Sevgisinə görə dinini dəyişən, fahişənin biabır etdiyi Bilal - SİRLİ ULDUZLAR
31 yanvar 2020 18:00 (UTC +04:00)

Sevgisinə görə dinini dəyişən, fahişənin biabır etdiyi Bilal - SİRLİ ULDUZLAR

Frank Riberi. Dünya futbolunun sayılıb-seçilən simalarından biri. Sürəti və texnikasının hesabına reallaşdırdığı cinah reydləri ilə rəqib müdafiəçilərinə kabus yaşadan şəxs. Düzdür, 37 yaşı haqlayan və hazırda “Fiorentina”nın üzvü olan Riberi artıq karyerasının son illərini yaşayır. Buna baxmayaraq, oynadığı bütün klublarda liderlərdən sayılmış Frank futbolda imza atdığı nailiyyətlərlə öyünə bilər. Əbəs yerə dahi Zinəddin Zidan onu “Fransanın incisi” adlandırmayıb ki...

 

Üzündəki “şram”ların səbəbi...

1983-cü il aprelin 7-də Bulon-syur-Mer şəhərində anadan olan Riberi kasıb ailədə böyüyüb. Atası asfalt düzəldən işləyib. Ailənin ilk övladı olan Frankın 2 qardaş, 2 bacısı var. 1985-ci ildə iki yaşlı Riberi valideynləri ilə birlikdə ağır qəza keçirir: onların olduqları avtomobil yük maşınına çırpılır. Bu qəza uşağın təkcə yaddaşında deyil, həm də üzündə iz buraxır. Güclü zərbə Frankı yerindən qoparıb maşının ön şüşəsinə çırpır, nəticədə ağır zədə alır. Xəstəxanaya çatdırılan uşağa çoxlu tikiş qoyulur. Ölümlə mübarizə aparan Riberi sağ qalmağı bacarır, ancaq bu, ona sağ üzündə iki uzun çapıq hesabına başa gəlir.

 

“Gözümü açanda xəstəxanadaydım”

Maraqlıdır ki, qəza keçirəndə cəmi 2 yaşı olsa da, Frank həmin hadisəni yaxşı xatırlayır: “Hər şey ani baş verdi. Güclü zərbə ilə ön şüşəyə dəyib, sonra uçmağım yadımdadır. Gözümü açanda xəstəxanadaydım. Başımın üstündə dayanan atamın narahat siması hələ də gözlərimin önündədir. Əsas odur ki, sağ qaldım. Bu qəza və onun fəsadı məni daha da gücləndirdi, cəsarətli etdi”.

 

“Məni lağa qoyurdular, dalımca gülürdülər”

İlk vaxtlarda isə buna alışmaq heç də asan deyildi. Çünki üzündəki “şram”lara görə balaca Riberiyə sataşıb, onunla məzələnirdilər. “Lağ edirdilər, cırnadırdılar. Ən dəhşətlisi isə uşaqların məni təhqir etməsi yox, böyüklərin gözünü üzümdən çəkməməsiydi. Hətta sinif yoldaşlarımın valideynlərinin dalımca necə güldüklərini hiss edirdim. Ailəm üçün də bu durumu qəbul etmək çətin idi. Kimsə üzümə çox baxanda valideynlərim əsəbiləşirdilər. Bir sözlə, ağır dövr yaşayırdım. Onda başa düşdüm ki, güclü olmasan, öləcəksən. Təkbaşına bunun öhdəsindən gəlməliydim. Üzləşdiyim reaksiyalar dözülməz olsa da, heç vaxt buna görə ağlamamışam” - həmin dövrü belə xatırlayır Riberi.

 

Ana hədiyyəsi

Frank, üzündəki çapıqlara baxmayaraq, təslim olmur və xoşbəxtliyi idmanda axtarmağa qərar verir. Onun futbolçu olacağı uşaq vaxtından bəlli idi, özü də bunu bacaracağına inanırdı. Lakin maddi vəziyyəti yaxşı olmayan ailəsi Frankı idman məktəbinə yazdıra bilmirdi. Buna görə də Riberi evlərinin arxasında beton üzərində futbol oynayırdı. Frank kasıblığın nə olduğunu uşaq yaşlarından dərk edirdi: "Bir dəfə anam mənə yeni idman ayaqqabısı aldı və dedi ki, bahalı olduğu üçün onu qorumalıyam. Həmin “krossovka”nı ancaq məktəbə geyinirdim, evə qayıdan kimi dərhal ayağımdan çıxarırdım. Uşaqlarla futbol oynamağa gedəndə isə köhnə idman ayaqqabımdan istifadə edirdim. İstəyirdim ki, anamın aldığı yeni “krossovka”nı uzun müddət geyinə bilim”.

 

Komanda yoldaşının dirsəyini qırır, qovulur

6 yaşından top həvəsinə düşən Riberi 12 yaşında “Lill”in akademiyasına götürülür. Bundan sonra məktəb, dərslər onun üçün ikinci plana keçir. İstedadı ilə həmyaşıdlarından seçilsə də, aqressiv olmasına görə çox da sevilmirdi. Bir gün məşqdə komanda yoldaşı ilə dalaşır, dirsəyini qıraraq onu xəstəxanalıq edir. Bundan sonra “Lill”dən qovulur.

