Dünyanın bu günü  - VİDEO
15 avqust 2020 09:07 (UTC +04:00)

Dünyanın bu günü  - VİDEO

1. AZƏRBAYCAN MANATI

(1992)

1992-ci il avqustun 15-də Azərbaycanın milli pul vahidi olan manat tədavülə buraxılıb. Manatın ilk eskizlərinin müəllifi Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadədir. 1992-ci ilin avqustunda 1, 10 və 250 manatlıq, noyabrında 5, 10, 20 və 50 qəpiklik, dekabrda 5 manatlıq, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq pul vahidləri dövriyyəyə buraxılıb. Azərbaycan Prezidenti Heydər Əliyevin 1993-cü il 11 dekabr tarixli “Azərbaycan Respublikası milli valyutasının respublika ərazisində yeganə ödəniş vasitəsi elan olunması haqqında” Fərmanı ilə manatın dövriyyədə yeganə ödəniş vasitəsi olması təsbit edilib. 1994-cü ildə 10 min manatlıq, 1996-cı ildə isə 50 min manatlıq, 2001-ci ildə 1000 manatlıq əsginaslar çap etdirilərək dövriyyəyə buraxılıb. Köhnə nominallı pul nişanları 2006-cı ilin sonuna qədər tədavüldə olub və denominasiya çərçivəsində dövriyyədən geri yığılıb. 2005-ci il fevralın 7-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında” Fərman imzalayıb. Fərmana uyğun olaraq 2006-cı il yanvarın 1-dən etibarən yeni manata keçidlə əlaqədar 1 yeni manat (AZN) 5000 köhnə AZM-ə bərabər tutulub. AZM və AZN 1 il ərzində – 2006-cı ildə birgə dövriyyədə olub, 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edilib. Dövriyyəyə buraxılan yeni manat 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan əsginaslar və 1, 3, 5, 10, 20, 50 metal pul nişanlarından ibarət olub. Yeni manatın dizaynı ilə bağı müsabiqənin qalibi Avstriyanın "OeBS" şirkətinin dizayneri, avronun müəllifi Robert Kalina olub. Yeni nəsil pul nişanlarının texniki parametrləri isə İsveçrə Milli Bankının texniki dəstəyi ilə hazırlanıb. 2018-ci il mayın 23-də yeni 200 manatlıq pul nişanı təqdim olunub.

2. XURŞİDBANU NATƏVAN

(1832-1897)

Azərbaycanın görkəmli şairəsi, Qarabağ xanı Mehdiqulu xan Cavanşirin qızı Xurşidbanu Natəvan 15 avqust 1832-ci ildə Şuşada anadan olub. Mehdiqulu xan qızına öz anası Xurşidbanunun adını verib. Ailənin yeganə övladı, həm də Qarabağ xanlıqlarının sonuncu vərəsəsi olduğu üçün onu sarayda “Dürrü yekta” - “Tək inci”, el arasında isə “Xan qızı” çağırıblar. Azərbaycan mədəniyyətində və ictimai həyatında dərin izlər qoyan şairə yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlayıb. İlk vaxtlar “Xurşid” imzası ilə şeirlər yazıb. Şuşada “Məclisi-üns” ədəbi məclisini təşkil edib. 1873-cü ildə Şuşaya su kəməri çəkdirib. Bu su kəməri indi də “Xan qızı bulağı” adı ilə məşhurdur. Bədii tikmələri, “Gül dəftəri” adlı albomundakı rəsmlər həm də istedadlı rəssam olduğunu sübut edir. Xurşidbanu Natəvan 1 oktyabr 1897-ci ildə vəfat edib.

3. İSMAYIL XAN ZİYADXANOV

(1867-1920)

