10:15
19 Avqust 2020

Hamilə aktrisanın əri öldü, dəhşətli qəzanın qarşısı alındı, “Nərgiz xala” niyə qəzəbləndi? – Bizim filmlər

1962-ci ildə böyük Adil İsgəndərov İncəsənət İnstitutunda imtahan götürürdü, öz kursu üçün tələbə qəbul edirdi. Söhbət gəzirdi ki, Adil İsgəndərov komediya filmi çəkəcək, o film üçün aktyor yığır əslində. Söz ki var, bir ucu yalandırsa, o biri ucu doğrudur.

1963-cü ilin filmidir. Sabit Rəhmanın ssenarisi əsasında Adil İsgəndərov ekranlaşdırıb. Həm də kinoda rejissor kimi Adil İsgəndərovun ilk işidir.

1944-cü ildə “Fətəli xan” filmini çəkməyə başlamışdı, amma hansısa səbəblərdən yarımçıq qalmışdı. Nəticədə həmin filmi 1947-ci ildə hansısa Yefim Dziqan çəkmişdi. Təsəvvür edin də, Fətəli xan və Yefim Dziqan… Nə isə, mətləb “Əhməd haradaır?” filmidir. Lent.az “Bizim filmlər” layihəsində “Əhməd haradadır?” komediyasından danışır.

Adil İsgəndərovun birinci kursu bütünlüklə filmə dəvət olunub. Amaliya Pənahova, Əbdül Mahmudov, Novruz Axundov, Fikrət Əliyev, Elxan Qasımov, Ramiz Muradov və sair.

Film çox pozitiv başlayır, kənd həyatı, kənd mənzərələri. Filmlər var ki, adam baxanda orda, hadisələrin və ordakı həyatın içində olmaq istəyir. “Əhməd haradadır?” filmi də onlardandır.

Film Hacıkənddə, Ağdaşda, Göygöldə çəkilib. Nar yığımı səhnəsi Ağdaşda, Sürücü Əhmədin maşınını Nərgiz xalanın qaçırdığı səhnə Hacıkənd yolunda lentə alınıb. Bu səhnə barədə hələ söhbətimiz olacaq.

Elə ilk kadrlardan düşürsən o aləmə və axınla gedirsən. Əhməd (Səyavuş Şəfiyev) Bakıdan gəlir dostları ilə eyni maşınla. Kəndlərinə çatanda körpünün üstündə onların yolunu mal-qara kəsir. Əhməd öz kəndlərinin mal-qarasını yoldan uzaqlaşdırmaq üçün əlinə böyük bir dəyənəyi alıb, düşür malların üstünə. Leyla kənardan bunu görür, gəlib Əhmədin əlindən dəyənəyi alıb, acıqla “vurma” - deyir, sonra da ağacı ona qaytarıb, heyvanlara da nəzakətlə yanaşıb onları aparır. Kənd qızının Bakıda təhsil alan gəncə “həyat dərsi”.

Sonra Əhməd anası ilə görüşür, birlikdə bacısının üzüm yığdığı sahəyə gəlirlər. Ceyran (Nona Paçuaşvili) üzümü elə yığır ki, elə bil səhnədə konsert verir.

Bayaq dediyim pozitivliyə qayıdıram, film kimi öz-özlüyündə xoş əhval-ruhiyyə yaradır, insanı əməyə, kollektivçiliyə səsləyir. Təbii, sovet filmidir, ideologiyaya işləyir. İş ondadır ki, həmin sovet quruluşunun özü kimi reallıqdan uzaqdır. Üzüm yığmaq, mal otarmaq, ev tikmək heç də kinoda göründüyü kimi musiqili, romantik işlər deyil, əksinə, çox ağır zəhmət və güc, iradə tələb edən işlərdir.

İlk kadrlardan birində Əhmədin atası Şirin kişi (Məmmədrza Şeyxzamanov) internat məktəbinin açılışında çıxış edir: “Bu internat məktəbinə xoş gəlmisiniz. Bu yaxınlarda təzə hamam da tikəcəyik, çarhovuzu da olacaq”.

Əslində, bu günün kinosunun sovet kinosundan öyrənməli çox mətləbləri var. İlk növbədə ideologiyaya işləmək, maarifləndirmək, kökündən-təməlindən bəhrələnib, onu möhkəm qoyub, sonra göydələnlərə qalxmaq baxımından.

Bura qədər onu deyim ki, Əhməd roluna namizəd çox axtarılmayıb. Səyavuş Şəfiyev sirk artisti idi və elə ilk sınaqdan Adil İsgəndərov onun üzərində dayandı.