 

“Banklar mənə borca pul vermirdi”

İşsiz qalan Riberi bir müddət həvəskar komandalarda - 3-cü divizion təmsilçilərində oynamalı olur. Əvvəlcə “Bulon”un formasını geyinən Frank 2002-ci ildə “Ales”ə, 1 il sonra “Brest”ə keçir. “Ales”də oynadığı vaxt maddi problemlər üzündən bir ara futbolun başını buraxır və atasının yanında işləyir: “Həyatımda çətin dövrlər olub. Ancaq qazandığım təcrübəyə görə taleyimə minnətdaram. Həmişə nə istədiyimi bilmişəm və ona nail olmağa can atmışam. Yadımdadır, borclarım o həddə çatmışdı ki, bank mənə pul verməyi dayandırmışdı. Başqa iş axtarmaqdan savayı çıxış yolum qalmamışdı. Atamın yanında asfalt düzəltməyə başladım. Təmir gedən küçələrə asfalt döşəyirdik. Əziyyət çəkir, tər tökürdüm. Atam mənə çox kömək olub. O, həmişə məni dəstəkləyirdi. Ancaq xarakterimi özüm formalaşdırmışam. Atam övladların insan üçün ən vacib varlıq olduğunu başa salırdı. Bunu ondan öyrənmişəm”.

 

“Mets”ə havayı keçir

2004-cü ildə bəxt üzünə gülür Riberinin. “Brest”in heyətində meydana çıxdığı yoldaşlıq görüşündə Fransanın yüksək dəstə təmsilçisi “Mets”in baş məşqçisi Jan Fernandesin diqqətini çəkir. Frankın oyununu bəyənən mütəxəssis onun “Brest”lə peşəkar müqaviləsinin olmadığını biləndə çox təəccüblənir. Dərhal rəhbərliyə bu barədə məlumat verir və Riberinin “Mets”ə keçidi havayı baş tutur. İlk peşəkar müqaviləsinə qol çəkən Frank debüt mövsümündə Liqa-1-də 20 oyun keçirir və 2 qol vurur.

 

Plastik əməliyyata razı olmur

Peşəkar futbolçu olandan sonra cərrahlar Riberiyə plastik əməliyyat vasitəsilə üzündəki çapıqları aradan qaldırmağı təklif edirlər. Lakin o, qəti şəkildə bundan imtina edir. Səbəbini soruşanda isə belə cavab verir: “Çapıqlara görə artıq kompleks yaşamıram. Əlbəttə, olmasaydılar, daha yaxşıydı. Ancaq var deyə, niyə utanmalıyam? Üzümdəki çapıqlar da bir hissəmdir. İnsanlar məni olduğum kimi qəbul etməlidirlər”.

“Mets”də “Yeni Pires” adlandırılan Riberi 2005-ci ilin əvvəlində “Qalatasaray”a keçir. Ancaq maaşların gec verilməsi və digər problemlər üzündən Türkiyədə çox qalası olmur. “Cim-bom”la ölkə kubokunu qazanan Frank yayda Fransaya qayıdır - sabiq məşqçisi Jan Fernandesin çalışdırdığı “Marsel”ə keçir.

 

Dinini dəyişir, özünə yeni ad götürür

Vətəninə dönəndən sonra Riberinin şəxsi həyatında dəyişiklik baş verir. Əlcəzair əsilli, Vahibə adlı qızla bir-birlərini sevməyə başlayırlar. Evlənmək istəyən cütlük əngəllə üzləşir: valideynləri Vahibənin xristian oğlana ərə getməsinə qarşı çıxırlar. Sevdiyi qızla nəyin bahasına olur-olsun evlənmək istəyən Frank gözlənilməz addım ataraq müsəlmanlığı qəbul edir və özünə yeni ad götürür: Bilal Yusif Məhəmməd. Bundan sonra Vahibənin valideynləri yola gəlir, toy baş tutur. Cütlüyün hazırda 2 qızı və 2 oğlu var.

 

“Hiss edirdim ki, İslam fikirlərimə uyğundur”

“Valideynlərim müsəlman deyillər, katolikdirlər. Əslində İslam dininə rəğbətim 15 yaşım olanda yaranmışdı. Mən müsəlman ailələrinin də qaldığı mikrorayonda böyümüşəm. Daha çox müsəlman uşaqlarla oynayırdım. Hiss edirdim ki, İslam fikirlərimə uyğundur. Bununla belə, Vahibə ilə tanış olana qədər həyatımda dəyişiklik etməyə ehtiyac duymurdum. Həyat yoldaşım üçün hər şeyə hazıram. Onun sayəsində böyük bir dinlə yaxından tanış oldum, inanclı insana çevrildim. Gündə 5 dəfə namaz qılıram. Bu, mənə azadlıq hissi bəxş edir və gücümü artırır”, - müsəlman olmaq qərarını belə izah edir Riberi.

