“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olundu - 65 MİN SÖZ VAR
17 iyun 2020 14:41 (UTC +04:00)

“Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olundu - 65 MİN SÖZ VAR

Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin təşkili istiqamətində Azərbaycan Dövlət Tərcümə Mərkəzinin hazırladığı “Azərbaycan dilinin orfoqrafiya lüğəti” işıq üzü görüb.

AMEA-dan Lent.az-a verilən məlumata görə, lüğət müasir və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi prinsipi üzrə, eyni zamanda Nazirlər Kabinetinin 2019-cu il aprelin 16-dakı qərarı ilə təsdiq olunmuş “Azərbaycan dilinin Orfoqrafiya Normaları”na uyğun tərtib edilib.

“Şərq-Qərb” nəşriyyatında işıq üzü görən lüğətin tərtibçisi və “Ön söz”ünün müəllifi - Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri, Xalq yazıçısı Afaq Məsud, redaksiya heyəti – akademik Nizami Cəfərov, professorlar Vilayət Quliyev, Qulu Məhərrəmli, Cahangir Məmmədli, Cəlil Nağıyev, Rüstəm Kamal, dosent İsmayıl Məmmədov, nəşriyyat redaktoru – Lətafət Səmədovadır.

Yeni nəşrin əvvəlki orfoqrafiya lüğətlərindən başlıca fərqli cəhətləri – yazılış qaydası əvvəlki lüğətlərdə qüsurlu, yaxud iki, bəzən üç variantda verilmiş minlərlə söz və terminlərin vahid düzgün yazılış qaydasında verilməsi, minlərlə söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən (ümumilikdə 54 000-ə yaxın) təmizlənərək, əvvəlki orfoqrafiya lüğətlərində yer almamış 8 000-dən çox saf Azərbaycan sözlərini, eləcə də elm, texnologiya, idman, mədəniyyət, siyasət və digər sahələrdə işləklik qazanmış terminləri özündə cəmləməsidir.

Azərbaycan ədəbi dilinin lüğət tərkibi ilə bərabər, ümumişlək terminləri, eyni zamanda xalq dilindən və başqa türk dillərindən gələn alınma sözləri özündə cəmləyən yeni “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nə 65 min söz daxil edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5039

Oxşar yazılar