, dinc əhalini hədəfə almaqla çarə arayır.

Hamını birliyə, qardaşlığa, vətən qarşısında məsuliyyətli olmağa çağırıram.

Heç kim həyəcanlanmasın, qorxmasın, möhkəm olsun, birliyimizi qorusun.

Qarabağ Azərbaycandır!"

Dİgər xəbərlər