Azərbaycan Xalq Cümhuriyyətinin dövlət xadimi, diplomat İsmayıl xan Əbülfət ağa oğlu Ziyadxanov 1867-ci ilin bu günü Gəncə şəhərində anadan olub. İlk təhsilini Gəncə gimnaziyasında alıb, daha sonra Moskva Universitetinin Hüquq fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Tiflis dairə məhkəməsində prokuror müavini vəzifəsində işə başlayıb. Azərbaycanın milli istiqlal hərəkatının fəal üzvləri sırasında yer alaraq, 1906-cı ildə Yelizavetpol quberniyasından 1-ci Dövlət Dumasının deputatı seçilib. Dumanın müsəlman fraksiyasının Büro üzvü və "Xalq Azadlığı" partiyasının üzvü olub. Rusiya 1917-ci il Fevral burjua inqilabından sonra Gəncədə ictimai təşkilatların icraiyyə komitəsini təşkil edib və şəhər milisinin rəisi təyin edilib. Azərbaycan Xalq Cümhuriyyətinin 2-ci hökumətinin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin 1-ci müavini vəzifəsinə təyin edilib. 1919-cu ilin yazında İran hökuməti ilə danışıqlar aparmaq üçün Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə diplomatik missiyasına rəhbərlik edib. Azərbaycanın bolşevik işğalından sonra - 5 may 1920-ci ildə Azərbaycan İnqilab Komitəsinin xüsusi dekreti ilə İsmayıl xan Ziyadxanovun mülk və torpaqları müsadirə edilib, özü isə hərbi səhra məhkəməsinin qərarı ilə güllələnib.

4. ƏNVƏR MƏMMƏDOV

(1923)

Azərbaycan-sovet diplomatı və jurnalisti, SSRİ Dövlət Televiziya və Radio Yayımları Komitəsi sədrinin birinci müavini Ənvər Nazim oğlu Məmmədov 1923-cü il avqustun 15-də Bakı şəhərində dünyaya gəlib. Yeddinci sinifdən çilingər köməkçisi işləməyə başlayıb, məktəbi bitirdikdən sonra 1941-ci ilin iyun ayında aviasiya məktəbinə daxil olub. Lakin tezliklə aldığı zədə ilə əlaqədar məktəbdən çıxmalı olub. Bundan sonra Bakıya qayıdıb və Qızıl Ordu Baş Qərargahının kəşfiyyat xidmətində hərbi tərcüməçi kurslarına göndərilib. İkinci Dünya müharibəsində iştirak edib. 1943-cü ildə ordudan tərxis edilərək, SSRİ Xarici İşlər üzrə Xalq Komissarlığında işləməyə göndərilib. 1944-1945-ci illərdə İtaliyadakı sovet səfirliyinin mətbuat katibi işləyib. 1950-ci ilin fevralınadək SSRİ Xarici İşlər Nazirliyi sistemində müxtəlif vəzifələrdə çalışıb. 1953-cü ildə Birinci Moskva Dövlət Xarici Dillər İnstitutunu bitirib. 1959-cu ilədək SSRİ-nin ABŞ-dakı səfirliyində müşavir-nümayəndə və "USSR" jurnalının baş redaktoru, 1959-1960-cı illərdə "Sovinformbüro"nun baş redaktoru və sədrin birinci müavini olub. 1961-ci ildə "Novosti" mətbuat agentliyi sədrinin birinci müavini və siyasi şərhçisi təyin edilib. 1962-1985-ci illərdə SSRİ Dövlət Televiziya və Radio Yayımları Komitəsi sədrinin birinci müavini olub. 1964-cü ilin avqustunda Aleksandr Yakovlevlə birlikdə "Mayak" radiosunun yaradılmasında iştirak edib. 1986-1992-ci illərdə "Novosti" mətbuat agentliyinin siyasi şərhçisi, RİA-radionun məsləhətçisi işləyib. Hazırda "RİA Novosti" agentliyində baş redaktorun məsləhətçisidir.

5. PİRİCAN CƏBİYEV

(1928-2000)

Azərbaycanın ilk televiziya operatoru, əməkdar incəsənət xadimi Pirican Ağahüseyn oğlu Cəbiyev 15 avqust 1928-ci ildə Balaxanıda dünyaya gəlib. Kənd klubunda kinooperator işləyərkən 1956-cı ildə Respublika Radio Verilişləri Komitəsinin sədri Ənvər Əlibəyli ilə tanış olub və televiziya studiyasında kinomexanik vəzifəsinə qəbul edilib. İlk filmi 1956-cı il fevralın 14-də televiziya ilə nümayiş etdirilən "Bəxtiyar" olub. 35 il müddətində adi operatordan ali dərəcəli operator vəzifəsinə kimi yüksəlib və televiziya operatorlarına başçılıq edib. Arif Babayev və Rauf Kazımovski kimi rejissorlar, Natəvan Hacıyeva, Roza Tağıyeva və Tamilla Ələkbərova kimi diktorlar, İsa Qasımov və Sabir Rəsulov kimi redaktorlarla birlikdə Mehdi Hüseyn küçəsində televiziya studiyasının açılmasının ilk iştirakçılarından və milli televiziyamızın canlı tarixinin yaradıcılarından biri olub. Pirican Cəbiyev 2000-ci il martın 17-də vəfat edib.

