Azərbaycanın İqtisadi Şurası yaradıldı
09 sentyabr 2020 13:12 (UTC +04:00)

Azərbaycanın İqtisadi Şurası yaradıldı

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında iqtisadi siyasətin və iqtisadi islahatların yeni idarəetmə çərçivəsinin yaradılması və “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanının ləğv edilməsi barədə fərman imzalayıb. 

APA-nın xəbərinə görə, fərmana əsasən, Azərbaycan Respublikasının İqtisadi Şurası yaradılsın.

2. Şuranın aşağıdakı tərkibi təsdiq edilsin:

Şuranın sədri

Azərbaycan Respublikasının Baş Naziri

Şuranın üzvləri

Azərbaycan rezidentinin köməkçisi – İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri 

Azərbaycan Prezidentinin köməkçisi – İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi

Azərbaycanın İqtisadiyyat naziri

Azərbaycanın Maliyyə naziri

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi naziri

Azərbaycan Mərkəzi Bankının sədri

Azərbaycan Dövlət Neft Fondunun İcraçı direktoru.

3. Şuranın fəaliyyətinin təşkili məqsədilə Şuranın Katibliyi yaradılsın və Katibliyin funksiyasının həyata keçirilməsi Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin.

4. Müəyyən edilsin ki, bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi məqsədilə Şura yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları və elmi müəssisələri cəlb edə, aidiyyəti dövlət orqanlarının və maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.

5. Şuraya tapşırılsın ki:

5.1. ölkədə makroiqtisadi sabitliyin qorunması və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə qlobal və milli iqtisadiyyatda, o cümlədən fiskal və monetar sektorlarda, həmçinin maliyyə-bank sektorunda baş verən proseslər öyrənilməklə cari və ortamüddətli dövr üçün iqtisadi siyasətin formalaşmasına, habelə ölkə iqtisadiyyatında yarana biləcək daxili və xarici təsirlərin qarşısının alınmasına yönəlmiş qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə həyata keçiriləcək islahatların və iqtisadi siyasətin istiqamətinin müəyyən edilməsinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. fəaliyyəti barədə altı ayda bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. “Azərbaycan Respublikasının Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 iyul tarixli 995 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 7, maddə 1266; 2018, № 5, maddə 959, № 12 (I kitab), maddə 2593) ləğv edilsin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2433

Oxşar yazılar