478
22:36
09 Fevral 2020

Fransalı senator Xocalı soyqırımından danışdı


“Fransızlar situasiyanın dəqiq necə olması barədə məlumatlı deyillər. Fransada erməni lobbisinin gücünü yəqin ki, bilirsiniz. Fransada xeyli sayda erməni yaşayır, azərbaycanlıların sayı isə azdır. Düşünürəm ki, sizin ölkəniz barədə informasiyaların Fransada yayılması çox vacibdir”.

Bunu APA -ya açıqlamasında Fransa Parlamentinin senatoru, Parlamentdə Xarici Əlaqələr və Müdafiə Komitəsinin sədr müavini Joel Guerriau deyib.

Onun fikrincə, Ermənistanla bağlı məlumat və situasiyanı fransızlar tez öyrənə bilir, Azərbaycanla bağlı isə yox. “Məsələn, Azərbaycan Xocalı qırğınını yaşayıb və bu dəhşətli faciə idi. Düşünürəm ki, fransız xalqı bu barədə bilməlidir. Ermənilər Azərbaycanla bağlı bəzən fransızların fikirlərinə təsir edirlər. Əsas məsələ Azərbaycanla bağlı məlumatın yayılmasıdır. Məsələn, mən ilk dəfədir ki, Azərbaycana səfər edirəm və artıq Azərbaycanla bağlı fikirlərim əvvəlki kimi deyil. Yeni tanışlar qazandım Azərbaycanda və bu ölkə haqqında çox öyrəndim”, - deyə o bildirib.

J.Guerriau qeyd edib ki, Dağlıq Qarabağ münaqişənin həlli tapılmalıdır: “Bildiyiniz kimi, Fransa digər iki ölkə - ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupunun həmsədridir. Düşünürəm ki, Fransanın rolu bu qrupda çox vacibdir. ABŞ və Rusiya müxtəlif qütblərdədir, Fransa isə mərkəzdədir”.