532
12:30
07 Aprel 2020

Bağışlamaq, dövlətin özü boyda böyüklük əlamətidir

Aprelin 6-da Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzalayıb.

Dövlət başçısı bu Sərəncamı dünyada koronavirus (COVID-19) infeksiyasının yayılması ilə əlaqədar yaşına və səhhətinə görə xüsusi qayğıya ehtiyac duyan yaşı 65-dən yuxarı olan məhkumların və onların ailə üzvlərinin ona ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların sağlamlıq vəziyyətini, cəza çəkdikləri müddətdə davranışlarını nəzərə alaraq və humanizm prinsiplərinə əsaslanaraq imzalayıb.

Sərəncama əsasən, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, yaşı 65-dən yuxarı 176 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Onların arasında müxtəlif cinayətlərdə təqsirli bilinən, buna görə də bu və ya digər müddətə həbsə məhkum olunan keçmiş generallar Akif Çovdarov, Subahir Qurbanov da var. Qeyd etdiyimiz kimi, əfv Sərəncamı 65 yaşından yuxarı şəxsləri əhatə edib ki, adı çəkilən şəxslər də bu kateqoriyaya aiddir. Törətdikləri cinayətlərin ağırlıq dərəcəsi də onları əfv etməyə imkan verir.

Əslində, Prezident İlham Əliyev tərəfindən növbəti əfv sərəncamının imzalanması dövlətimin humanizm siyasətini bir daha nümayiş etdirdi. Koronavirusla bağlı belə bir kritik məqamda məhz bu əfv qərarının verilməsi də dövlət başçısının yaşlı vətəndaşlara həssas münasibətinin təzahürüdür. Bu qərarı, yaşı 65-dən yuxarı insanların koronavirusdan qorunması yolunda atılan mühüm addım kimi dəyərləndirməliyik.

Prezidentin imzaladığı əfv sərəncamı ilə ömürlük həbs cəzasına məhkum edilmiş 2 nəfər də azadlığa çıxıb.

Onlardan biri indiyəcən 20, digər biri isə 25 il cəza çəkib. Bundan başqa, 2 nəfər Nardaran hadisələrinə görə həbs olunan şəxs əfvə düşüb.

Elə bu məqamın özü də sübut edir ki, ölkə başçısının bu addımı statusundan asılı olmayaraq hər bir Azərbaycan vətəndaşına diqqət və qayğının təzahürüdür.

Mahiyyətinə görə, bütün əfv sərəncamları humanizmdən xəbər verir. Amma bəziləri son sərəncamı, nədənsə gözdən salmaq niyyətinə düşüblər. Cəzasının ciddi bir hissəsini çəkmiş, bundan sonra cəmiyyət üçün heç bir təhlükə təşkil etməyən, üstəlik ciddi xəstəliyi olan adamı həbsdə saxlayıb indiki ağır durumda dövlətə əlavə yük etməkmi yaxşıdır, yoxsa bu yükü yüngülləşdirmək? Bax, sual budur.

Başqa bir sual. İki aydır, yəni koronavirus pandemiyası real təhlükə kimi görünəndən bəri iqtidara qarşı əsas iradlardan biri məhkumlar, xüsusən də yaşlı məhkumlarla bağlı idi, onlar risk kateqoriyasına aid edilirdi. Onların azad edilməsi barədə sosial şəbəkələrdə müxtəlif çağırışlar olunurdu. Budur, əfv sərəncamı imzalanıb. 176 nəfər ailəsinə qovuşub. Və onların arasında Akif Çovdarov, Subahir Qurbanovun da adları var. Adamlar etdikləri cinayətin bədəlini ödəyiblər. Yaşları da 65-i keçib. Xəstədirlər. Pandemiyanın tüğyan etdiyi bir məqamda onlarla bağlı həbsxanada, Allah eləməmiş, nələrsə baş versə, yəqin bu dəfə başqa qarayaxmaları eşidəcəkdik.

Bu adamlar bir şeyi də anlamırlar ki, dövlət ən qatı caniyə belə humanist və mərhəmətli yanaşacaq boyda böyükdür. Artıq islah olunmuş, cinayətini etiraf etmiş şəxsləri bağışlamaq isə dövlətin özü boyda böyüklük əlamətidir.