Qatlanan smartfonlar əvvəlki kimi kifayət qədər həssas və kövrək cihazlar olaraq qalır.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “JerryRigEverything” adı ilə tanınan texnologiya bloqeri “YouTube” kanalında bildirib.
Müxtəlif elektron cihazların möhkəmliyini sınaqdan keçirməsi ilə tanınan bloqer “Samsung Galaxy Z Fold 8” modelini test edib. Nəticələrə əsasən, yeni smartfon əvvəlki modellərlə müqayisədə daha davamlı olsa da, qatlanan telefonlara xas bəzi problemlər hələ də qalır.
Bloqerin sözlərinə görə, cihazın qatlanan əsas ekranı olduqca yumşaq materialdan hazırlanıb. “Samsung” bu materialı “Flex Titanium” adlandırır. Test zamanı məlum olub ki, ekranın üzərində hətta dırnaqla toxunduqda belə cızıq və izlər yarana bilər.
Smartfonun arxa hissəsində isə qoruyucu şüşədən istifadə olunub. Sınaqlar göstərib ki, bu şüşənin davamlılığı adi smartfonlarda istifadə edilən qoruyucu şüşələrlə təxminən eyni səviyyədədir.
Bununla yanaşı, “Samsung”un cihazın iki hissəsini birləşdirən menteşəni xeyli möhkəmləndirdiyi müəyyən edilib. JerryRigEverything telefonu əks istiqamətdə əyərək sındırmağa çalışsa da, “Galaxy Z Fold 8” bu sınağa tab gətirib.
“Galaxy Z Fold 8” “Samsung”un ən bahalı smartfonlarından biri hesab olunur. ABŞ bazarında cihazın başlanğıc qiyməti 1900 dollar təşkil edir.