15:15
16 İyun 2020

Zirzəmidə “meyit”, Bakı küçələrində “ay lulu”, “Allah kəssin belə qazancı”... – Onların filmləri


“Bizim filmlər” varımızdı, dedik
Lent.az -da həm də “Onların filmləri” barədə yazaq. Bu layihədə özümüzün yox, xaricilərin çəkdiyi filmlərdən bəhs edilir. Layihənin üçüncü filmi “Mosfilm”in istehsalı olan, bəzi kadrları Bakıda çəkilən “Brilyant əl”dir.

1968-ci ildə “Mosfilm”də Leonid Qaydayın rejissorluğu ilə lentə alınıb. 95 dəqiqəlik bədii filmdir, komediya janrında. Əsas rollarda da rejissorun komediyalarının qəhrəmanları – Yuri Nikulin, Anatoli Papanov, Andrey Mironov.

Söhbət Yer kürəsi insanlarının sayından çox baxış sayı olan, sitatları indiyə qədər dillərdən düşməyən “Brilyant əl” komediyasından gedir.

Maraqlısı odur ki, film real hadisələr əsasında çəkilib. İdeyanı Leonid Qayday həyatdan götürüb. Həm də bir cümlə xəbərdən – qaçaqmalı gipsdə keçirməyə cəhd göstəriblər. Filmin adı da ilk variantda “Qaçaqmalçılar” olub.

Əvvəl ssenari sırf Yuri Nikulin üçün yazılıb. Ssenari müəllifləri də, rejissor da çalışıblar ki, mümkün qədər əvvəlki işlərindən qəlibinə düşdükləri Şurikdən və üçlükdən qaçsınlar.

Onlara bir az yumşaq təbiətli, taleyin əli ilə kişilik, cəsarət tələb edən qeyri-adi situasiyalara düşən adam lazım idi.

Filmdə Anatoli Papanov və Andrey Mironov dueti də uğurlu seçimdir. İkisi də rollarına ayrı-ayrı təsdiq ediliblər. Rollarına başqa aktyorlar da sınaq ediliblər, amma Mironovla Papanov ideal duet kimi artıq yaddaşlarda var idi.

Klara Luçko isə cazibədar Anna Sergeyevna roluna sırf təsadüf ucbatından düşməyib. Lazım olan məqamda başqa çəkilişə getməli olub, qayıdanda görüb ki, onun roluna artıq Svetlana Svetliçnayanın çəkiblər.

Qayday Nonna Mordyukovanı evlər idarəsinin rəisi vəzifəsinə çətinliklə təsdiq edib. Çünki hamı onun çəkilməsinin əleyhinə olub, deyiblər ki, çox “kök” və “mənasız” görünür. Hətta məmurlar, çəkiliş qrupunun tərəfini saxlayıb onu çəkməməyi məsləhət görübblər. Qayday isə öz namizədinin arxasında durub və nəticədə çox yaddaqalan obraz alınıb. Hətta Eldar Ryazanov “inana bilmirəm ki, Qayday bu aktrisanı o rola təsdiqləyər” - deyib.

Çəkilişlər ev şəraitində aparılıb. Rejissor çəkilişlər üçün ölkədən çıxmağın əleyhinə olub. Ona görə də İstanbulda çəkilməli səhnələr Bakıda lentə alınıb – dənizkənarı “Qağayı” restoranında, İçərişəhərdə.

Çəkilişlərdə çox sayda dekorasiyalardan və geyimlərdən istifadə edilib.

Hətta bir dəfə belə bir hadisə olub. Çəkilişdən sonra “Mosfilm”in zirzəmisində üstünə ağ mələfə çəkilmiş adamı görən süpürgəçi elə bilib ki, Nikulin çəkiliş vaxtı ölüb. Çıxıb hay-haray salıb, xəbərə Nikulin özü də gəlib çıxıb. Mələfəni açıb görüblər ki, Qorbunkovun vertolyotdan yıxılması səhnəsində çəkilməli olan kukladır üstü örtülən. Aktyorlar gülməli olsun deyə belə bir oyun oynayıblar.