Dostları “uzundraz Oqtay”la, “saqqal Ramiz”in axtarışları üçünsə yaradıcı heyət üz tutub İncəsənət İnstitutuna. Demək olar ki, sözügedən bir kursun bütün tələbələri Oqtayla Ramiz roluna sınaq çəkilişlərində olublar. Nəhayət, Səyavuş Aslanla Novruz Axundov seçilirlər.

Səyavuş Aslanı hamı tanıyır. Novruz Axundov İncəsənət İnstitutunda oxuya-oxuya məktəbdə müəllim işləyirmiş. Onun bu rola çəkilməsinin səbəbkarı filmin Moskvadan gəlmiş operatoru Yuli Fogelman olub. Təkidlə uzundraz Oqtay obrazına onun çəkilməsini istəyib. Bu üçlük filmdə çox maraqlı alınıb. Bəzən ssenaridə olmayan improvizələri də komediya janrına xidmət edib.

Məsələn, pilləkənlərin üstündə üçünün özlərini Leylaya təqdim etməsi bədahətən alınıb. Adil İsgəndərovun kursu çəkilməyə çəkilirdi, amma kimin hansı rola çəkilməyinin söhbəti gedirdi. Daha demirdilər ki, Adil İsgəndərov onları qəbul edəndə artıq hansını hansı rola gözaltı edibsə, onu da çəkəcək. Yəqin, rejissor operatorun da baxışlarını nəzərə aldığı üçün sınaq çəkilişlərinə mane olmayıb.

Leyla ilə Ceyran obrazlarına aktrisa axtarışı çox uzun çəkib.

Leylaya sınaq çəkilişləri saysız-hesabsız olub, nəhayət, bir nəfəri seçiblər, ad-soyadını öyrənəndə biliblər ki, ermənidir, Adil İsgəndərov onu çəkməyə etiraz edib.

Adil İsgəndərov milli filmlərimizdə başqa millətlərin baş rollara, xüsusən ermənilərin çəkilməsinə imkan verməzmiş. Özü kinostudiyaya rəhbərlik edəndə bunu başqa rejissorlardan da tələb edib. Bu filmdə də bir gürcü aktrisa, bir də filmin operatoru başqa millətdəndir.

Leyla roluna isə “Qızmar günəş altında” filminə çəkilmiş fortepiano müəlliməsi Töhfə Əzimovanın namizədliyi veriləndə məlum olub ki, onun həyat yoldaşı Kinostudiyada rəssamdır və artıq ailə qurandan sonra kinoya çəkilmir.

Adil İsgəndərov rəssamı çağırıb xahiş edir ki, xanımını sınaq çəkilişinə gətirsin. Töhfə Əzimova bu rola sınaq çəkilişindən keçəndən sonra rəssam Adil İsgəndərova sadəcə yox deyə bilməyib. Beləcə, milli Leyla tapılandan sonra qalıb milli Ceyran.

Bu yerdə Əhmədin bacısı ilə görüşü səhnəsindən danışmaq istəyirəm.

Əhməd başına üzüm səbətini keçirib bacısına sürpriz eləmək istəyir. Ceyran – qardaşım deyib Əhmədi qucaqlayır… Belə soyuq, lap gürcü qızı kimi.

Azərbaycan qızı çoxdan görmədiyi qardaşını elə qarşılamır. Boynunu qucaqlayıb, bir yarım saat sıxandan sonra üz-gözündən marça-marçla öpəcək, çəkilib kənardan boy-buxununa baxıb, bir də təkrar qucaqlayacaq.

Adil İsgəndərov da Bakıda tapa bilmədiyi Ceyranı nədənsə gedib Gürcüstanda axtarmağa. Burda bir müəmma var, onu yəqin ki, yalnız özü bilib. Kənardan aktyor çəkməyən adam özü öz ayağı ilə gedib Tiflisə və tələbə yoldaşı rejissor-pedaqoq Dodo Aleksidzedən Ceyran xəbər alıb.

Qalanını Ceyran rolunun ifaçısının dilindən eşidirik: “Mənim müəllimim Dodo Aleksidze Ceyran rolu üçün aktrisa axtardığını, tələbələrə baxmaq istədiyini dedi. Mən o vaxt ikinci kursda oxuyurdum. Biz bir neçə etüdlər göstərdik. Adil İsgəndərov məni görən kimi "bu qız, Ceyranı tapdım" dedi. Sonra mənim sarı saçlarımı, qaşlarımı qara rəngə boyadılar. Yadımdadır, bu rola çəkilməyi həm istəyirdim, həm də yox. Qəribə bir təzad içindəydim. Amma yenə də sonunda getdim. Bu rola da təsdiqlənməyimə hələ də təəccüblənirəm. Bilmirəm, çilli, kürən, qıvrımsaç gürcü qızı ilə azərbaycanlı Ceyran arasında nə bənzərlik tapılıb. Sanki o boyda Azərbaycanda

Ceyran tapmaq çox müşkül imiş. Kaş ki, heç seçilməsəydim...”

