15:35
29 Sentyabr 2020

"İndi Paşinyan çalışır ki, insanların diqqətini..." - Gürcü politoloq

“Bu cür ciddi bir hərbi qarşıdurmaya başlayarkən Nikol Paşinyanın gözləntilərinin nə olduğu çox maraqlıdır, çünki onun özü, müdafiə naziri və bu məsələ ilə əlaqəli bütün Ermənistan rəsmiləri yaxşı anlayır ki, bu gün Azərbaycan Ermənistandan qat-qat güclüdür”.

Bunu APA -nın Gürcüstan bürosuna açıqlamasında gürcü politoloq Tengiz Txilava deyib. Onun sözlərinə görə, regionda destabilizasiya yaratmağa yönəlmiş belə bir addım atarkən Ermənistan rəhbərliyinin qalibiyyət ümidi və gözləntisi olmayıb.

“Təəssüf ki, qonşu Ermənistan bir daha Azərbaycana qarşı destabilizasiyanın təşəbbüskarı oldu. Artıq buna destabilizasiya da demək olmur, faktiki olaraq artıq müharibə başlayıb. Bunun səbəbini tapmaq üçün hər şeydən əvvəl Ermənistanın indiki vəziyyətinə nəzər salmalıyıq.

Aydın görünür ki, ölkənin istər daxili və xarici siyasəti, istərsə iqtisadiyyatı Rusiyadan asılıdır və bu ölkədən idarə olunur. Hərbi cəhətdən də Ermənistan tamamilə Rusiyadan asılıdır. Ona görə də düşünürəm ki, bu vəziyyətdə olan bir dövlət hər hansısa bir addım atmadan öncə mütləq bir şəkildə Rusiyaya xəbərdarlıq edib”, - o əlavə edib.

T. Txilavanın sözlərinə görə, Paşinyan hakimiyyəti sələflərindən fərqli olaraq, xaricdəki erməni diasporunun da münaqişəyə cəlb edilməsinə səy göstərir və bu, onun yaxın vaxtlarda hakimiyyətdən gedəcəyinə işarədir: “Paşinyanın indiki mövqeyi əvvəlki kimi, çox da iddialı deyil. İlk vaxtlar bir çox vəd verildi, amma həyata keçirilmədi. Epidemioloji vəziyyətin idarə oluna bilinməməsi və iqtisadiyyatın pisləşməsi isə onun nüfuzunu zəiflətdi. İndi Paşinyan çalışır ki, insanların diqqətini başqa yönə çəkərək mövqeyini az da olsa əlində saxlaya bilsin. Ermənistanın hazırkı hökuməti elə addımlar atır ki, indiyədək heç bir hakimiyyət bu cür addımlar atmayıb. Xaricdəki erməni diasporunun müharibəyə cəlb edilməsi buna nümunə ola bilər. Əvvəl bu cür hal baş vermirdi, bizim yadımızdadır ki, iyul toqquşmaları zamanı Azərbaycanın diaspor nümayəndələrinin müxtəlif ölkələrdə keçirdiyi dinc aksiyalara necə hücum edirdilər. Bu, onu göstərir ki, Nikol Paşinyan artıq getmək üzrədir. Onun indiki vəziyyətdə qalib gəlməsi isə qeyri mümkündür. Biz görürük ki, Azərbaycan tərəfi bir gecədə nə qədər uğurlar əldə etdi və irəlilədi. Təbii ki, hər zaman olduğu kimi Ermənistan tərəfi bunu etiraf etmədi, ancaq “Qarabağ”ın “prezidenti” məcbur qaldı ki, itkilərini etiraf etsin. Azərbaycan üçün öz torpaqlarının azad edilməsi çox vacibdir”.

Dİgər xəbərlər