09:07
30 Sentyabr 2020

Dünyada bu gün - VİDEO

BEYNƏLXALQ TƏRCÜMƏÇİLƏR GÜNÜ

(1991)

Beynəlxalq Tərcüməçilər Federasiyasının (FİT) qərarı ilə 1991-ci ildən etibarən hər il sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər günü kimi qeyd olunur. Bu tarix Bibliyanı (Vulaqatı) Latın dilinə tərcümə etmiş və ənənəyə görə tərcüməçilərin hamisi hesab olunan İeronim Stridonski dünyasını dəyişdiyi günə görə seçilib. O, 420-ci ilin 30 sentyabrında vəfat edib.

ASLAN BƏY SƏFİKÜRDSKİ

(1881-1937)

Azərbaycanın ictimai-siyasi xadimi Aslan bəy Səfikürdski 1881-ci il sentyabrın 30-da Gəncə qəzasının Səfikürd kəndində dünyaya göz açıb. Gəncə klassik gimnaziyasında, Xarkov Universitetinin hüquq fakültəsində və Sankt-Peterburq Universitetində təhsil alıb. Gəncənin ədliyyə orqanlarında andlı müvəkkil köməkçisi, Şuşa Şəhər Dumasında iclasçı, sonra andlı müvəkkili, Gəncədə "Müsəlman Xeyriyyə Cəmiyyəti"nin rəhbərlərindən biri, "Aktyorlar cəmiyyəti"nin sədri , Zaqafqaziya Seyminin və Azərbaycan Milli Şurasının üzvü olub. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə deputat seçilib. Cümhuriyyətin üçüncü hökumət kabinetinin poçt-teleqraf və əmək naziri, dördüncü hökumət kabinetinin ədliyyə və əmək naziri kimi vəzifələrdə işləyib. Onun göstərişi ilə Ədliyyə Nazirliyinin nəzdində Azərbaycanda ilk dəfə olaraq hüquq elmi üzrə mükəmməl kitabxananın təşkilinə başlanılıb, Azərbaycan Məhkəmə Palatası nəzdində andlı müvəkkillər şurası yaradılıb. Cümhuriyyətin ədliyyə işğalından sonra komissarının müavini, "Azneft" sistemində hüquq məsləhətçisi vəzifələrində çalışıb. Aslan bəy Səfikürdski uzun sürən xəstəlikdən sonra 1937-ci il sentyabrın 20-də Bakıda vəfat edib.

LƏTİF SƏFƏROV

(1920-1963)

Əməkdar incəsənət xadimi Lətif Bəşir oğlu Səfərov 30 sentyabr 1920-ci ildə Şuşada anadan olub. Gəncə Pedaqoji Texnikumunda, Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Bərdədə müəllim kimi çalışıb. Yaradıcılığa kino aktyoru kimi başlayıb. “Qızmar günəş altında”, “Leyli və Məcnun”, "Bəxtiyar" və başqa bədii filmlərin rejissorudur. Azərbaycan Kinematoqrafçılar İttifaqına başçılıq edib. «Şərəf nişanı» ordeni ilə təltif olunan Lətif Səfərov 1963-cü il dekabrın 9-da ov tüfəngindən atəş açaraq intihar edib. O, müğənni Şövkət Ələkbərova ilə evli olub.

LALƏZAR MUSTAFAYEVA

(1962)

Azərbaycanın xalq artisti, aktrisa, qiraət ustası Laləzar Bəşir qızı Mustafayeva 1962-ci ilin bu günü Balakənin Qullar kəndində anadan olub. Ali təhsilini 1990-cı ildə başa vurub, təyinatla Akademik Milli Dram Teatrına göndərilib. “Güllələnmə təxirə salınır”, “Qara volqa”, “Divar” , “Ağ atlı oğlan”, “Hara gedir bu dünya”, “Kimdir haqlı?” , “İtkin gəlin” və başqa tamaşalarda, bədii filmlərdə və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb. Laləzar Mustafayeva 1998-ci ildə Azərbaycanın əməkdar artisti, 2002-ci ildə xalq artisti fəxri adları ilə təltif olunub. Prezident mükafatçısıdır.

MONİKA BELLUÇÇİ

(1964)

Məşhur italiyan aktrisa və model, sünyanın ən cazibədar qadınlarından sayılan Monika Belluççi 1964-cü il sentyabrın 30-da İtaliyanın Umbria əyalətinin Città di Castello şəhərində anadan olub. Peruca Universitetində təhsil alıb. 1989-cu ildə aktyor olmaq üçün dərs almağa başlayıb, 1990-cı illərin əvvəllərində isə bir neçə televiziya filmində kiçik rollarda görünüb. 50-dən çox filmə çəkilib. Canlandırdığı obrazları ilə böyük şöhrət qazanıb və 2004-cü ildə Dünyanın 100 Ən Gözəl Qadınları sırasında 1-ci olub.