6. AFAQ BƏŞİRQIZI

(1955)

Azərbaycanın xalq artisti, teatr və kino aktrisası Afaq Bəşir qızı Səfərova 1955-ci ilin bu günü Bakıda böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub. 1962-ci ildə 31 saylı orta məktəbin 1-ci sinfinə gedib, 1972-ci ildə 20 saylı orta məktəbi bitirib. Sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə verib, lakin müsabiqədən keçməyib. Bir müddət Tibb işçiləri Mədəniyyət Evinin dram dərnəyinə gedib. 1974-1979-cu illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. Aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. 1975-1989-cu illərdə Sumqayıt Dövlət Dram Teatrında çalışıb. "Bəxt üzüyü" tamaşasında və eyniadlı filmdə yaratdığı Söylü obrazı ona ümumxalq sevgisi qazandırıb. Milli azadlıq hərəkatında fəal iştirakına görə bir müddət həbsdə olub. Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə "Qızıl Dərviş" mükafatı, "Şöhrət” ordeni, Prezident Mükafatı və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilib. Prezident təqaüdçüsü Afaq Bəşirqızı hazırda Azərbaycan Dövlət Akademik Musiqili Teatrında çalışır.

7. HEYDƏR HÜSEYNOV

(1908-1950)

Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, ictimai xadim, elm təşkilatçısı, fəlsəfə elmləri doktoru, professor Heydər Nəcəf oğlu Hüseynovun anım günüdür. O, 1908-ci il aprelin 3-də İrəvanda tacir ailəsində anadan olub. 12 yaşında Bakının 18 saylı məktəbinin şagirdi olub. 1927-1931-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun şərqşünaslıq və pedaqoji fakültələrinin tələbəsi olub, ərəb və fars dillərini mükəmməl öyrənib. Əmək fəaliyyətinə 1924-cü ildən başlayıb, pedaqoji texnikumun kitabxanasında işləyib. 1931-1932-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İnstitutunun aspirantı, 1936-1940-cı illərdə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialında Ensiklopediya və Lüğətlər İnstitutunun direktoru, 1939-1945-ci illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının sədr müavini, 1945-1950-ci illərdə Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti olub. Eyni zamanda Akademiyanın ictimai elmlər bölməsinə rəhbərlik edib. 1943-1945-ci illərdə Azərbaycan Dövlət Universitetində kafedra müdiri, 1945-1950-ci illərdə Azərbaycan SSR KP MK yanında Partiya Tarixi İnstitutunun direktoru vəzifələrində çalışıb. Lakin ona qarşı respublika rəhbərliyi səviyyəsində dözümsüzlük başladığından, 1950-ci ilin mayında Azərbaycan SSR KP MK-nın Büro iclasında ciddi tənqid edilib. Sovet Azərbaycanının rəhbərliyi tərəfindən onun aldığı Stalin mükafatlarından məhrum edilməsi haqqında SSRİ Nazirlər Soveti qarşısında qaldırılan vəsatət təmin edildikdən sonra Kommunist Partiyasından çıxarılıb və Elmlər Akademiyasındakı vəzifələrindən azad edilib. Həbs olunacağını təxmin edən Heydər Hüseynov 15 avqust 1950-ci ildə damarlarını kəsməklə intihar edib. Məzarı 1956-cı ildə Fəxri Xiyabana köçürülüb.

8. MƏHLUQƏ SADIQOVA

(1917-2003)

Azərbaycanın xalq artisti, aktrisa Məhluqə Ələsgər qızı Sadıqovanın xatirə günüdür. O, 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini bitirib, eyni zamanda rəqs və dram dərnəklərində məşğul olub. 54 il Akademik Milli Dram Teatrının truppasında çalışıb, daha sonra Bakı Bələdiyyə Teatrında aktrisalıq edib. "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Lənkəran xanının vəziri", "Atayevlər ailəsi", "Şadlıq sorağında" və başqa tamaşalarda çıxış edib. Qırx ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin əvəzsiz ifaçılarından biri olub. Məhluqə Sadıqova 2003-cü il avqustun 15-də Bakıda vəfat edib.

