Tibbi maska istehsalı nə zaman artırılacaq? - Nazirlikdən CAVAB
08 aprel 2020 17:20 (UTC +04:00)

Tibbi maska istehsalı nə zaman artırılacaq? - Nazirlikdən CAVAB

Koronavirus pandemiyası ilə əlaqədar tələbatın kəskin artması səbəbindən bütün ölkələrdə tibbi ləvazimat və maskanın ciddi qıtlığı yaşanır. İstehsalçı ölkələr isə tibbi maska ixracını dayandırmaqla yanaşı, istehsal avadanlığı və xammalı da satmaqdan imtina edirlər.
Məlum olduğu kimi artıq ölkəmizdə tibbi maska istehsalı müəssisəsinin təşkili işləri başa çatdırılıb və müəssisə fəaliyyətə başlayıb.
Bəs müəssisədə maska istehsalının artırılması hansı tarixdə nəzərdə tutulur? Tibbi maskaların ixracı reallaşa bilərmi?
Mövzu ilə bağlı İqtisadiyyat Nazirliyindən Lent.az-a verilən açıqlamada bildirilib ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, aidiyyəti dövlət qurumlarının birgə səyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail olunub:

“Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsi Sumqayıt Kimya Sənaye Parkının ərazisində müvafiq yerlə təmin edilib və ona Sənaye Parkının rezidenti statusu verilib. Bu status müəssisəyə sənaye parklarına tətbiq edilən güzəştlərdən faydalanmağa imkan verir. İstehsalçıya İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə 1,2 mln. manat güzəştli kredit verilib. Bununla yanaşı, Sumqayıt Kimya Sənaye Parkının rezidenti "MST Engineering Services" MMC sosial məsuliyyətdən çıxış edərək, Sənaye Parkının ərazisində ona məxsus istehsal sahəsinin bir hissəsini tibbi maska istehsalı müəssisəsi üçün ayırıb. Tibbi maskaların qablaşdırılması üçün xüsusi qutular isə Balaxanı Sənaye Parkının rezidenti, fərdi sahibkar Etibar Eminov tərəfindən istehsal edilir".
Açıqlamada qeyd olunub ki, tibbi maska istehsalı üçün Türkiyədən gətirilmiş müasir avadanlıq qısa müddətdə quraşdırılıb. Müəssisənin yaradılması üçün investisiya xərcləri 3,9 milyon manat təşkil edir.
Həmçinim müəssisədə 30-dan çox yeni iş yeri yaradılıb:

"İstehsal prosesi üç növbəlidir. Tibbi maskaların istehsalı müəssisəsində İSO 17050-1 standartlarına uyğun xammaldan birinci mərhələdə gündəlik 120 min tibbi maska istehsal ediləcək. Maskalar xüsusi avadanlıqla əlavə sterilizasiya olunacaq.
Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələ çərçivəsində istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Müəssisənin məhsulları ilkin olaraq, daxili bazarda tələbatı ödəməyə yönəldiləcək".

# 1736
avatar

Aygün İbrahimli

Oxşar yazılar