İncəsənət ömrü uzadır: elmi təsdiq
02 fevral 2020 16:25 (UTC +04:00)

İncəsənət ömrü uzadır: elmi təsdiq

Muzey və ya qalereyaya getmək ömrünüzü uzada bilər. London Universitetinin kollecində çalışan alimlər 50 yaşdan yuxarı bir neçə min britaniyalının sağlamlığı və məşğuliyyəti haqda informasiyaları araşdırdıqdan sonra bu qənaətə gəliblər.

Onlar yaşlanmanın araşdırılması zamanı toplanmış göstəricilərə istinad ediblər. Britaniyada 17 ildir ki, aparılan bu geniş miqyaslı araşdırma öz-özlüyündə çox maraqlıdır - müəlliflər 18 min britaniyalının təqaüddən əvvəlki və sonrakı sağlamlıqları və həyat tərzləri barədə detallı məlumatlar toplayıblar.

İncəsənətlə bağlı araşdırmaların miqyası daha kiçik olub - müəlliflər buna razılıq verən 6710 nəfərin göstəricilərini araşdırıblar. Onlar incəsənət anlayışını maksimum geniş təfsir ediblər və kinoya, sərgilərə, konsertlərə, muzeylərə getmə tezliyini öyrəniblər.

Alimlər nəzarətə götürülmüş şəxslərin müşahidəsindən bu nəticəyə gəliblər ki, 14 il ərzində (2004-cü ildən etibarən) ildə bir-iki dəfə qalereyalara gedənlərin ölmək ehtimalı daha az olub.

Araşdırmaçılar hər bir pasientə təsir edən bütün faktorları nəzərə almağa çalışıblar - sağlamlıq vəziyyəti, gəlir səviyyəsi, sosial status, gündəlik vərdişlər və sairə. Bütün bu amillər nəzərə alınmaqla belə, məlum olub ki, ömrün uzunluğu ilə incəsənət arasında əlaqə kifayət qədər dəqiqdir.

İncəsənətlə heç maraqlanmayanlarla müqayisədə, ona az da olsa vaxt ayıranların ölmə ehtimalı 14 faiz az olub. Nəzarət dövründə birinci qrupa daxil olan 1762 nəfərdən 837-si, ikinci qrupdakı 3042 nəfərdənsə 809-u vəfat edib.

Ortalama hər iki aydan bir konsertə, kinoya və ya qalereyaya gedənlər iştirakçıların ən sağlam hissəsini təşkil edib. Bu qrupda 1906 nəfərdən 355-i dünyasını dəyişib, yəni? nəzarət dövründə bu qrupdakı ölüm faizi birinci qrupdakından 30 faiz az olub.

Araşdırmanın müəlliflərindən biri, universitet kollecinin davranış və sağlamlıq fakültəsinin professoru Deyzi Fankur deyir ki, incəsənət, əlbəttə ki, həlledici faktor deyil.

"Davranışın digər aspektləri - tütün və alkoqoldan istifadə, fiziki aktivlik ömrün uzunluğuna təsir edən daha vacib amillərdir. Ancaq insanların sağlamlığa aid etmədiyi faktorların da rolu az deyil", - professor Fankur CNN-ə müsahibəsində belə deyib.

Bunu necə izah etmək olar?
Araşdırmanın müəllifləri incəsənəti multimodal terapiyanın bir növü hesab edirlər. Psixologiyada bunu pasientə kompleks yanaşma adlandırırlar: həkim onun sağlamlığını hərtərəfli araşdırır - orqanizminin bioloji funksiyalarından tutmuş şüurunu məşğul edən obrazlara qədər.

"İnsanın incəsənətə tamaşaçı qismində cəlb olunmasını ömrün uzunluğuyla birbaşa əlaqələndirmək olar, çünki incəsənət xroniki stresi, depressiyanı azaltmaqda və problemlərin həlli üçün vacib olan emosional, koqnitiv və sosial resurslar əldə etməkdə insana kömək edir", - araşdırmanın nəticələrində yazılır.

Beləliklə, incəsənətin psixika üçün faydalı olduğunu deyə bilərik. Alimlərin qeyd etdiyi faktorlardan biri budur.

 

İkinci faktor incəsənətlə təmasın insana sosial kapital qazandırmasıdır. Əvvəla, alimlər təklik və erkən ölüm arasında birbaşa əlaqə olduğunu düşünürlər. İkincisi, incəsənət insanın koqnitiv potensialını, empatiyasını artırır və bu, stresi azaltmağa kömək edir.

Nəhayət, cəmiyyət arasına çıxmaq insanın aktiv həyat tərzi keçirməsinə səbəb olur, bu isə ürək-damar sisteminin sağlamlığına müsbət təsir edir.

"Biz hesab edirik ki, burada mənalı həyat yaşamaq hissi rol oynaya bilər", - professor Fankur deyir.

Araşdırmanın müəllifləri bildirirlər ki, incəsənət və sağlamlıq arasındakı əlaqə Ümumdünya Səhiyyə Təşkilatının noyabr arasında dərc olunmuş hesabatında da qeyd olunub. Ancaq alimlər bu əlaqənin hələ sona qədər araşdırılmadığını da vurğulayırlar.

(bbc)

 

# 2802
avatar

Oxşar yazılar