2209
14:27
27 Avqust 2020

Bu gün Milli Qəhrəman Şövgiyar Abdullayevin şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Abdullayev Şövqiyar Cəmil oğlunun şəhid olduğu gündür.

Lent.az xəbər verir ki, Şövgiyar 1992-ci il mart ayının 3-də oxuduğu ali məktəbin məşğələlərini tərk edərək könüllü ordu sıralarına daxil olub.

Onun ilk döyüşü aprelin 26-da Şelli istiqamətində olub. Sonra onun silahdaşları Gülablı istiqamətində müdafiə mövqeyi tutub Abdal, Aranzəmin, Pircamal, Naxçıvanik kəndləri uğrunda şiddətli döyüşlər aparıblar.

1992-ci il avqustun 23-də Gülablıdakı çox böyük strateji əhəmiyyətli yüksəklikdən müəmmalı şəkildə onun tank briqadası çıxarılaraq Drambon kəndinin müdafiəsinə kömək üçün göndəriliblər. Az vaxt içərisində Drambon kəndi erməni-rus birləşmələrinin müqaviməti qırılaraq azad edilib və ən böyük uğuru isə o olub ki, mühasirə halqasına düşmüş çox böyük sayda piyada döyüşçülərimizi çıxara biliblər.

Həmin döyüşdə Ş.Abdullayevin tankı vurulub və igid döyüşçü hər iki qılçasından qəlpə yaraları alıb. Onu Ağdamdakı hərbi hospitala çatdırıblar. Həkimlər ona qılçalarına dolmuş qəlpələri təmizləmək üçün Bakıya getməyi məsləhət görüb, müvəqqəti sarıq qoyublar. Şövqiyar isə sarığıları açıb ataraq “Mən yoldaşlarımı odun-alovun içərisində qoyub heç yerə gedə bilmərəm, elə adamlar tanıyıram ki, bədənlərində Böyük Vətən müharibəsindən indiyə kimi qəlpə gəzdirir” - deyib və xəstəxanadan qaçaraq döyüş bölgəsinə gəlib, öz komandiri olduğu tanka qalxaraq son nəfəsinə qədər Vətən, yurd, torpaq uğrunda döyüşüb, canını vurğunu olduğu doğma torpağa qurban verib.

Onun təltif olunduğu Azərbaycanın Milli Qəhrəmanının "Qızıl ulduzu"nu ulu öndərimiz Heydər Əliyev qəhrəmanın valideynlərinə təqdim edib.

1992-ci il avqustun 27-də Drambon döyüşündə qəhrəmancasına həlak olan Abdullayev Şövqiyar Cəmil oğlu avqustun 29-da müqəddəs Şəhidlər Xiyabanında dəfn edilib.

Bütün şəhidlər kimi, Şövqiyar Abdullayevin də ruhu şad olar!