332791
17:58
20 Avqust 2020

48 yaşına 8 gün qalmış: 22 il həbs, 1 milyard pul, otel otağında son - SƏBUHİ MƏMMƏDLİ YAZIR - VİDEO

Adı Nadir idi. Amma kriminal aləmdə “Quli” kimi tanınırdı. “Ürək” deməkdi gürcü dilində. Bəziləri bunu belə izah edirdilər: Çox ürkəli, cəsarətli idi. Amma yox, bu adı ona elə Nadirin özü kimi Gürcüstanda doğulan azərbaycanlı Otari Bədəlov (“Otar”) vermişdi. Onlar dost idilər. Ürək dostları.

***

1972-ci il avqustun 28-də Dmanisidə andan olmuşdu. Gənc yaşında Bakıya gəlmişdi. 1995-ci ildə 22 yaşlı “Quli” artıq Bakıda məşhur idi. Elə həmin il 15 il müddətinə azadlıqdan məhrum ediləndə o, insan oğurluğundan tutmuş bir çox cinayətlərdə ittiham edilirdi. Bir qədər irəli gedərək qeyd edək ki, 2005-ci ildə “Quli” yenidən məhkəmə qarşısına çıxarılacaq, onun həbs müddəti 27 ilə qədər uzanacaqdı. Amma “Quli” təbii ki 27 il həbsdə yatmadı. O, 2017-ci il oktyabrın 24-də azadlığa çıxdı. Amma 22 il də az müddət deyildi.

“Quli” həbsxanaya “qanuni oğru” kimi düşməmişdi. Ona bu ad 2000-ci ildə verildi. Həmin il aprelin 13-də Gürcüstan əsilli qanuni oğrular Raul Rustavski (“Kirya”) və Ceyran Rustavski 29 yaşlı Nadir Səlifova kriminal aləmin ən ali titulunu layiq görürlər. Nadir özünə “Quli” ləqəbini götürür.

“Quli” cəzasını bir neçə yerdə çəkmişdi: Böyükşor, Ramana, Puta həbsxanalarında. Amma həbsinin 10 ilini, hə, düz 10 ilini Qobustan qapalı tipli həbsxanasında keçirmişdi.

“Quli”nin vəkillərinin sözlərinə görə, o həbs edildiyi zaman Gürcüstanda verilən keçmiş SSRİ-nin pasportunu daşıyıb. İddiaya görə, “Quli” həbsxanada olduğu bu illərdə Azərbaycan vətəndaşlığı alması ilə bağlı rəsmi müraciət etməyib. Vəkillərindən birinin “Quli”yə istinadən dediyi bir cümlə də maraqlıdır: “Məni azad etsinlər, Azərbaycanda 1 saat belə qalmaram”.

“Quli” ilə Azərbaycanın ən titullu “oğrular”ı arasında problem vardı. Bu tarixçə Bayıl təcridxanasında baş vermiş bir hadisədən başlayıb. Belə ki, “Quli” oğru etiketlərinə zidd olaraq “böyük qardaş” - “Sabirabadlı Hikmət” kimi tanınan Hikmət Muxtarova əl qaldırıb.

İllərdir ki, “Quli”ni “oğru” hesab etməyənlər məhz onun “böyük qardaşa” əl qaldırmasını bağışlamırlar.

2009-cu ildə Hikmətin qətlini də “Quli”nin sifarişi hesab edənlər var. “Quli”ni “oğru” hesab etməyənlər bir neçə il əvvəl, hələ “Sabirabadlı Hikmət” sağlığında Moskvada 9 “oğru”nun toplaşdığı “sxodka”da qəbul edilən qərarı əsas gətirirlər. Həmin qərar “Quli”dən “oğru” adının alınması barədə olub. Bu şifahi qərar yazılı formada keçmiş SSRİ-nin əksər “zon”larına paylanılıb. Bundan sonra necə deyərlər azərbaycanlılar arasında kriminal müharibə başlayıb. Öldürülənlər sırasında bir çox “qanuni oğru”lar - “Sabirabadlı Hikmət”, “Otar”, “Nardaranlı Mirseymur”, “Ağbaş Çingiz”, “Qoca”, “Danabaş İlqar” və digərləri olub.

2005-ci ildə isə onun haqqında daha bir qalmaqallı cinayət işi açılıb. “Quli”yə və daha bir neçə məhkuma cəzaçəkmə müəssisəsində zorlama faktına, eləcə də ayrı-ayrı şəxslərdən qanunsuz pul tələb etdiyinə görə ittiham irəli sürülüb.



“Quli” sonadək bu maddələri qondarma, onun “oğru” adına ləkə gətirmək cəhdi kimi qiymətləndirərək, qətiyyətlə rədd edib.

2006-cı ilin iyununda Apelyasiya Məhkəməsində “Quli” zorlama maddəsi ilə bağlı bəraət alıb.