Bu kaş ki, seçilməsəydim… sözündə bir nisgil var aktrisanın. Nona Paçuaşvili gəlir Bakıya film çəkilişlərinə. Yeni ailə qurduğundan yoldaşı Tamaz da az sonra onun arxasınca Bakıya gəlir. Mehmanxanada bir yerdə qalırlar. Tamaz fars dili mütəxəssisi olub. Xüsusi vallarda fars dilindən mətnləri dinləyib öyrənirmiş. Valı qoyub dinlədiyi qurğuda nasazlıq olur, onu düzəltmək istəyəndə Tamazı cərəyan vurur. Nona dərhal təcili yardım çağırır, amma kömək edə bilmirlər, Tamaz dünyadan köçür.

Həmin vaxt Nona dörd aylıq hamilə imiş. Həyat yoldaşının cansız cismini Gürcüstana yola salandan sonra filmin çəkilişlərində çətinliklə iştirak edib, könülsüz. Ona görə də obrazı elə də parlaq alınmayıb, rejissorsa ona mizan verməkdə çətinlik çəkib, necə istəyib, elə də çəkilib. Yoldaşının dəfnindən qayıdandan sonra hamiləliyi bəlli etdiyindən filmin bəzi səhnələri hətta ya təxirə salınıb, ya da kənardan çəkilib. Məsələn, Əhmədlə Ceyranın rəqs və mahnı səhnələri daha çox olmalıymış. Elxan Qasımov həm də rəqqas olduğundan rəqs səhnələrinin “yanmasına” çox təəssüflənir.

Yoldaşının adını oğluna qoyub Nona. Çəkildiyi filmə də uzun illər sonra baxıb, “Əhməd haradaır?” filminin Bakıda keçirilən yubileyində.

Film həm də şofer Əhməd rolunun ifaçısı Elxan Qasımovun kinoda ilk işidir. Hərçənd operator bu rola milliyyətcə yəhudi aktyor İqor Kvaşanı təklif edib, amma Adil İsgəndərov razılaşmayıb. Adil İsgəndərovun kursundan olan Elxan Qasımovu operator çəkmək fikrində olmayıb. Yəhudi operatorun xanımı “Elxan Qasımovun dodaqları çox qalındır, o rola yaramır” - deyib. Operator da bunu rejissora pıçıldayıb. Adil İsgəndərov – “qada, Elxan Qasımovu sənin arvadın üçün seçmirik e, rola seçirik” - deyib.

Aktyor həm də rəqqas olduğundan çevik hərəkətləri filmdə işə yarayıb. Məsələn, bəzi səhnələrdə tryukları özü həyata keçirib. Elə sürücü Əhmədin Ceyrandan razılıq cavabı aldığı yerdən yıxılmasını. Üç metr hündürlükdə tikinti çalasına yıxıldığı səhnəni aktyor özü oynayıb. Ayağında da Mahmud Esenbayev “Mən rəqs edəcəyəm” filminə çəkiləndə onun üçün məxsusi tikilmiş rəqs ayaqqabısı olub. Qıvraqlıq üçün film boyu Elxan Qasımov onun ayaqqabısını geyinib ki, yerişini yeriyə bilsin – yəni hərəkətləri qıvraq olsun.

Elxan Qasımov danışır ki, Gəncədə, Göygöldə çəkilişlər zamanı əhali onlarla çox isti rəftar edirdi: “Evlərinə qonaq çağırmaq üçün növbəyə dururdular. Təsəvvür edin, Məmmədrza Şeyxzamanov, Mustafa Mərdanov, Nəcibə Məlikova, onların da kölgəsində Siyavuş, mən... insanlar bu aktyorları yaxından gördüklərinə çox sevinirdilər. Kino çəkilişi o vaxt hadisə sayılırdı. Hamı o hadisənin iştirakçısına çevrilmək istəyirdi”.

