Qərbi Kaspi Universitetinin binasından REPORTAJ – Tarixi bina necə qorunur? - FOTOLENT
31 may 2020 10:00 (UTC +04:00)

Qərbi Kaspi Universitetinin binasından REPORTAJ – Tarixi bina necə qorunur? - FOTOLENT

Ölkənin nüfuzlu təhsil ocaqlarından sayılan Qərbi Kaspi Universitetinin yerləşdiyi bina ilə bağlı bir neçə gün əvvəl yayımlanan yazıda guya ali təhsil ocağının binada yaşayan sakinlərin evlərini zorla ələ keçirdiyi, bundan əlavə, 100-dən artıq yaşı olan binada arxitektor dəyişikliklər aparıldığı qeyd olunurdu.

 

Mövzunu yerindəcə araşdırmaq üçün universitetdə olduq, binanın vəziyyətini gözlərimizlə görmək istədik. Məsələ ilə bağlı Qərbi Kaspi Universitetinin mətbuat katibi Vüsal Məmmədov Lent.az-a deyib ki, binada heç bir arxitektor dəyişiklik yoxdur və təmir işləri də rəsmi icazələrlə əlaqədar qurumlar tərəfindən yerinə yetirilib:

 

“Binanın arxitektor vəziyyətinə heç bir dəyişiklik edilməyib. Yalnız əlaqədar qurumların icazəsi ilə müvafiq qurumlar tərəfindən bərpa-təmir işləri aparılıb. Bununla bağlı Dövlət Tikinti və Arxitektura Komitəsinin Dövlət Baş Layihə İnstitutunun sənədləri, yerli icra hakimiyyətindən, yanğın təhlükəsizliyi xidmətindən, Mədəniyyət Nazirliyindən eyni zamanda, Prezident Administrasiyasının yaxınlığında yerləşdiyi üçün oranın Baş Mühafizə Xidmətindən icazələr alınıb. Universitet bərpa işlərinin xərclərini qarşılayıb. İşləri isə müvafiq strukturlar həyata keçirib. Yazılarda istifadə edilən “universitet sakinlərin evini ələ keçirib” ifadəsinin özü qərəzin, hansısa məqsədin, aqressiyanın ifadəsidir. Universitet evini könüllü şəkildə satan cəmi 8 ailənin evini hüquqi şəkildə alqı-satqı həyata keçirməklə alıb. Yazıda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin həbs olunmuş rəisi ilə hansısa “anlaşma”dan söhbət gedir. Müəllif faktları o qədər təhrif edir ki, bu zaman fərqində də olmur ki, həmin illərdə elə bir qurum ümumiyyətlə, yox idi. Bəlkə fərqindədir, sadəcə, bu qərəzli mövqeyi hansısa “fakt”larla bərkitmək lazımdır, onlar da olmadığı üçün uydurulmalı olur”.

 

 

Ali təhsil ocağının təsərrüfat işləri müdiri Etibar Əliyev də saytımıza danışarkən, universitetin binası barəsində yazılanların qərəzli olduğunu bildirib:

“Burada bərbad vəziyyətdə olan bütün zirzəmilər tamamilə təmizlənib, özü də yalnız universitetin binasının yox, sakinlərin yaşayış hissəsinin də. Qrunt sularının yığılmaması üçün motor quraşdırılıb. Dam hissə təmir olunarkən, yalnız universitetin deyil, sakinlərin olduğu yer də tam yenilənib. Qırdan olan dam örtüyü metal keramitlə əvəzlənib. Bu günə kimi binanın yaşayış hissəsində 8 ailə evini satmaq istəyib, universitet də onları qanuni şəkildə alıb. Vətəndaş evini satıb və universitet də inkişaf edib böyüməlidir, sinif otaqları artmalıdır deyə, onları qanuni şəkildə alıb. Bütün bu alınmalar da 15 ilə qədər olan dövrə aiddir. Arada qalan müddət ərzində binadan heç bir ev alınmayıb. Əksinə, bəzi sakinlər qanunsuz şəkildə eyvanlar artırıblar, şikayət edən sakinlərdən biri həyətdə, artıq həyətin bir hissəsini, o cümlədən universitetin pəncərələrinin qarşısını zəbt edərək mənzilini genişləndirib”.

