Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdi alınmadı - FOTO - VİDEO
29 yanvar 2020 17:19 (UTC +04:00)

Azərbaycana külli miqdarda narkotik keçirmək cəhdi alınmadı - FOTO - VİDEO

Gömrükçülərin həyata keçirdikləri uğurlu əməliyyatlar nəticəsində 3 fakt üzrə 10 kiloqramdan artıq narkotik vasitə və külli miqdarda güclü təsiredici maddələr aşkar edilərək dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsindən Lent.az-a verilən məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə İrandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən külli miqdarda narkotik vasitələrin "Aynur" adlı şəxs tərəfindən realizə olunacağı barədə məlumat daxil olub. Dərhal yaradılan əməliyyat qrupu Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları ilə birgə Abşeron rayonu, Xırdalan şəhəri, "AAF-Park" yaşayış kompleksində yerləşən istirahət parkında əməliyyat keçirib və Azərbaycan vətəndaşı Məmmədova Aynurə Əlibala qızı şərti alıcı qismində çıxış edən əməliyyat müvəkkilinə narkotik vasitələri satarkən saxlanılıb.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin inzibati binasına gətirilən Aynurə Məmmədova məxsus sellofan torbaya və qara rəngli çantaya baxış keçirilib. Yoxlama zamanı sellofan torbadan 4 kiloqram 55 qram narkotik vasitə - tiryək, qara rəngli çantadan isə 4 kiloqram 958 qram narkotik vasitə - həşiş aşkar edilib.

Pakistan vətəndaşının Azərbaycana narkotik maddə keçirmək cəhdinin də qarşısı alınıb.

Biləsuvar gömrük postunda İrandan piyada gələn Pakistan vətəndaşı Ahmad Kaleem Khan Ahmada məxsus çamadana piyada keçid xəttində olan "Heiman X-Ray" markalı rentgen yük yoxlama qurğusu vasitəsilə baxış keçirilərkən monitorda şübhəli cizgilər müşahidə olunub.

Ahmad Kaleem Khan Ahmad ona məxsus çamadanda gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitələrin olmadığını bildirib. Lakin yoxlama zamanı çemodanın alt divarına yapışqanlı lentlə bərkidilərək divar boyunca yerləşdirilmiş bir ədəd sellofan bağlamada, qablaşdırılması ilə birgə çəkisi 1 kiloqram 118 qram təşkil edən heroin aşkar edilib.

"Yalama" gömrük postunun əməkdaşları isə Rusiyadan gələn qatardan külli miqdarda güclü təsir edən maddələr aşkar ediblər.

392 nömrəli "Rostov-Bakı" qatarına baxış keçirilən zaman 2-ci vaqonun 2, 3, 4 və 5-ci kupelərinin tavan hissəsindəki boşluqlarda gömrük nəzarətindən gizlədilmiş, ümumilikdə 650 ədəd flakonda "Güclü təsir edən maddələr və onların külli miqdarının siyahısı"-na daxil olan dərman preparatları aşkar olunub. Araşdırma zamanı həmin maddələri 2-ci vaqonun bələdçiləri Sobolevskaya Karina Vajevna və Pravdyuk Mariya Serqeyevnanın ölkə ərazisinə keçirməyə cəhd göstərdikləri məlum olub.

# 1202
avatar

Mehman Nəbiyev

Oxşar yazılar