859
09:01
03 İyul 2020

Dünyada bu gün - VİDEO

BAKI METROSUNDA PARTLAYIŞ

(1994)


3 iyul 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanları Bakı Metropolitenində terror aktı həyata keçirib. Metronun “28 may” və “Gənclik” stansiyaları arasında olan qatarda törədilən partlayış nəticəsində 13 nəfər həlak olub, 58 nəfər yaralanıb. Bu, həmin ilin 19 mart tarixində törədilən və 14 nəfərin ölümü, 49 nəfərin yaralanması ilə nəticələnən hadisədən sonra ikinci terror aktı olub. İstintaqla müəyyən edilib ki, Ermənistan xüsusi xidmət orqanları əsirlikdə olan Azər Aslanov adlı Azərbaycan vətəndaşını məxfi əməkdaşlığa cəlb edib. Onun İrəvana dəvət olunan anası girov götürülüb və yalnız metro partladıldıqdan sonra azadlığa buraxılacağı bildirilib. Çıxılmaz vəziyyətdə qalan Azər Aslanov bu təkliflə razılaşıb və Bakıya gələrək metroda terror aktı törədib. 1997-ci ildə Moskvada yaxalanan Azər Aslanov Azərbaycana ekstradisiya edilib və məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum olunub.

FRANS KAFKA

(1883-1924)

XX əsr ədəbiyyatının görkəmli nümayəndələrindən biri, alman dilli Avstriya yazıçısı Frans Kafka 1883-cü il iyulun 3-də Çexiyanın Praqa şəhərində yəhudi ailəsində anadan olub. Praqadakı Alman Gimnaziyasında və Karl-Ferdinand Universitetində təhsil alıb. Vəkil təhsilini başa çatdırdıqdan sonra sığorta şirkətində işə düzəlib. “Məhkəmə”, “Yanvarçı”, “Çevrilmə”, “Cəza müstəmləkəsi”, “Kənd həkimi” və “Milenaya məktublar” kimi əsərlərin müəllifidir. Frans Kafka 1924-cü il iyunun 3-də Avstriyada vərəm xəstəliyindən vəfat edib.

ZÖHRAB ADIGÖZƏLZADƏ

(1940-2012)

Azərbaycanın xalq artisti, görkəmli pianoçu, professor Zöhrab Əfrasiyab oğlu Adıgözəlzadə 3 iyul 1940-cı ildə Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirdikdən sonra orada müəllim, dosent və professor kimi fəaliyyət göstərib. 1990-cı ildən ömrünün sonuna qədər Əskişəhər Anadolu Universitetinin Dövlət Konservatoriyasında kafedra müdiri vəzifəsində çalışıb. Zöhrab Adıgözəlzadə 2012-ci il mayın 24-də vəfat edib. O, Azərbaycan pianoçusu, xalq artisti Murad Adıgözəlzadənin atasıdır.

RAMİZ SƏRKƏROV

(1959-2007)

Aktyor və prodüser Ramiz Beqay oğlu Sərkərov 1959-cu ilin bu günü Qax rayonunda anadan olub. 1980-ci ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında çalışıb. Əmək fəaliyyətinə texniki işçi kimi başlasa da, sonralar aktyor kimi fəaliyyət göstərib və müxtəlif tamaşalarda çıxış edib. “Apardı sellər Saranı”, “Məhəllə”, “Yol yoldaşları”, “Cavid ömrü “ və başqa filmlərdə yaddaqalan obrazlar yaradıb. Ramiz Sərkərov 17 aprel 2007-ci ildə Bakıda vəfat edib və Qurd Qapısı qəbiristanlığında dəfn edilib.

LEYLA ƏLİYEVA

(1984)

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla İlham qızı Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində anadan olub. 2000-ci ildə orta məktəbi bitirib və Avropa Biznes Məktəbinə daxil olub. 2006-2008-ci illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun magistratura pilləsində təhsil alıb, burada Azərbaycanlılar Klubunun sədri olub. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, “Baku” jurnalının təsisçisi və baş redaktoru, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş koordinatoru, Rusiyadakı Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Himayəçilik Şurasının üzvü, IDEA ictimai birliyinin təsisçisi və sədridir. Rəssamlıq və rejissorluq kimi sahələrlə məşğul olmaqla yanaşı, şeirlər də yazır. Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin nəvəsi, Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban Əliyevanın qızı, prodüser Arzu Əliyevanın bacısıdır. İki oğlu, bir qızı var.

SAMİR ZÜLFÜQAROV

(1976-1995)

Azərbaycanın Milli Qəhrəmanı Samir Xəlil oğlu Zülfüqarov 3 iyul 1976-cı ildə Şabran rayonunda anadan olub. Səkkizinci sinfə qədər burada təhsil alıb, ailə vəziyyəti ağır olduğu üçün təhsilini yarımçıq qoyaraq işləyib. 1994-cü ildə hərbi xidmətə çağırılıb. 1995-ci ilin mart hadisələri zamanı dövlət çevrilişinə cəhd edən silahlı dəstənin zərərsizləşdirilməsi zamanı martın 17-də həlak olub və Şabran rayonunun Ağbaş kəndində dəfn edilib. Azərbaycan Prezidentinin 4 aprel 1995-ci il tarixli fərmanı ilə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

FƏRHAD ATAKİŞİYEV

(1970-1992)