 

Həmsöhbətimiz etiraz edən sakinlərin evlərini baha qiymətə təklif etdiklərini də dilə gətirib. Onun sözlərinə görə, hazırda universitetin bu barədə nə marağı var, nə də imkanı:

 

 

“Yayımlanan qərəzli yazıda həmçinin binadan olan bir neçə sakin aqressiyalı çıxışlar ediblər. Ona görə ki, onlar universitetə evlərini almağı təklif edirlər. Ancaq hazırda bu, nə ali təhsil ocağının marağında deyil. Hətta burada 30-40 kvadratlıq mənzil sahibi evini universitetin 1 milyona almasını tələb edir. Rauf adlı şəxs şəraiti olmayan, köhnə mənzilinin 1 kvadratmetrini 10-15 minə satmaq istəyir. Hansı ki, şəhərin ən yaxşı yerində mənzilin kvadratı 1000-1500 manatdır. Hazırda universitet ərazisini genişləndirməyə ehtiyac duymur. Ofeliya adlı xanım evini dəfələrlə universitetə satmaq istəyib, əvəzində “Torqovıda”, “Sahil” metrosunda 3 otaqlı, tam təmirli mənzil və üstündə az olmayan məbləğ istəyib. Universitet sakinlərin köçməsində maraqlı olsaydı, onların damını, hamam-tualetini, zirzəmisini təmir edərdimi?! Bundan əlavə, yazıda universitetin zirzəmisində restoran işlədiyi əks olunub. Ancaq burada restoran yoxdur, sadəcə olaraq, tələbələr üçün nəzərdə tutulmuş bufet var.

90-cı illərdə binanın çardaq hissəsi təmirsiz olduğu üçün, dam örtüyü olmadığı üçün dövlət qurumları universitetin qarşısında vəzifə qoydu ki, burada təmir-bərpa işləri aparılsın. Universitet də bütün xərcləri ödəməklə müvafiq qurumların strukturlarının bu təmir-bərpa işlərinin həyata keçirilməsini təmin etdi. Müvafiq qurumlardan alınmış rəsmi icazələr əsasında çardaq hissədə hazırda universitetin məktəbi üçün sinif otaqları qurulub. Sakinlər yaşayan bina, onun damı, zirzəmisi bərbad gündə idi deyə, orda təmir işləri aparılıb. Fasad hissəyə gəldikdə isə Bakı Şəhər İcra Hakimiyyətinin bütün şəhərdə apardığı abadlıq quruculuq işləri çərçivəsində universitetin hesabına Bakı şəhər İH tərəfindən binanın ön fasadının aqlay örtüyü təmizlənib, gecə işıqlandırılması qurulub, arxitekturasına isə toxunulmayıb. Universitet binası ilə üzbəüz sakinlərin yaşadığı binada - bunun universitetə aidiyyəti yoxdursa da, - eyvanların taxta konstruksiyalar arxitektura qorunmaqla Bakı şəhər İH tərəfindən bərkidilib. Üst mərtəbədəki evlərdən axan su kitabxanamıza ziyan vurub dəfələrlə. Buna görə universitetin hesabına həmin evlərin hamam-tualetində, boru xətlərində təmir işləri aparılıb. Zirzəmi təmir olunarkən borular da dəyişdirilib. Həm də zirzəmilər təmir olunurkən, təmizlənərkən, yalnız universitetin binasının yox, sakinlərin yaşadığı binanın da zirzəmiləri təmir olunub və təmizlənib. Hansı ki, ora zibilxana, siçovul yuvası idi. Kənar maşınların binanın həyətində dayanmaması üçün sakinlər təklif etdilər ki, girişə şlaqbaum qoyulsun. Universitet öz hesabına bunu etdi və avtomobili olan hər kəsə şlaqbaumun açarını verdik. İndi etiraz edən qonşulardan biri çıxıb deyir ki, bunu nəyə qoymusunuz buraya?”.