9. HƏBİB BAYRAMOV

(1926-1994)

Azərbaycanın xalq artisti, tarzən Həbib Əbdül Hüseyn oğlu Bayramovun anım günüdür. O, 14 iyun 1926-cı ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində həm təhsil alıb, həm də müəllim çatışmadığı üçün burada muğam sinfində dərs deyib. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi Azərbaycan Xalq Çalğı Alətləri Ansamblında çalışıb, 1949-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının Qastrol-Konsert Birliyi təşkil olunduqdan sonra isə bu birliyin solisti olub. 1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri Ansamblının bədii rəhbəri olub. Onun ifa etdiyi “Segah”, “Humayun”, “Bayatı-Qacar” muğamları radionun “Qızıl Fond”unda saxlanılır. Xalq artisti, müğənni Tükəzban İsmayılova ilə evli olan Həbib Bayramov 1994-cü il avqustun 15-də vəfat edib və Bakıda II Fəxri Xiyabanda dəfn olunub.

10. VİKTOR TSOY

(1962-1990)

Sovet rok musiqiçisi, Koreya əsilli şair və rəssam, "Kino" rok qrupunun yaradıcısı və rəhbəri Viktor Robertoviç Tsoy da bu gün xatırlanır. O, 21 iyun 1962-ci ildə Sankt-Peterburqda anadan olub. 17 yaşından mahnı yazmağa başlayıb. 1974-1977-ci illərdə Rəssamlıq Akademiyasında təhsil alıb. Bu illərdə "Palata №6" adlı qrupda bas-gitarist kimi fəaliyyət göstərib. İncəsənət məktəbindən davamiyyət səbəbinə görə xaric edildikdən sonra texniki-peşə məktəbində ağac oyma sənəti üzrə oxuyub. 1982-ci ildə "45" adlı ilk albomunu buraxıb. "İynə" filmi ona böyük populyarlıq gətirib. Viktor Tsoy 15 avqust 1990-cı il Latviyada baş verən avtomobil qəzasında həlak olub və avqustun 19-da Sankt-Peterburqda dəfn olunub.

11. RİZVAN MƏMMƏDOV

(1966-1992)

Şəhid Rizvan İdris oğlu Məmmədovun xatirə günüdür. O, 10 yanvar 1966-cı ildə Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində anadan olub. 1984-cü ildə hərbi xidmətə çağırılıb, Xarkov şəhərində hərbi məktəbə təyinat alıb. Məktəbi leytenant rütbəsi ilə bitirdikdən sonra bir müddət Dnepropetrovsk şəhərində hərbi hissədə işləyib. Azərbaycan Milli Ordusunun yaranması ilə əlaqədar Vətənə qayıdıb, Dəllər batalyonunda döyüşüb. Hərbi bilik və bacarığına, Başkənd uğrunda gedən döyüşlərdə fərqləndiyinə görə kapitan rütbəsinə layiq görülüb. Rizvan Məmmədov 1992-ci ilin avqustunda Gədəbəyin Şınıx bölgəsində gedən şiddətli döyüşdə qəhrəmancasına həlak olub.

12. ŞAHİN QASIMOV

(1973-1992)

Şəhid Şahin Yaqub oğlu Qasımov da bu gün xatırlanır. O, 1973-cü il martın 23-də Cəbrayıl rayonunun Karxulu kəndində anadan olub. 1990-cı ildə kənd orta məktəbini bitirib və sovet ordusu sıralarına çağırılıb. Ermənistanın Azərbaycana hərbi təcavüzünün başlanması ilə əlaqədar Rusiyada hərbi xidmətini yarımçıq qoyaraq, Cəbrayıl rayonuna qayıdıb və könüllü özünümüdafiə dəstəsinin sıralarına qoşulub. "Günəşli" yüksəkliyinin düşməndən geri alınmasında, Hadrut rayonunun 15 kəndinin, "Quşçular" və "Amudlu" postlarının azad olunmasında, "Sur", "Ağ yol" və bu kimi bir neçə əhəmiyyətli əməliyyatda iştirak edib. Şahin Qasımov 15 avqust 1992-ci ildə Şişqaya yüksəkliyi uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.

# 1714
avatar

Oxşar yazılar