2962
17:46
29 İyun 2020

"130 ölkə Prezidentin çağırışına dəstək verib" - Deputat

“Azərbaycanın dünya miqyasında artan nüfuzu və topladığı siyasi kapital Qarabağın işğaldan azad olunması üçün bizə çox lazımdır”.

Lent.az xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının mətbuat xidmətinə açıqlamasında partiyanın sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev deyib.

COVİD-19 -a qarşı mübarizəyə həsr olunmuş BMT Baş Məclisinin xüsusi sesiyasının çağırılmasına dair Prezidentin Qoşulmama Hərakatının sədri kimi təşəbbüsünün 130 ölkə tərəfindən dəstəklənməsi faktını yüksək dəyərləndirən BAXCP sədri ölkəmizin BMT səviyyəsində ilk böyük uğurunun 2011-ci ildə gerçəkləşdiyini xatırladıb:

“Həmin ildə Azərbaycan 2012-2013-cü illər üçün 155 ölkənin dəstəyi ilə iki illiyə BMT TŞ-nın üzvü seçilmişdi. İndi isə 130 ölkə Prezidentin çağırışına dəstək verib. Prezidentin bu təşəbbüsü Qoşulmama Hərakatının sədri kimi irəli sürməsi həm də bu qurumun nüfuzuna müsbət təsir göstərməklə beynəlxalq təşkilatlar arasında onun mövqeyini gücləndirəcək. Bu isə bizim üçün çox əhəmiyətlidir. Çünki Qoşulmama Hərakatı Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilatdır”.

Qüdrət Həsənquliyev qeyd edib ki, Prezident bu qurumun sədri kimi onun nüfuzunu qaldırmaqla həm də beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirir:

“Azərbaycanın "COVİD-19"la mübarizədə ÜST-ə və ehtiyacı olan ölkələrə humanitar yardım göstərməsini də beynəlxalq ictimaiyyət təqdir etməkdədir. Azərbaycanın dünya miqyasında artan nüfuzu və topladığı siyasi kapital Qarabağın işğaldan azad olunması üçün bizə çox lazımdır. İnanıram ki, bir gün torpaqlarımızı işğaldan azad edərkən beynəlxalq birliyin ciddi dəstəyini alacağıq. Diplomatik sahədə əldə etdiyimiz uğurlar Ermənistanı demoralizə edir, onun qondarma "DQR"in müstəqil dövlət kimi nə vaxtsa dünya dövlətləri tərəfindən tanınacağına olan ümidlərini alt-üst olmasına zəmin yaradır. Azərbaycana daha böyük uğurlar arzu edirəm”.