Türkiyədə bu balıqlar məhv ediləcək - SƏBƏB
10 avqust 2020 18:17 (UTC +04:00)

Türkiyədə bu balıqlar məhv ediləcək - SƏBƏB

Türkiyə dənizlərinə Süveyş kanalı vasitəsilə daxil olan balon balıqlarının sayı gündən-günə artır.  

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, invaziv növlər arasında yer alan balon balığının sayının artmasında qlobal istiləşmənin payı var.  

Türkiyəli mütəxəssislərin açıqlamasına görə, Hind okeanı əsilli olan bu balıq növünün artmasının və Türkiyədə dənizləri istila etməsinin qarşısını almaq çətinləşib.

Narahatedici məqam isə ondan ibarətdir ki, bu növ balıqlar zəhərli olduqlarından ovlanmır və bu səbəbdən çoxalması problemə çevrilir.

Balon balığı ancaq Yaponiyada yeyilir. Həmin ölkədə balığın təmizlənməsini xüsusi sertifikat alan ustalar həyata keçirir. Əks təqdirdə balon balığının zəhəri insan orqanizmi üçün təhlükə yaradır.

Güclü çənələri və çox kəskin dişləri olan balon balıqları dəniz ekosistemini təhdid etməklə yanaşı, balıqçılıq sektoruna da ciddi zərbə vururlar. Onlar açıq dənizdə balıqçılıqla məşğul olanların dənizə atdıqları toru dişləri ilə rahat şəkildə doğrayır. Eyni zamanda metaldan olan vasitələri də sıradan çıxara bilirlər. Son illərdə bu balıqların balıqçılara vurduğu zərər nəticəsində iqtisadiyyata dəyən ziyan 2 milyon avrodan çox olub. 

Hazırda isə Qırmızı dənizdən Aralıq dənizinə daxil olan və iqtisadiyyata ciddi ziyan vuran bu balıqların dənizlərdən təmizlənməsi planlaşdırılır.

Türkiyə hökuməti, istifadə olunmasa da, balıqlardan xilas olmaq üçün onların ovlanmasına icazə verəcək.

Prezidentin sərəncamı ilə ovlanan hər balon balığılna görə balıqçılara 5 lirəyə kimi pul da veriləcək.

Xaricdən bu balıqlara heç bir tələb olmadığı halda isə balon balıqları kütləvi şəkildə məhv ediləcək.

# 7150
avatar

Aygün İbrahimli

Oxşar yazılar