Çəkilişlərdə Mordyukova ilə Mironov heç yola getmirdilər. Aktrisa mübahisə zəminində aktyoru “ana uşağı” adlandırandan sonra isə aranı düzəltmək heç mümkün olmayıb. Yaradıcı qrup onların bəzi səhnələrini bir yerdə olmasınlar deyə təxirə salmalı olublar.

Dekoratorlar müəyyən situasiyalarda nə isə icad etməli olurdular. Məsələn, sualtı çəkilişlər lazım idi balıq tutma səhnələrində. O vaxt su altında işləyə bilən kameralar hələ yox idi. Ona görə də xüsusi kolba düzəldib kameranı onun içində quraşdırdılar və sadəcə balaca gölməçədə çəkiliş edə bildilər.

Çəkiliş çox vaxt aparıb. Anatoli Papanov binəva +18 dərəcə suda saatlarla oturmalı idi. Operatorun günahı ucbatından növbəti kadr alınmayanda Papanovun dönüb ona “İdiot” deməyini də kamera qeydə alır. Reaksiya Qaydayın xoşuna gəlir və o kadrı filmə əlavə edirlər. Bu səhnə filmdə Qaydayın çoxbilmişliyi nəticəsində saxlanıb. Məmurlar onu kəsməyi istəmişdilər, çünki bəsit və yorucu səhnə alınmışdı. Rejissor həmin səhnə üçün bəstəkara mahnı sifariş verir. Musiqi sədaları altında səhnə canlanır və kəsilmə söhbəti bununla da bitir.

Filmdə çox təsadüfi adamlar da rol alıb. Avtobazada dispetçer işləyən qız İstanbul (əslində isə İçərişəhər) küçələrində “ay lulu, ay lulu” deyərək Semyon Semyoniçi yoldan çıxartmağa çalışır. Rejissor onu sırf cazibədar görkəminə görə çəkir filmə. Ondan sonra Viktoriya Ostrovskaya daha iki filmə çəkilib və ekranlardan yoxa çıxıb.

“Oqonyok” jurnalının müxbiri Leonid Pleşakov isə çəkiliş meydançasına Nikulinlə müsahibə üçün gəlmişdi. Qayday onu görən kimi düşünür ki, belə tipaj gərək bu filmdə olsun. Jurnalist qəribə görkəmdə Semyon Semyoniçə yaxınlaşıb siqaretini yandırmaq üçün od soruşur.

“Uşağa dondurma, qadına gül” səhnəsində uşaqların yediyi həqiqətən dondurmadır və onlar hər kadrda bir dondurmanı yeyiblər, kadr isə səkkiz dəfə çəkilib. Və səkkiz dəfə Mironovun üzünə dondurma, daha doğrusu, yaxşı yayıldığı üçün dondurma adına kəsmik çırpılıb. Sonunda aktyor – “Allah kəssin belə qazancı” - deyə gülüb.

Filmin finalı lirik planda çəkilmişdi, Qorbunkovun bütün ailəsi binanın girişinə çıxır. Semyon Semyoniçin hər iki qolu gipsdədi. Nadejda ərinin qolundan tutub, ona ana olacağını xəbər verir. Bu səhnəyə görə Qaydayı qınayırlar ki, məişətə çox düşüb. Ona görə də final dəyişdirilir. Yeri gəlmişkən, qaldırıcı kranın qarmağı filmin sonunda Nikulinə həqiqətən möhkəm dəyib. Aktyorun bundan xəbəri olmadığı üçün həm də təbii alınıb. Ssenaridə olmasa da, bu kadr filmə salınır.

“Brilyant əl” prokata 1969-cu ildə çıxır. Dərhal da şöhrət qazanır. Birinci il filmə 76 milyon 700 min adam baxır. Bu, görünməmiş uğur idi. Sovet prokatında onun uğurunu yalnız “XX əsrin dəniz quldurları” keçə bilib.

Dİgər xəbərlər