1915
15:27
07 Avqust 2020

Bakının bu küçəsində yeni yol qovşağı yaradılacaq

Bakı şəhərində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin bir hissəsinin genişləndirilməsi və sözügedən küçələrin Yusif Səfərov küçəsi ilə kəsişməsinin təmin edilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi genişmiqyaslı yenidənqurma işləri davam etdirir.

Agentlikdən Lent.az -a verilən məlumata görə, aparılan yenidənqurma işləri çərçivəsində Mehdi Mehdizadə küçəsi ilə 28 may küçəsinin kəsişməsində yerləşən artıq istifadə olunmayan və yolun daralmasına səbəb olan dəmir yolu körpüsünün sökülməsi istiqamətində addımlar atılıb. Nəticədə küçənin sözügedən hissəsində hərəkət hissə 2 zolaqdan 4 zolağa genişləndirilib, yolun kənarları abadlaşdırılıb.

Bundan başqa aparılan yenidənqurma işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, işlərin aparıldığı ərazi boyu yeni səki daşları düzülüb, yeni asfalt-beton örtüyü döşənib. Daha sonra zəruri olan yerlərdə yeni yol nişanları quraşdırılıb, üfiqi nişanlanma xətləri çəkilərək Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və 28 may küçələri, həmçinin 28 may küçəsinin Mehdi Mehdizadə və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib.

Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissələrində paytaxtımızın yol infrastrukturuna mühüm töhfə verəcək yeni qovşağın yaradılması istiqamətində sadalanan küçələrdə yenidənqurma işləri davam etdirilir.

Bu çərçivədə Mehdi Mehdizadə küçəsinin Yusif Səfərov və İzzət Orucov küçələri arasında yerləşən hissəsində də yenidənqurma işləri aparılıb. Ümumilikdə küçənin uzunluğu 1050 metr, eni isə ortalama 15-16 metr təşkil edir.

Yenidənqurma işləri çərçivəsində zəruri yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılıb, əks-dolğu işləri görülərək kipləşdirmə işləri görülüb və yeni yol əsası inşa edilərək hamarlayıcı lay asfalt-betonla örtülüb. Bundan başqa layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək küçə boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün 2.5 metr enində xüsusi parkinq yerləri yaradılıb. Küçəyə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənib.

Küçə boyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün zəruri yerlərdə yol nişanları qoyulub, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkilib.

28 may küçəsinin bir hissəsində, həmçinin Mehdi Mehdizadə küçəsində müasir yol infrastrukturunun yaradılması istiqamətində aparılmış yenidənqurma işləri Sabit Orucov küçəsini, həmçinin Sergey Senyuşkin, Fəzail Bayramov, Tağızadə, Natiq Əliyev və Ayaz İsmayılov küçələrinin Mehdi Mehdizadə və Sabit Orucov küçələri arasında yerləşən hissələrini da əhatə edib. Yenidənqurularaq müasir görkəmdə istifadəyə verilən Sabit Orucov küçəsinin uzunluğu 1045 metr, ortalama eni 15-16 metr təşkil edir. Mehdi Mehdizadə və Sabit Orucov küçələri arasında yerləşən və təmir olunan küçələrin sözügedən hissələrinin ümumi uzunluğu isə 350 metrdir.

Hazırda yenidənqurma işlərinin aparıldığı Nizami küçəsinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsinin uzunluğu isə 535 metr təşkil edir. Küçənin eni isə 12 metrdir.

Qeyd edilən ərazilərdə də layihə əsasında mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilərək üzərlərinə tamet daşlar döşənib, küçələr boyu hər bir tərəfdə yeni səki daşları düzülüb, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz parklanmasını təmin etmək üçün xüsusi parkinq yerləri yaradılıb.

Bundan başqa aparılan təmir işləri zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanaliasiya sistemi də bərpa olunub, yeni yağış barmaqlıqları quraşdırılıb, kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub. Hazırda küçələrə 2 laydan ibarət yeni asfalt-beton örütüyü döşənir.

Ümumilikdə layinənin icra olunduğu küçələrin ümumi uzunluğu 3.6 km, sahəsi isə 80 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində Sabit Orucov, Nizami, Mehdi Mehdizadə və 28 May küçələrinin Yusif Səfərov küçəsi ilə kəsişən hissəsində yeni yol qovşağı yaradılacaq. Qovşaqda avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinin təşkili üçün işıqforlar quraşdırılacaq, zəruri yerlərdə yol nişanları qoyulacaq, yolcizgi və yolgöstərici, həmçinin piyada zolaqları çəkiləcək.

Qeyd edək ki, Şah İsmayıl Xətainin heykəlinin yerinin dəyişdirilməsi, paytaxtımızda yol infrastrukturuna mühüm töhfə olacaq yol qovşağının yaradılmasına şərait yaradıb. Nizami küçəsi ilə Sabit Orucov, Mehdi Mehdizadə küçəsi ilə 28 May küçəsi istiqamətində yolları birləşdirən nəqliyyat qovşağının yaradılması ərazidə yarana biləcək tıxacların qarşısının alınmasına və nəqliyyat vasitələrinin hərəkətinin intensivliyinin təmin edilməsinə imkan verəcək.