İlanlar kənddəki evə hücum etdi
01 iyun 2020 15:03 (UTC +04:00)

İlanlar kənddəki evə hücum etdi

Masallı sakini evinə hücum etmiş 17 ilanı öldürüb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, dünən axşam saatlarında rayonun Rüdəkənar kənd sakini İlham Əliheydər oğlu Əkbərova məxsus yaşayış evini ilanlar basıb. Zəhərli ilanların evə və həyətyanı sahəyə girməsindən ev sahibi və onun həyat yoldaşı çox narahatdırlar. Yuxuları ərşə çəkilən Əkbərovlar ailəsi dünəndən müxtəlif təsərrüfat alətləri ilə evlərini mühafizə edirlər. Artıq 17 ilanı zərərsizləşdiriblər, ən iri ilanın uzunluğu 1.3 metrə çatır. Kənd sakininin evi gölə yaxın yerləşir.

25 ildir sözügedən ərazidə yaşayan İlham Əkbərov deyir ki, əvvəllər də belə hadisələr olub, amma həyətyanı sahədə. İndi isə zəhərli ilanlar evə hücum ediblər, hətta yuva qurublar. Lakin sürünənlərin dəfələrlə öldürülməsinə baxmayaraq hələ də təhlükə sovuşmayıb. Bir neçə gündür, havaların isti keçməsi ilanları daha da aktivləşdirib.

Məsələ ilə bağlı ev sahibi kənd icra nümayəndəliyinə, bələdiyyəyə müraciət edib və bu gün həyətdə dezinfeksiya işləri aparılıb.

 

# 4588
avatar

Oxşar yazılar