15673
12:45
21 Avqust 2020

Aşura: bir tərəfdə yalan və hiylə, digər tərəfdə HƏQİQƏT

Bu gündən Hicri təvimi ilə Məhərrəm ayı başlayıb. Kərbəla hadisələrinin bu ayda baş verməsi nəticəsində ay İslam aləmində xüsusi yer tutur. Məhərrəm ayı boyunca hadisənin mahiyyəti və qəhrəmanları xatırlanır. Din xadimlərinin fikrincə, ay boyu yas tutmaq, mərasimlərdə özünü döymək yox, hadisə qəhrəmanlarının nəyə qarşı mübarizə apardıqlarını ön plana çıxarmaq vacibdir.

Hicrətin 61-ci ilində baş vermiş hadisə...

Mövzu ilə bağlı Lent.az -a Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı ilahiyyatçı-alim, Azərbaycan Yazıçılar Birliyinin üzvü, AMEA-nın doktorantı Samid Quliyev danışıb: “İslam Peyğəmbəri (s) buyurur ki, həqiqətən Hüseyn hidayət çırağı və nicat gəmisidir. İslam şəxsiyyətləri sırasında öndə gedən simalardan biri də əməlləri ilə hər birimizə örnək olan peyğəmbər əleyhissəlamın sevimli nəvəsi Həzrət Hüseyn əleyhissəlamdır. Bu şəxsiyyətin həyatını təkcə Kərbəla hadisəsinə nəzər salmaqla yaxından öyrənmək olar. Aşura faciəsindən əlli il qabaq islam Peyğəmbərini itirən ümmət bir çox hadisələrin şahidi olmuş, bu illər ərzində islam həqiqətlərindən demək olar ki, uzaqlaşmışdılar. Hicrətin 61-ci ilində baş vermiş hadisə dinimizə yeni bir nəfəs verməklə yanaşı, islam ümmətinin təfəkkür tərzində böyük bir dönüş yaradıb. Aydındır ki, haqq və batil daim mübarizə aparmaqdadır. Batilin qarşısında haqqı müdafiə edənlər mujdələnənlər, qarşı tərəfdə olanlar isə Axirətini itirənlərdir. Hər iki tərəfdə rəhbərlər insanları müəyyən ideyalar uğrunda vuruşmağa sövq edirlər. Bir tərəfdə həqiqət, digər tərəfdə isə yalan və hiylə mühum rol oynayır. Bu qarşıdurmalardan biri qalib, digəri isə məğlub olaraq ayrılır.

S.Quliyevin fikrincə, Aşura bəlkə də, tarixdə ilk hadisədir ki, tərəflərin biri məğlub olsa da, həqiqətini aləmə bəyan edib.

Onun sözlərinə görə, bəzən tarixdə hadisələr baş verdikdə onun nəqlində müəyyən qüsurlar və siyasi təsirlər mövcud olur: “Kərbəla hadisəsini ilkin qaynaq olaraq nəql edənlər tövhid amalından başqa heç bir siyasi ideologiyaya xidmət etməyib. Aşura raviləri Əli qızı Zeynəb (s) və İmam Zeynülabidin (ə) olub, hadisənin mahiyyətini onlar xalqa çatdırıb, kimin haqq, kimin nahaq olmasını bildiriblər.

Allah şəhidlərə “Ölü deməyin” xitabını edərək onların diri olmasından xəbər verib

Kərbəla hadisəsini yaradan səbəblərə “Quran” və səhih hədislərlə nəzər saldıqda, hadisənin böyük əhəmiyyətə malik olduğunu görürük. Allah “Qurani-Kərim”də bir neçə ayədə şəhidlik və onun üstünlükləri barədə məlumat verib, haqqın müdafiəçilərini müjdələyib. Allah-Təala Bəqərə surəsinin 154-cü ayəsində buyurur: “Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz.”

Zikr olunan ayədə Allah şəhidlərə “Ölü deməyin” xitabını edərək onların diri olmasından xəbər verib, adi insanlar tərəfindən bu məqamın dərkinin mümkünsüz olduğunu bəyan edib. Şəhidlik məqamını anlamaq şəhadət yolundan keçir, bunu qazananlar isə bu məqamı dərk edərək özlərindən sonra şəhid olub mükafata layiq olanları səbirsizliklə gözləyirlər. İslamda Üsuliddinlə yanaşı, Furuiddin də böyük əhəmiyyət kəsb edir. Əgər Üsuliddin tövhidi və onun əhatə etdiyi mövzuları ehtiva edirsə, Furuiddin isə Üsuliddinin fel olaraq əməllərdə təcəssüm etdirir. Üsuliddin və Furuiddini bir-birinə bağlayan isə Tövhid (ət-təuhid) prinsipidir. Tövhid bütün səmavi dinlərin əsası olmaqla İlahi elçilərin təbliğat vasitəsi olub.

Qurani-Kərimdə ən çox toxunulan mövzulardan biri də, Tövhid-Allahın yaradan olaraq şəriksiz olması barədədir. Qurani-Kərimdə oxuyuruq: “(Ya Rəsulum!) Səndən əvvəl elə bir peyğəmbər göndərmədik ki, ona: "Məndən başqa heç bir tanrı yoxdur, buna görə də yalnız Mənə ibadət edin!" - deyə vəhy etməyək.” (Ənbiya, 25) Allah yolunda şəhid olmaq Tövhid və onun prinsiplərini qorumaq deməkdir. Bu isə imanlı müsəlmanların ən böyük vəzifəsidir.