Şəhid Fərhad Rəhman oğlu Atakişiyev 1970-ci il iyulun 3-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində anadan olub. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. Qarabağ müharibəsinin başlanması ilə əlaqədar təhsilini yarımçıq qoyaraq, Şıxov könüllülər batalyonuna yazılıb və özünümüdafiə dəstəsinin bələdçisi olub. 1991-ci il dekabrın 26-da erməni silahlı qüvvələri güclü texnika ilə Kərkicahana hücum edib. Fərhad Atakişiyev dekabrın 27-dən 28-ə keçən gecə qeyri-bərabər döyüşdə 8 könüllü əsgərlə ilə birlikdə mühasirəyə düşərək əsir alınıb və çoxsaylı işgəncələrdən sonra 28 yanvar 1992-ci ildə xüsusi qəddarlıqla qətlə yetirilib. Onun meyiti qarşı tərəfdən alınıb və Ağcabədi şəhərində dəfn olunub. Azərbaycan Prezidentinin 28 iyul 2009-cu il tarixli sərəncamına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

HƏMDULLA ƏFƏNDİ

(1870-1929)

Bolşeviklərə qarşı Quba üsyanının başçısı Həmdulla Əfəndinin xatirə günüdür. O, 1870-ci ildə Quba qəzasında, indiki Şabran rayonunun Qələgah kəndində doğulub. İlk təhsilini kənd mollaxanasında və Qubadakı mədrəsədə alıb, ikisinifli rus məktəbini bitirib. Ermənilərin 1918-ci ildə Azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı zamanı daşnak vəhşiliklərinin qarşısını almaqda xüsusi xidmətlər göstərib. Azərbaycanın siyasi həyatında yaxından iştirak edib və "İttihad" Partiyasının fəal üzvlərindən olub. Cümhuriyyət parlamentinə deputat seçilib. 1920-ci il avqustun 23-də bolşevik işğalına qarşı başlayan Quba üsyanının əsas rəhbərlərindən biri olub. Sentyabrın 10-da üsyanın qan içində boğulmasından sonra Şamaxı ilə həmsərhəd olan yüksək dağ kəndlərinə çəkilib və bir neçə il təqib edilib. Həmdulla Əfəndi 25 oktyabr 1928-ci ildə həbs edilib və 1929-cu ilin iyulunda Nargin adasında güllələnib.

OSMAN SARIVƏLLİ

(1905-1990)

Xalq şairi Osman Sarıvəllinin anım günüdür. Osman Abdulla oğlu Qurbanov 1905-ci il dekabrın 17-də Qazax rayonunun İkinci Şıxlı kəndində dünyaya gəlib. 1926-cı ildə Qazax Müəllimlər Seminariyasını, 1932-ci ildə Moskva Dövlət Universitetini bitirib. İkinci Dünya müharibəsi illərində müxbir işləyib. «Dəmir sətirlərim», «Ömrün keçən günləri», «Sabahı yaradanlar», «Hər kim yüz il yaşamasa», «Mən sabaha gedirəm», «Bizim babalar», «Bizim nəvələr» və başqa kitabların müəllifidir. Xalq yaradıcılığının təbliği, aşıq ədəbiyyatının tədqiqi sahəsində xidmətləri olub. Nizami, Xaqani, Viktor Hüqo, Puşkin və başqalarının bəzi əsərlərini, Sofoklun «Antiqona» faciəsini dilimizə tərcümə edib. Osman Sarıvəlli 1990-cı ilin iyulunda Bakıda dünyasını dəyişib.

KAMAL SUNAL

(1944-2000)

Türkiyənin məşhur teatr və kino aktyoru Əli Kamal Sunalın xatirə günüdür. O, 1944-cü il noyabr ayının 11-də İstanbulda anadan olub. Memar Sinan məktəbində və Mərmərə Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Karyerası boyunca 82 filmdə yaddaqalan obrazlar yaradıb. Əsasən komediya janrında filmləri ilə populyarlıq qazanıb və xalq arasında “Şaban” adı ilə tanınıb. 1977-ci ildə “Qızıl Portağal” mükafatına layiq görülüb. Kamal Sunal 2000-ci ilin iyulunda təyyarədə ürək tutmasından vəfat edib və İstanbulda dəfn olunub.

KOROĞLU RƏHİMOV

(1953-1992)

Azərbaycanın Milli Qəhrəmanı Koroğlu İsmayıl oğlu Rəhimov da bu gün xatırlanır. O, 1953-cü il oktyabrın 31-də Oğuz rayonunun Xaçmaz kəndində anadan olub. 1961-ci ildə ailəsi ilə birlikdə Qərbi Azərbaycanın Zəngibasar mahalının Sarıcalar kəndinə köçüb, sonradan Bakıya qayıdıb. Qarabağ müharibəsi başlayandan sonra 1992-ci ildə könüllü olaraq Azərbaycan Milli Ordusu sıralarına yazılıb və “N” saylı hərbi hissədə 2-ci motoatıcı bölüyün komandiri təyin edilib. Buzlaq, Çantaz, Erkəc, Başkənd, Madagiz və Gülüstan kəndlərinin azad olunmasında iştirak edib. Koroğlu Rəhimov 1992-ci il iyulun 3-də Ağdərə uğrunda döyüşlərdə şəhid olub və Bakının Şəhidlər Xiyabanında dəfn edilib. 1994-cü il sentyabrın 16-da “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.