“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi - Deputat yazır
01 iyul 2020 16:29 (UTC +04:00)

“Əsrin müharibəsi”ndə Azərbaycanın böyük diplomatik qələbəsi - Deputat yazır

COVID-19 pandemiyası bütün dünya dövlətlərini öz əsarətinə alıb və sözün həqiqi mənasında dünya birliyi bu ümumi bəla ilə müharibə vəziyyətindədir. Bu müharibəni “Əsrin müharibəsi” adlandırsaq, yanılmarıq. Bu reallığı hər bir dövlət dərk etməli və səyləri birləşdirməlidir. Yalnız bütün dövlətlərin birgə səyləri bu ümumbəşəri bəlaya qalib gəlməkdə müstəsna rol oynaya bilər. 

Qlobal səviyyədə nicatımız birliyimiz, həmrəyliyimiz və məsuliyyətimizdən asılıdır. Elə bu məntiqdən çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyev həm milli səviyyədə, həm regional səviyyədə, həm də qlobal səviyyədə pandemiyaya qarşı mübarizə prosesində preventiv, profilaktik, ardıcıl və sistemli addımlar atır. Bu addımlar həm ölkə ictimaiyyəti, həm də beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir. Xüsusilə də cənab İlham Əliyevin bu ilin 4 may tarixində Qoşulmama Hərəkatına üzv dövlətlərin təmas qrupunun videoformat şəkilində keçirilən Zirvə görüşündə səsləndirdiyi təklif, yəni pandemiyaya qarşı mübarizə məqsədilə BMT Baş Məclisinin xüsusi sessiyasının çağırılması təşəbbüsü dünyada çox böyük siyasi rezonansa səbəb olub. Cənab Prezidentin bu təşəbbüsü may ayında Nyu-Yorkda Qoşulmama Hərəkatının Koordinasiya Bürosunda müzakirə olunmuş, yekdilliklə dəstəklənmiş və Qoşulmama Hərəkatının adından BMT Baş katibinə müraciətin  qəbul edilməsi qərara alınmışdı. Bunun ardınca möhtərəm Prezidentimiz İlham Əliyev mayın 13-də Qoşulmama Hərəkatının sədri olaraq BMT Baş katibinə müraciət etmişdi. Həmin müraciət əsasında BMT Baş katibi təşkilatın Nizamnaməsinin 20-ci maddəsindən çıxış edərək, mayın 28-də BMT Baş Məclisinin xüsusi sessiyanın çağırılması məqsədilə üzv dövlətlərə müraciət etmişdi. 

Yeri gəlmişkən, onu da qeyd edək ki, BMT Nizamnaməsinin 20-ci maddəsinə əsasən 3 halda təşkilatın Baş Məclisinin xüsusi sessiyası çağırıla bilər. Birincisi, bunu BMT Təhlükəsizlik Şurası daimi üzvləri tələb etməlidir, ikincisi, BMT Baş Məclisinin mütləq əksəriyyət üzvləri bu tələbdə israrlı olmalıdır. Və nəhayət, BMT-nin üzvü olan istənilən dövlətin təşəbbüsü qurumun əksəriyyət dövlətləri tərəfindən müdafiə olunduqda, haqqında bəhs olunan xüsusi sessiyanın çağırılması mümkün olur. Prosedur qaydalarına əsasən, bu müraciətin baxılma müddəti 30 gündür. Həmin müddət Azərbaycanın təşəbbüsü ilə bağlı məsələdə iyunun 27-də başa çatıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu təşəbbüsünü BMT Baş Məclisinin 130-dan çox üzvü birmənalı olaraq dəstəkləyib. Həmin dövlətlər sırasında Qoşulmama Hərəkatının 120 üzvü ilə yanaşı, Avropa İttifaqının, Asiya, Afrika və Latın Amerikasının da aparıcı dövlətləri var. Qlobal təhdid mənbəyinə - COVID-19 pandemiyasına qarşı beynəlxalq səviyyədə səylərin birləşdirilməsi və gücləndirilməsi mənafeyinə xidmət edən bu unikal təşəbbüsə qarşı çıxış edən yeganə dövlət məhz işğalçı Ermənistan olub. Bununla da Ermənistan dövləti öz mahiyyətini ortaya qoyub və dünya miqyasında özünü rüsvay edib. Əslidə faşizmi və terrorizmi dövlət siyasəti səviyyəsinə qaldıran bir “psevdodövlət”in belə davranışı təəccüb doğurmur. Deməli, Ermənistan dünyanın yeganə ölkəsidir ki, COVID-19-un yanında yer aldı, onun müttəfiqi kimi çıxış etdi. Eyni məntiqlə analiz etdikdə, Ermənistanın artıq 500 mindən artıq insanın pandemiyanın qurbanı olmasında birbaşa olmasa da, dolayısı ilə məsuliyyəti yaranır. Ermənistanın bu anti-bəşəri davranışına post-pandemiya dövründə siyasi və hüquqi qiymət verilməsi məsələsi də olduqca vacibdir.