İslam düzgün təqdim olunmursa, Həcc əməlinin heç bir faydası yoxdur

İlahiyyatçı vurğulayıb ki, Həzrət Hüseyn əleyhissəlam Tövhidin təbliğ olunduğu ailədə böyüyüb, Allaha bəndəçilik təlimini vəhy evində alıb və sona qədər bu ideologiyaya sadiq olub.

“Bu cür tərbiyə alan və imanını kamilləşdirən Hüseyn əleyhissəlam Üsuliddin və Furuiddini mənimsəmiş və onların müdafiəsinə qalxıb. Hətta Həzrət Hüseyn əleyhissəlam Həcc əməlini kamil surətdə yerinə yetirməyib Kufəyə dönüb”- bildirən S.Quliyev tarixi hadisənin səbəblərinə də toxunub: “Bu tarixi hadisənin səbəblərini araşdırdıqda aydın olur ki, əgər İslam düzgün təqdim olunmursa, Həcc əməlinin heç bir faydası yoxdur. Artıq hicrətin 60-cı ilində Həcc əməlinin vacibliyi qısa müddətdə islam ümmətinin üzərindən götürülüb, haqqın insanlara çatdırılması və yolunu azmış bəndələrin düz yola yönəlməsi vacib olub. Buradan aydın olur ki, Həzrət Hüseyn əleyhissəlam Kərbəla müsibəti ilə Furuiddinlə Üsuliddinə olan imanını tamamlayıb.

Həzrət Hüseyn əleyhissəlam bir daha bu ayələri qəlbən yaşayaraq əməllərində yaşatıb”.

Hüseyn bin Əli öldürüləndə, Günəş elə tutulmuşdu ki...

Din xadimi Kərbəla faciəsi barədə islam Peyğəmbərinin illər öncə söylədiyi kəlamlarında məlumat verildiyini vurğulayıb: “İmam Hüseyn hələ körpə ikən Mələk Cəbrail Peyğəmbər əleyhissəlamın yanına gəlib nəvəsi Hüseynin Kərbəlada şəhid olacağı xəbərini ona verir və bunu eşidən Peyğəmbərmizin gözləri yaşarır. Daha sonra Mələk Cəbrail bildirir ki, “Ya Rəsulullah onun şəhid olacağı yerdən bir parça torpaq gətirməyimi istəyirsənmi?”.

Peyğəmbər cavab verir ki, “Bəli”. Həzrət Cəbrəil ona bir ovuc Kərbəla torpağı verir və Rəsulullah ağlayaraq torpağı xanımı Ümmi Sələməyə verərək “Bu torpağı qana boyanan görəndə bil ki, Hüseyn şəhid edilib,” deyir. (Bu hədis İmam Qəzalinin “Sırrül-aləmin” əsərində, Əhməd bin Hənbəlin “Müsnəd” əsərində və İmam Beyhəqi, İmam Şəabi, İmam Hakim və b. Ravilər tərəfindən “Mişkətül-Məsabih” əsərində nəql olunmuşdur.) Peyğəmbərin söylədiyi başqa bir hədisindən şərəfli şəhadət yolunu seçən əziz nəvəsi Hüseyn əleyhissəlamın Kərbəla faciəsində dərin hüzn, kədər və müsibət olmasını öyrənirik. Böyük islam alimlərindən olan Beyhəqinin nəql etdiyinə görə, Hüseyn bin Əli öldürüləndə, Günəş elə tutulmuşdu ki, günorta çağı ulduzlar görünürdü. (Əbu Bəkr Beyhəqi, “Sünəni-Kübra” (Heydarabad nəşri, il 1344), cild III, səh. 337). Allah bu cinayəti törədənləri cəzasız qoymayıb, sağ ikən onları əzaba düçar edib. Bu barədə böyük islam tarixçisi İbn Kəsir yazır: “Əlinin oğlu Hüseynin qatillərinin aqibəti haqqında deyilənlərin əksəriyyəti səhihdir. Onların çoxu əqillərini itirib, ağır xəstəliklərə düçar olaraq dünyadan köçüblər.” (əl-Bidayə vən-Nihayə) Beləliklə, Kərbəla hadisəsini anlamaq hər bir insanın iman prinsipinə əsaslanır. Kərbəlanı öz şəxsi mənafeyinə, ideologiyasına görə şərh edənlər anlamalıdılar ki, bu böyük tarixi əhəmiyyətli hadisəni islam Peyğəmbəri əvvəlcədən xəbər verib, haqqın kimin tərəfində olduğunu bəyan edib. Bu məsələdə ifrata varmaq, tarixi hadisələri dəyişmək, təhrif etmək islama əl uzatmaq deməkdir. Kərbəla islamın şərəf löhvəsidir və onu dəyişmək, kiçikləşdirmək olmaz. Əsrlər keçməsinə baxmayaraq müsəlmanlarla yanaşı, digər əqidə ardıcılları da gənc nəslin tərbiyəsində, vətənpərvərliyin və milli ideologiyanın aşılanmasında Kərbəla hadisəsini nümunə göstərib, bir çox hallarda da uğur qazanıblar. Bu gün Həzrət Hüseyn əleyhissəlamın yolunu, əqidəsini və amalını yüksək səviyyədə təbliğ etməli, Həzrətin qəhrəmanlıqlarla dolu ömür yolunu gənc nəslə çatdırmalıyıq. Allaha iman anlayışının daxilində-vətənpərvərliyi, milli-mənəvi dəyərləri, milli qürur hissini və ailədaxili əlaqələri təhlil edib problemlərin düzgün həllinə çatmalıyıq.

Dİgər xəbərlər