11176
13:22
20 İyul 2020

Gürcüstandan Ermənistana silah çatdırılması məsələsi ilə bağlı SİYASİ QALMAQAL

Gürcüstanın müxalif “Vahid Milli Hərəkat” partiyasının lideri Salome Samadaşvili Gürcüstan Xarici İşlər Nazirliyindən (XİN) ölkə ərazisi ilə Ermənistana silah tədarükünün həyata keçirilməsi ilə bağlı fikirlərə aydınlıq gətirilməsini tələb edib.

APA-nın yerli bürosunun xəbərinə görə, S. Samadaşvili bildirib ki, Rusiyadan və Serbiyadan Ermənistana Gürcüstan ərazisi ilə hərbi sursatların daşınması Gürcüstanın beynəlxalq öhdəliklərini pozması anlamına gəlir və bu faktlar təsdiqlənərsə qonşu və strateji tərəfdaş olan Azərbaycanla münasibətlər son dərəcə zədələnə bilər.

S. Samadaşvili yaranmış vəziyyətdə Gürcüstanın hazırkı hakimiyyətini ittiham edib: “Bizim münaqişə tərəflərindən hər hansı birinə Gürcüstan ərazisi ilə hərbi yüklərin daşınmaması ilə bağlı beynəlxalq öhdəliyimiz var. Ona görə də mən XİN-i dərhal bu məsələyə aydınlıq gətirməyə çağırıram”.

Xatırladaq ki, bir sıra kütləvi informasiya vasitələrində Serbiyadan Ermənistana xeyli sayda müxtəlif çaplı minaatanların çatdırılmasına dair məlumatlar yayılıb. Minaatanların Gürcüstan üzərindən Ermənistana keçirildiyi qeyd olunub.