Həbsdə olduğu müddətdə “Quli” özünə kifayət qədər komanda toplaya bilmişdi. Onun, Moskva, Sankt-Peterburq, Saratov, Yekaterinburq, Samara və digər şəhərlərdə kriminal dairələrdə böyük nüfuzu vardı. Bu və digər rayonlarda əksər biznes obyektlərində ona ayrıca xərac gəlirdi. Rusiya KİV-ə inansaq, “Quli”nin varidatı 1 milyard dolları keçmişdi.

2000-ci illərin ortalarında “Quli” həbsdə ola-ola Rusiyadakı əksər bazar müharibələrindən qalib çıxmışdı.

Onun düşmənləri də az deiyldi. Elə azərbaycanlı oğrular arasında. Məsələn, azərbaycanlı oğrulardan Ceyhun Əsgərov (Gəncinski), Rafiq Eyvazov (Masallinski) və Cavid Məmmədov (Dato Ağcabədinski) Nadir Səlifova qarşı birləşmişdi.

Bu qruplaşmaya Dato Ağcəbədinski rəhbərlik edirdi. Gənc olmasına baxmayaraq, Cavid Məmmədov “Quli”yə meydan oxuyurdu. 2013-cü iyunun 27-də Yunanıstanda keçirilən “sxodka”da Dato Kutaiski, Zaza və Şikora Cavidə “qanuni oğru” adı vermişdi.

Amma “Lotu Quli” Cavidin oğru adını almasını qəbul etməmişdi. O bildirmişdi ki, şəxsən özü azərbaycanlılardan kimin bu ada layiq olduğuna qərar verə bilər.

“Quli”nin düşmənləri sırasına Hacı Beyləqanski və “Zayka” ləqəbli Zaur Əliyevi də əlavə edə bilərik.

Rövşən Lənkəranski ilə “Quli”nin arası isə Rusiyada tərəvəz və göyərti bazarının bölüşdürülməsi zamanı kəskinləşmişdi. 2016-cı ildə Lənkəranski İstanbulda güllələnəndə, bu qətldə “Quli” və onun ətrafı şübhəli bilinmişdi. Təsadüfi deyil ki, Lənkəranskinin ölümündən sonra Rusiyada onun klanının nəzarət etdiyi əksər böyük bazarlar məhz “Quli”nin əlinə keçmişdi.

2017-ci il oktyabrın 24-də “Quli”nin qəfil azadlığa çıxması açıq səmada ildırım çaxmasına bənzədi. Təsəvvür edin, “Quli” azadlığa çıxan kimi doğmaları və dostları ilə birlikdə dərhal Azərbaycanı tərk edir. Heç vətəni Dmanisidə belə ona bircə gün də olsa qalmağa imkan verilmir. Atasının və onun azadlığa buraxılmasından az öncə Tbilisidə qətlə yetirilmiş dostu Elşən Məmmədovun qəbrini ziyarət edəndən sonra Türkiyəyə yollanır.

Türkiyəyə gələndən sonra İstanbulda dəbdəbəli villada yaşayan “Quli” artıq postsovet məkanında və transmilli kriminal aləmdə söz sahibi idi. Onun, necə deyərlər briqadası bir çox ölkələrdə əməlli güc sahibinə çevrilmişdilər. Bu isə külli miqdarda qazancla bərabər, həm də yeni düşmənlər qazanmaq idi. Təsadüfi deyil ki, “Quli”yə Türkiyədə iki dəfə qəsd təşkil edilmişdi. Buna görə, o, bir neçə dəfə yerini dəyişmişdi. Bir müddət Dubayda və Doxada yaşamışdı.

“Quli” postsovet məkanında həqiqi mənada bir nömrəli qanuni oğru adına iddia edə bilərdi. “Quli”nin tərəfdarı çox idi. Xüsusilə, Vaqif Bakinski. Hazırda Moskvada yaşayan Vaqif Rusiya paytaxtındakı əksər bazarlara nəzarət edir. Onun indiyədək “Quli” ilə heç bir problemi olmayıb. “Quli”nin klanına daxil ola biləcək xeyli nüfuzlu qanuni oğru da var. Bu sıraya “Puxlıy”, “Kuşner”, “Nika”, “Qoça”, “Matsi”, “Merab Pipiya” kimi oğruların adını çəkmək olar.

Amma bu baş vermədi. Təkcə ona görə yox ki, “Quli öldürüldü”. Bəlkə də ona görə ki, onun bu iddiasına bir çox oğrular “Bizə kral lazım deyil” cavabını vermişdilər.

Hə, “Quli” öldürüldü. 48 yaşının tamamına 8 gün qalmış. Bəs yerdə kim və ya kimlər qaldı? Bax, bu ayrı bir yazının mövzusudur...

Bizimlə qalın!