MİRƏLƏKBƏR İBRAHİMOV

(1961-1994)

Azərbaycanın Milli Qəhrəmanı Mirələkbər Mirələsgər oğlu İbrahimov 30 sentyabr 1961-ci ildə Qərbi Azərbaycanın Vedibasar mahalının Xalisa kəndində doğulub. Bakı şəhərindəki 158 saylı orta məktəbdə,Azərbaycan Dövlət Pedaqoji Universitetinin idman və hərbi hazırlıq fakültəsində təhsil alıb. Sovet ordusunda hərbi xidmətdə olub. Bir müddət Lənkəranda və Bakıda müəllim işləyib. Ermənistanın Azərbaycana hərbi təcavüzü başlayandan sonra könüllü olaraq silaha sarılıb. 1993-cü ildə Yasamal taboruna komandir təyin edilib. Füzuli rayonunun Kürdmahmudlu və Aşağı Seyidəhmədli kəndləri uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Mirələkbər İbrahimov 5 mart 1994-cü ildə Qorqan kəndi uğrunda gedən döyüşdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. Azərbaycan Prezidentinin 16 sentyabr 1994-cü il tarixli fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Vaxtilə dərs dediyi 153 saylı orta məktəb onun adını daşıyır.

ZÜLFÜQAR HACIBƏYOV

(1884-1950)

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyovun anım günüdür. O, 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Kiçik qardaşları Üzeyir Hacıbəyov və Ceyhun Hacıbəylinin formalaşmasında çox böyük rol oynayıb. Onun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski və Hüseyn Ərəblinski də var. XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” onun ilk mahnıları sayılır. Bəstəkar Azərbaycanın ilk operettası olan “50 yaşında cavan” əsərinin müəllifidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərindəki Gürcü Zadəganları Teatrında olub.1935-ci ildə oğlu Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazıb. Son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub. Azərbaycan klassik musiqisinin formalaşmasında böyük rol oynayan Zülfüqar Hacıbəyov 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.

BƏHMƏN VƏTƏNOĞLU

(1932-2004)

Bu gün həm də el şairi Bəhmən Vətənoğlunun xatirə günüdür. Bəhmən Kalış oğlu Abbasov 1932-ci il dekabrın 31-də Kəlbəcər rayonunun Seyidlər kəndində dünyaya gəlib. Burada kənd orta məktəbini bitirdikdən sonra kolxozda çalışıb, kənd kitabxanasında müdir olub. Təyinatla Kəlbəcər rayonunun Lev kənd orta məktəbinə müəllim göndərilib, Seyidlər kənd orta məktəbində direktor olub. Qarabağ münaqişəsi dövründə ailəlikcə Gəncəyə köçüb və orada məskunlaşıb. Bədii yaradıcılığa orta məktəbdə oxuyarkən başlayıb. İlk mətbu şeri "Dəyişməmişəm" 1958-ci ildə rayon qəzetində dərc olunub. "Haqqa qardaş yaranmışam", "Allahsız dünya", "Vətən bizi bağışlamaz", "Qaldı ürəyimdə dağı dağların" şeir topluları nəşr olunub. Bəhmən Vətənoğlu 2004-cü il sentyabrın 30-da dünyasını dəyişib.

SƏXAVƏT MƏMMƏDOV

(1953-1991)

Tanınmış Azərbaycan xanəndəsi Səxavət Əmirxan oğlu Məmmədov da bu gün xatırlanır. O, 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda və Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Xalq artisti Hacıbaba Hüseynovdan muğamın sirlərini öyrənib, Azərbaycan muğamını bir çox ölkələrdə təmsil edib. “Hümayun” xalq ansamblının solisti olub. Yaratdığı “Qarabağ” instrumental ansamblı xanəndənin şah əsərlərindən biri kimi bu gün də yaşayır. Səxavət Məmmədov 1991-ci ilin 30 sentyabrında avtomobil qəzası nəticəsində dünyasını dəyişib. O, uşaq verilişlərinin aparıcısı, aktyor və diplomat Bəxtiyar Məmmədovun atası, xanəndə Firuz Səxavətin böyük qardaşıdır.

HABİL ALLAHYAROV

(1973-1992)

Şəhid Habil Tahir oğlu Allahyarovun anım günüdür. O, 2 noyabr 1973-cü ildə Gədəbəy rayonunun Soyuqbulaq kəndində doğulub. Soyuqbulaq kənd orta məktəbinidə təhsil alıb. 1992-cı ildə könüllü olaraq hərbi xidmətə yollanıb. Döyüş yoluna Gədəbəy rayonunundan başlayıb.Bir çox qızğın döyüşlərdə iştirak edib. Habil Allahyarov 30 sentyabr 1992-ci ildə Gədəbəyin Şınıx bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub və doğulduğu kənddə dəfn olunub. Hazırda təhsil aldığı Soyuqbulaq kənd orta məktəbi onun adını daşıyır.

Dİgər xəbərlər