2576
14:18
23 May 2020

“Xəzər Lənkəran” 250 mini kimə və necə təklif edib? - MÜSAHİBƏ

Moldovanın “Nistru” klubunun sabiq futbolçusu Katalin Likioyu müsahibə verib. Apasport.az saytının məlumatına görə, o, 2005/06 mövsümündə UEFA kubokunun “Xəzər Lənkəran”la görüşündə rüşvət təklifi ilə üzləşdiyini açıqlayıb.

- “Nistru”nun “Xəzər”lə oyunları Moldova klublarının avrokubok tarixində ən qaranlıq məqamla yadda qalıb. Gəlin indi həmin vaxt baş verənlər ətrafındakı sirri açaq. Sizə həqiqətənmi pul təklif olunmuşdu?
- Bəli.

- Nə qədər?
- Azərbaycanlılar moldovalı agentlər vasitəsilə bizim maaş və mükafatlarımızı öyrənmişdilər. Bundan sonra bizə 250 min dollar təklif etdilər ki, “Xəzər” – “Nistru” oyununda lazım olan hesabla məğlubiyyəti təşkil edək.

- Bu məbləğ “Nistru” rəhbərliyinə, yəni Vasili Traqireyə təklif olundu, yoxsa oyunçulara? Ümumiyyətlə, bu, necə baş verdi?
- Moldovalı agentlərdən biri dedi ki, “Xəzər”dən bir nəfər sizinlə danışmaq istəyir. Biz onda hələ bilmirdik ki, hansı məsələdir. Məndən başqa daha iki futbolçu – qapıçı Leu və müdafiəçi Lupaşko ilə də əlaqə saxladılar. Birbaşa işbirliyi təklif etdilər və 250 minlik məbləğ səsləndirdilər. Bizdən başqa heç kim bu təklif barədə bilmirdi.

- Belə çıxır ki, sizin seçiminiz var idi. Bu pulu götürüb aranızda bölə bilərdiniz. Hərəniz 80 min götürəcəkdiniz. Qapıçı, mərkəz müdafiəçisi və mərkəz hücumçusu olduğunuzu nəzərə alsaq, bu, “Xəzər”in qələbəsi üçün kifayət etməli idi. Siz üçünüz əsas heyətin daimi üzvləri idiz və sizi heç kim də dəyişməyəcəkdi. Əsas qapıçı, kapitan, bombardir...
- Bəli, biz bu pulu götürə bilərdik. Amma biz belə etmədik.

- Bu təklifi biləndən sonra nə etdiniz?
- Bütün komanda ilə toplaşıb, futbolçulara belə variantın olduğunu dedik. Biz bir ailə idik və qərarı birlikdə verdik. Oyunçular dedi ki, meydana çıxıb qələbəmizə düzgün oynayacağıq.

- Bu pulu qardaş kimi 18 futbolçu arasında da bölsəydiz, hərənizə 14 min düşərdi...
- Belə çıxır.

- Bəs rəhbərlik sizə “Xəzər”i keçmək üçün nə verdi?
- 4 min dollar

- Bu, azərbaycanlıların təklif etdiyindən təxminən 3 dəfə azdır. Özü də siz həmin 4 mini almaya da bilər və heç nə olmadan qalardınız...
- Başa düşürəm. Amma imtina etdiyimiz üçün peşman deyiləm. Gərginlik olmadan çıxıb 10 min artıq qazanardıq. Amma həmin vaxt səfərdə iki qol vuranda məni bürüyən emosiyalar heç nə ilə müqayisə oluna bilməz. Bunu heç bir pulla almaq olmaz. Mən oyun və nəticədən ağlasığmaz məmnunluq aldım. 10 min dollar bunun yanında heç nədir. Bu, mənim futbol karyeramın ən yaddaqalan anıdır. Bu iki qol uzun müddət həyatımızın ən vacib hadisəsi idi. Uşağım olanadək.

- Təsəvvür edirsiniz, 2005-ci ildə Moldovada 90 dəqiqəyə 14 min dollar qazanmaq nədir. Başqaları səhər 8-dən axşam 6-ya qədər həftədə 5-6 gün işləməklə 3 ilə əldə edə bilmirdi...
- Biz öz karyeramızı korlamaq istəmirdik. Sonradan hardasa üzə çıxacaqdı. Onda heç bir normal kluba düşə bilməzdik. Bir anlıq 10-14 min üçün risk eləməyə dəyməzdi. Gələcəyimizi korlaya bilməzdik. Həmin matçdan dərhal sonra “Xəzər” mənə ora keçməyi təklif etdi. Yaxşı şərtlər təklif olundu. On dəfələrlə artıq qazana bilərdim.

- Niyə keçmədiniz?
- Onlar üç nəfər – məni, Yançuku və Andrey Matsyuranı istəyirdi. Amma rəhbərlik buraxmadı.

- Niyə?
- Daha zəif çempionata və daha zəif kluba keçməyin mənasız olduğunu dedi. Biz onları iki dəfə udduq və aşkar güclü idik. Bu üzdən rəhbərlik daha güclü liqaya getməyimizi istəyirdi, nəinki Azərbaycan çempionatına.

- Bəlkə də düz idi. Həmin illərdə Moldova klubları Azərbaycan təmsilçilərini həmişə keçirdi. “Zimbru”, “Tiraspol”, “Daçiya”, “Olimpiya”, “Nistru” komandaları “Qarabağ”ı, “MKT-Araz”ı, “Xəzər Lənkəran”ı və “Bakı”nı mübarizədən kənarlaşdırmışdı...
- Bilirsiz də, orda pula görə şərait var idi. “Xəzər”in prezidenti təkcə “Bakı” üzərində bir qələbəyə görə hər futbolçuya yeni BMW Х5 vermişdi.

Dİgər xəbərlər