Burada bir məqamın da üzərində xüsusi olaraq dayanmağa dəyər. Prezident İlham Əliyevin son unikal təşəbbüsünə dünyanın məlum reaksiyası bir daha belə bir həqiqəti sübut etdi ki, Azərbaycan dünya miqyasında elə də  böyük dövlət olmasa da, lakin onun  sözünün mənası və çəkisi böyükdür. Bu bir həqiqətdir ki, Azərbaycan dövlətinin sözünün məna və çəkisinin dünya miqyasında böyüklüyünü şərtləndirən həlledici amil onun liderinin - Prezident İlham Əliyevin həm ölkə, həm də beynəlxalq aləmdə yüksək nüfuza malik olması ilə bağlıdır. Dünyanın pandemiya tərəfindən hədəfə alındığı, təhdid olunduğu bir reallıqda hər bir dövlət və hər bir lider öz simasını nümayiş etdirir və bu çətin günlərdə Azərbaycan dövləti və onun lideri İlham Əliyev sözün həqiqi mənasında bütün dövlətlər və onların liderləri üçün bir nümunədir. Milyonları ölümlə hədələyən və bunu icra edən qlobal pandemiya şəraitində mütləq əksəriyyət insanlar düşünürdülər ki, beynəlxalq təhlükəsizliyə xüsusi cavabdehliyi olan dövlətlər, yəni BMT TŞ-nın daimi üzvləri birlikdə, ya da əlahiddə olaraq bu ümumi bəlaya qarşı beynəlxalq səylərin birləşdirilməsi məsuliyyətini üzərilərinə götürəcək və BMT Baş Məclisini xüsusi sessiyasını çağıracaqlar. Həqiqət isə budur ki, məlum təşəbbüslə BMT TŞ-nın heç bir üzvü çıxış etmədi. Bu təşəbbüsü dünyanın müxtəlif qitələrinin heç bir aparıcı dövləti irəli sürmədi. Bu təşəbbüslə BMT TŞ-nın 2 il qeyri-daimi üzvü olmuş, 2 dəfə dünyanın ən böyük və universal təşkilatının TŞ-na sədrlik etmiş Azərbaycan Respublikası və onu rəhbəri cənab İlham Əliyev çıxış etdi. Əslində cənab Prezident bu unikal addımı ilə həm də BMT-nin zəifləyən nüfuzunun qaldırılması mənafeyinə xidmət edən bir davranış ortaya qoydu. 

Prezident İlham Əliyevin COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi, bu məqsədlə dünya miqyasında birliyin, həmrəyliyin və məsuliyyətin gücləndirilməsinə hədəflənmiş təşəbbüsünün beynəlxalq ictimaiyyət tərəfindən birmənalı olaraq dəstəklənməsi bir daha göstərdi ki, Azərbaycan dövlətinin və onun lideri cənab İlham Əliyevin nüfuzu və reytinqi olduqca yüksəkdir. Azərbaycan prezidenti qlobal baxışlı lider kimi qəbul olunur.

“Əsrin müharibəsi” hesab edilən COVID-19 pandemiyasına qarşı mübarizə məsələlərində dövlətlərin, xalqların və liderlərin hansı mövqedə dayandıqlarının geniş müzakirə məsələsinə çevriləcəyi və müvafiq qiymətləndirmələrin aparılacağı  labüd görünür. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. İstisnasız söyləmək olar ki, həmin müzakirələrin nəticəsi olaraq bütün beynəlxalq ictimaiyyət etiraf edəcək ki, pandemiyadan qlobal qurtuluşun əldə edilməsi naminə beynəlxalq səyləri bir yumruq kimi birləşdirən dövlət Azərbaycan Respublikası, lider isə Prezident İlham Əliyevdir. Həmin səylər sayəsində pandemiyaya qarşı dünya dövlətlərini iqtisadi, sosial, humanitar və xüsusilə də  tibbi sahələrdə əməkdaşlığının keyfiyyətcə  yeni mərhələyə keçməsi  və bunun nəticəsi olaraq bəşəriyyətin intizarla gözlədiyi COVID-19 əleyhinə peyvəndin əldə edilməsi strateji əhəmiyyətli məsələyə çevrilib. Eyni zamanda həmin peyvəndə hər bir dünya dövlətinin əlçatanlığının təmin olunması da kifayət qədər aktuallıq kəsb edən məsələdir. Bu reallıqda dövlətlərin pandemiya dövründə belə bir birinə qarşı geosiyasi ambisiyalardan əl çəkməməsi, sərhədlərin bağlanmasından belə iqtisadi təzyiq elementi kimi istifadə etməsi  acınacaqlı haldır. Heç şübhəsiz, bütün bu və digər olduqca aktual məsələlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılacaq BMT Baş Məclisinin xüsusi sessiyasının gündəliyini müəyyən edəcək.

Elman Nəsirov
Milli Məclisin deputatı, 

YAP Beynəlxalq Əlaqələr Komissiyasının katibi,
siyasi elmlər doktoru, professor

# 4108
avatar

Oxşar yazılar