Xəzərin ətrafındakı 10 hektar ərazi təmizləndi - AKSİYA
12 avqust 2020 15:41 (UTC +04:00)

Xəzərin ətrafındakı 10 hektar ərazi təmizləndi - AKSİYA

“Xəzər günü” ilə əlaqədar Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağının təmizlənməsi davam edir.

Belə tədbirlərdən biri bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və "Xəzər" televiziyasının təşəbbüsü ilə Abşeron milli parkının Xəzər sahili sanitariya-mühafizə zonasında baş tutub.

Nazirlikdən Lent.az-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin ekoloji durumunun yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və Xəzərin unikal dəyərlərinin mühafizəsində cəmiyyətin bütün təbəqələri ilə  əməkdaşlığı gücləndirməkdir.

Karantin rejiminin qaydalarına əməl olunmaqla keçirilən aksiyada ETSN-nin, Xəzər televiziyasının və Su Nəqliyyatında Polis idarəsinin əməkdaşları, BMT-nin İnkişaf Proqramının, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, “Nargis” jurnalının, “EkoSfera” Sosial-Ekoloji Mərkəzinin nümayəndələri, müasir kreativ incəsənət təmsilçiləri və ekokönüllülər iştirak edib.

Xəzərin çirklənmədən qorunmasına, balıq ehtiyatlarının  bərpasına və mühafizəsinə diqqət çəkən aksiya zamanı 10  hektara yaxın ərazi plastik və digər məişət tullantılarından təmizlənib,  tullantılar çeşidlənərək aidiyyəti üzrə daşınıb.

“Xəzər günü”nə həsr olunmuş tədbir  sonra Abşeron milli parkında  davam edib.

Burada iştirakçılara “Özün yarat” müsabiqəsinin  yaradıcılıq nümunələri, “Nargis” jurnalının ekoloji layihələrinin təsvirləri, müasir rəssamların instalyasiya janrında tullantılardan yaratdığı kreativ incəsənət nümunələri,  təbii resurslardan alınan  təbiət kollajları nümayiş etdirilib.

Xatırladaq ki, 2006-cı il avqustun 12-dən Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.

 

# 1843
avatar

Aygün İbrahimli

Oxşar yazılar