Aktyor filmin ən maraqlı və ekstremal kadrından da söhbət açdı: “Göygöl-Hacıkənd yolunda çəkirdik Nərgiz xalanın mənim maşınımı qaçırtdığı yeri. Sürücü kabinənin aşağısında oturmuşdu, yəni Nəcibə xanımın ayaqlarının yanında. Maşın yavaşca hərəkət etməli, mən də arxasınca qaçmalı idim. Kadr deyən kimi maşın başladı arxaya hərəkət etməyə. Mən də tez qaçıb tullanıb kabinənin qapısını açdım, əyləci basıb, maşını saxladım. Sürücü özünü itirmişdi. Ayağımı əyləclə bərabər Nəcibə xanımın ayağına da basmışam, kapron corabı cırılıb. Nəcibə xanım qəzəbləndi, mən də pərt oldum. Adil müəllim dedi ki, Nəcibə xanım, elə olmasaydı, maşın arxaya sürət alıb aşa bilərdi. Sonra aktrisa “yaxşı, gəl çəkilək” - dedi”.

Eldəniz Zeynalov da ilk dəfə bu filmlə gəlib kinoya.

Filmin dekorasiyası kinostudiyanın pavilyonunda qurulub. Əliağa Ağayevin çəkildiyi kassa səhnəsi tamamilə kartondan qurulmuş dekorasiyadır. Aktyorun yediyi yemək isə dekorasiya deyil, qoyun içalatının qızartmasıdır. Səhnə çəkilib bitincəyə qədər hamısını özü həzm-rabitədən keçirib.

Başını daz qırxdırıb, özünə uzun bığ qoymaq aktyorun şəxsi təşəbbüsü olub. Əliağa Ağayev kassada işləyən adamı elə təsəvvür edib, rejissor da qəbul edib.

“Ode…taksi, min, get… Get də…”

Filmdəki ev tikintisində çəkilən səhnələr o vaxt Bakıda Şərifzadə küçəsində aparılıb. Yasamalın tikilməsi bu filmlə tarixə düşüb.

Filmi Moskva senzurası əvvəlcə qəbul edilməyib, deyiblər ki, komediya kimi zəif alınıb. Bu səbəbdən çox az tirajla ekranlara buraxılıb. Tezliklə Türkmənistan, Özbəkistan, Rusiyanın müxtəlif şəhərlərindən Moskvaya bu filmi göndərmək üçün sifarişlər gəlib. Beləliklə, film SSRİ-də ən çox nümayiş olunan filmlərdən biri olub. (Aydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013)

Akademik Cəfər Cəfərov yazır ki, filmin dramaturgiyası yarıdan sonra get-gedə zəifləyir. Film daha çox film-konsertə oxşayır. (Aydın Kazımzadə, "Kinosalnamə" verilişi, 09.11.2013)

Qayıdıram, əvvəldə dediyim səhnəyə: “Hamam tikəcəyik, çarhovuzu da olacaq…” - dillərə düşmüş “bayatıdır”.

“Əhməd haradadır?” filmindən belə sitatlar bu günə qədər dillər əzbəridir:

“Arvad nədir? Kişini evə bağlayan kəndir!”

“Hə... qəmədiyə düzəltmisiz?”

“Əhməd, toyundur e..”

“Qızı biyabır elədik, qızı!”

“Sən hələ Nərgiz xalanı tanımırsan!”

“Zülümov dedi, qutardı!”

“Əhmədlərin hamısını çağırdım ki, işi birdəfəlik həll edək” və sair…sadaladıqca bitməz. Moskva senzurası bu ifadələrin duzunu hardan anlayardı ki, komediya olduğunu da bilsin…

Hardan bilsin ki, Lütfəli Abdullayev, Bəşir Səfəroğlu çəkilən film komediya olmasa da komediya kimi görünəcək. Ağahüseyn Cavadovun simasından komediya yağır.

87 dəqiqəlik filmin bəstəkarı Rauf Hacıyevdir. Filmi səsləndirənlərin də əməyi az deyil. Hər obrazın özünə uyğun səsin tapılması az iş deyil. Yusif Vəliyev Şirin rolunda Məmmədrza Şeyxzamanovu səsləndirib. Həsənağa Turabov Əhməd - Səyavuş Şəfiyevi. Müxlis Cənizadə Sürücü Əhməd - Elxan Qasımovu. Sofa Bəsirzadə Ofeliyanı. Hökumə Qurbanova Leyla rolunda Töhfə Əzimovanı səsləndirib.

1964-cü ildə ekranlara çıxmış Azərbaycan komediyası “Əhməd haradadır?” filmindən danışdıq. Bu janrda yeni filmimizdən danışmaq arzusu ilə…

Dİgər xəbərlər