Lent.az-a münasibət bildirən binanın komendantı Gülnarə Hüseynova bildirib ki, qonşular arasında bəziləri daim problemlər yaratmağa çalışırlar:

“18 ildir bu universitetdə çalışıram. Nə zaman qonşular kömək istəyiblərsə, yerinə yetirmişik. Ancaq onların arasında biri var ki, daim problem yaradır. Kanalizasiyaya əski parçaları atır, problem yaratmaq üçün müxtəlif bəhanələr axtarır. Deyirlər tələbələr səs edir. Universitetin sakinlər yaşayan binaya yaxın binası kitabxanadır. Kitabxanadan sakit yer hara ola bilər ki?! Universitetin əsas binasında Filologiya fakültəsi yerləşir, dekanları da almandır. Yəni, bu kontingent səs-küy salan deyil. Daim universitetdə nizam-intizam qorunub saxlanılıb. Yazır ki, mühasibatlıq işçilərinin səsi bizə mane olur. Mühasibatlıq işçisi necə səs-küy sala bilər axı?! Universitetlə sakinlərin yaşadığı binanın arasında xeyli məsafə var, səs olsa belə, bu qonşulara mane ola bilməz, çünki arada həyət var. Nəhayət, 30 ildir ki, burada təhsil ocağı yerləşib. Necə oldu ki, birdən-birə bu qovğa yarandı?! Ehtimal ki, bu, ya sakinlərin öz evlərini real qiymətindən dəfələrlə baha qiymətə universitetə sırımaq cəhdidir, ya da Allah bilir nə məsələdir, bilmirik”.

 

Bir vaxtlar həmin binada yaşamış Fəridə Vəliyeva isə binanın əvvəlki halı ilə müqayisə olunmaz dərəcəyə gəldiyini deyib:

 

“23 il əvvəl yoldaşımın xəstəliyi ilə əlaqədar buradakı evimizi satıb çıxmışıq. Hər yer toz-torpaq, zirzəmilər nə gündə idi. O vaxt yoldaşım burada siçovullara mübarizə aparırdı. İndiki vəziyyəti göz önündədir. Hər tərəf təmir olunub. Təmizlik işləri aparılıb. Universitetin bufeti isə əvvəl uçuq-sökük yer idi. Daim bağlı olub və orada heç zaman yaşayış olmayıb”.

 

 

Mövzu ilə bağlı saytımıza danışan Səbail Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 8 saylı Mənzil İstismar kommunal sahəsinin rəisi Faiq Qarayevin sözlərinə görə, universitet daim bina sakinlərinin mənzil şəraitinin yaxşılaşmasına dəstək olub:

“Bina 1905-ci ildə tikilib. İnzibati bina olaraq fəaliyyət göstərib. Heç zaman orada yaşayış olmayıb. Binada daim tədris işləri aparılıb. 28 ildir ərazidə müxtəlif vəzifələrdə çalışıram. Əvvəllər binanın birinci mərtəbəsi Bakı Dövlət Universitetinin arxivi olub. Qərb Universiteti yarı zirzəmi olan bu yeri aldıqdan sonra oranı təmir edib, səliqə-səhmana saldı və kitabxana kimi fəaliyyət göstərməyə başladı. Deyirlər ki, səs-küy olur. Necə ola bilər?! Sizdən soruşuram, kitabxanadan sakit yer hara ola bilər...?! Orda ikinci və üçüncü mərtəbədə yaşayış olub. Dəfələrlə istər mənzil istismar sahəsi, istərsə də ali məktəb sakinlərin yaxşılaşdırılması üçün kömək əli uzadıb.

 

Binanın sol tərəfində xalq artisti Təranə Muradovagilin döşəməsi bir dəfə təmiz uçmuşdu. Ümumi binanın qır damı qəzalı idi. Bütün bunları universitet təmir elətdirdi. Eləcə də sakinlərin yaşadığı hissənin damı və zirzəmisini. Arxitektura baxımdan isə heç bir dəyişiklik edilməyib. Şikayət edən Ofeliya adlı sakinin də hamam-tualetin təmiri universitet tərəfindən həyata keçirilib. Sakinlərdən Rəhilə xanımdan soruşun ki, hamam-tualetini kim düzəltdirdi? Deyin görün özü bir dənə də olsun çöp vurdu ora? Tamamilə uçmuşdu. Su şırıltı ilə axırdı”.

# 4267
avatar

Mehman Nəbiyev

Oxşar yazılar