 

“Namaz otağında Zidanla qarşılaşdım”

“Marsel”də özünü yaxşı tərəfdən göstərən Riberi 2006-cı ildə Fransa yığmasına dəvət alır və millinin kapitanı Zinəddin Zidanla tanış olur: “2006-cı ilin mayı idi. Ona qədər Zidanla tanış deyildim və dahi futbolçunun məni necə qəbul edəcəyi ilə bağlı çox narahatlıq keçirirdim. Beynimdən fərqli ssenarilər keçirdi. Ancaq düşündüyümün əksi oldu. Namaz qılmaq üçün ayrılmış xüsusi otağa girdim və orada Zidanla qarşılaşdım. Birlikdə dua etdik. İslam bizi bir-birimizə yaxınlaşdırdı və Zidanın necə möhtəşəm, sadə insan olduğunu gördüm. Meydanda da bir-birimizi yarısözdən başa düşürdük. Onu özümə böyük qardaş sayıram”.

 

“Real” vaz keçir, “Bavariya” alır

Millinin heyətində DÇ-2006-da gümüş medal qazanan Riberi 1 il sonra Avropa nəhənglərindən sayılan “Bavariya”ya keçir. Məhz Münhen klubunda potensialını tam açmağı və dünyanın ən yaxşı oyunçularından birinə çevrilməyi bacarır. Həmin vaxt Franka görə çox pul xərcləmək istəməyən “Real” və “Mançester Yunayted” sonra peşman olurlar. 7 nömrəli formanı seçən Riberi “Bavariya”ya qısa zamanda uyğunlaşır. Aryen Robbenin də gəlişindən sonra yarımmüdafiənin hər iki cinahı rəqiblərə “qan uddurmağa” başlayır.

 

17 yaşlı qızla münasibəti üzə çıxır

İşlərinin yaxşı getdiyi vaxtda - DÇ-2010-dan bir müddət əvvəl haqqında sensasion xəbər yayılır. Əlcəzair əsilli fahişə Zahia Dehar Fransa yığmasının futbolçuları - Frank Riberi, Kərim Benzema və Sidney Qovu ilə intim münasibət yaşadığını, özü də bunun yetkinlik yaşına çatmadığı, cəmi 17 yaşında olduğu vaxt baş verdiyini açıqlayır. Biabır olan Frankın hər dəfə Zahiaya 2 min funt pul ödədiyi üzə çıxır. Digər futbolçulardan fərqli, Riberi günahını boynuna alır, lakin Deharın yaşının azlığından xəbərsiz olduğunu bildirir. Bu hadisə onun imicinə xələl gətirir. Xəyanət etdiyi üçün həyat yoldaşının Riberidən boşanacağı gözlənilsə də, Vahibə ərinin müdafiəsinə qalxaraq, ona dəstək olur.

 

“Qızıl top”u məndən oğurladılar”

Baş verən olay Riberinin oyununa pis təsir etmir. 2013-cü il onun üçün çox düşərli olur. Bundesliqa, Almaniya Kuboku, Çempionlar Liqası, UEFA Superkuboku və Klublararası dünya çempionatını qazanan Frank Avropanın ən yaxşı futbolçusu seçilir. Həmin il “Qızıl top”un da ona veriləcəyi gözlənilirdi. Lakin mükafatın qalibi Kriştianu Ronaldo olur. Riberi indinin özündə də bunu haqsızlıq sayır: “Qızıl top”u məndən oğurladılar. Çünki bütün titulları qazanmışdım, ondan artığını etmək mümkün deyildi. Bu, haqsızlıq idi, ədalətli davranmadılar. Həmin vaxt ölkəm də məni yaxşı dəstəkləmədi. Fransızlar Ronaldonun qalib gəlməli olduğunu deyirdilər. Sizcə, portuqallar Riberi və ya Messinin mükafatı qazanmasını istəyərdilər? Əsla! “Qızıl top”a layiq idim”.

 

“Müsəlman olduğumu bilə-bilə bunu etdi”

Elə həmin il Almaniya çempionluğunu bayram edərkən komanda yoldaşı Boatenqdən bərk küsür. Səbəb Jeromun spirtli içki qəbul etməyən və namaz qılan Riberinin üstünə pivə tökməsi olur. “Boatenqlə heç vaxt danışmayacağam. O, mənim müsəlman olduğumu bilə-bilə bunu etdi”, - Frank iradını bildirir.

 

12 illik evindən ayrılıq

2019-cu ildə onun üçün ağır ayrılıq baş verir. 12 il formasını geyindiyi, “Bura mənim evimdir” dediyi  “Bavariya”dan “Fiorentina”ya keçməli olur. Münhen klubunun azarkeşləri ilə vidalaşarkən göz yaşlarını saxlaya bilmir.

Yaxınları və komanda yoldaşı olmuş futbolçular Riberini xeyirxah insan adlandırırlar. Özü də bu fikirlə razıdır: “Böyük ürəyim var. Özümü qurban etməyi, insanlara həmişə nəsə verməyi xoşlayıram. İstəyirəm ki, əldə etdiyim uğurlardan digərləri də xeyir görsünlər”.

 

# 21018
avatar

Rizvan Babayev

Oxşar yazılar