Həcc ziyarətinə turist kimi getmək olarmı? - RƏSMİ cavab
29 yanvar 2020 15:00 (UTC +04:00)

Həcc ziyarətinə turist kimi getmək olarmı? - RƏSMİ cavab

Ötən həftədən Həcc ziyarətinə getmək istəyənlər üçün sənədlərin qəbuluna başlanılıb.

Azərbaycandan istənilən vətəndaşın fərdi şəkildə turist kimi Həcc ziyarətinə getməsi mümkündürmü? Yaxud Azərbaycan vətəndaşı başqa bir ölkədən Həcc ziyarətinə gedə bilərmi?

Lent.az-ın mövzu ilə bağlı suallarını Qafqaz Müsəlmanları İdarəsi (QMİ) cavablandırıb.

İdarədən verilən məlumata görə, Səudiyyə Ərəbistanına giriş üçün müxtəlif viza növləri mövcuddur. Ümrə ziyarəti, turizm, iş üçün vizalar ayrı-ayrı alınır: “Səudiyyə Ərəbistanı bu məsələdə digər ölkələrdən fərqlidir. Həcc ziyarəti üçün xüsusi viza alınır. Bunu da yalnız ölkə üzrə təhkim olunmuş həcc missiyaları həyata keçirə bilər.

İstənilən ölkədə kim Həcc ziyarətinə getmək istəyirsə, o Səudiyyə Ərəbistanının Həcc nazirliyinin təsdiq etdiyi Həcc Missiyası, yaxud Həcc şirkərti vasitəsilə viza almalıdır. İstənilən şəxs Səudiyyə Ərəbistanına gedə bilər, amma Həcc ziyarətini yerinə yetirə bilməz. Çünki hava limanından başlayaraq, zəvvarları xüsusi qurumlar qarşılayırlar. Sadəcə, Həcc terminalından keçən vətəndaşlar bu ziyarətə gedə bilər. Zəvvarlar haqqında bütün məlumatlar öncədən elektron sistem vasitəsilə onlarda olur. Missiyada olan elektron sistem rəhbəri öncədən qeydiyyat aparır. Həccə gedənin Səudiyyə Ərəbistanına nə zaman düşəcəyi, hansı otelə yerləşəcəyi, Həcc ziyarəti ilə bağlı əməlləri nə vaxt yerinə yetirəcəyi və ölkədən nə zaman çıxacağı ilə bağlı bütün məlumatlar öncədən elektron sistemdə qeyd olunur. Bu prosesə hansısa bir turistik viza alıb qoşulmaq mümkün deyil. Ümrə ziyarətinə getmək istəyənlər üçün də proses eyni qaydada həyata keçirilir”.

QMİ-dən o da bildirilib ki, Gürcüstanda, Rusiyada, eləcə də digər xristian ölkələrində yaşayan müsəlmanlar üçün bütün bu prosedurları həmin ölkələrdə olan xüsusi qurum - Həcc missiyaları yerinə yetirir: “Müsəlmanlar bütün ölkələrdə yaşadığı üçün Həcc ziyarətinə dünyanın hər yerindən olan insanlar gəlir”.

QMİ-dən əlavə olunub ki, Azərbaycanda yaşayan digər ölkələrin vətəndaşlarının buradan Həcc ziyarətinə getməsi mümkündür: “Bizdə belə faktlar olub. Ölkədə yaşayan Banqladeş, İndoneziya və digər ölkələrdən olan vətəndaşlar da bizimlə gedib. Onlar Azərbaycanda yaşayıb işləyən, oturma icazəsi olan insanlardır. Onların Dövlət Miqrasiya İdarəsindən oturma iznləri, kartları var. Həmin kartlarla onları burdan Həccə aparmaq olur. Əslində, Həcc missiyaları ilə bağlı imzalanan protokola görə, əcnəbi vətəndaşlar başqa ölkələrdən gedə bilmir. Bu, Azərbaycan üçün istisnadır. Bu istisnanı Səudiyyə Ərəbistanı bizim xahişimizi nəzərə alaraq edib. Rusiyada, eləcə də başqa ölkələrdə yaşayan azərbaycanlılar isə yalnız vətəndaş olduğu halda Azərbaycandan Həcc ziyarətinə gedə bilər”.

İdarədən o da qeyd olunub ki, Türkiyədən başqa ölkələrin vətəndaşlarının Həccə getməsi çətindir. Çünki bu ölkədə Həcc ziyarətinə getmək istəyənlər illərlə növbədə gözləyirlər”.

Həcc ziyarətinə gedənlər əlavə rüsum ödəyirmi?

QMİ-dən verilən məlumata görə, artıq son beş ildə Həcc ziyarətinə ikinci dəfə gedənlər üçün tətbiq olunmuş əlavə 535 dollarlıq vergi ləğv olunub, əvəzinə Həcc ziyarətinə gedən bütün zəvvarların viza alması üçün 100 dollara yaxın vahid rüsum tətbiq olunub.   

 

 

# 2133
avatar

Aygün İbrahimli

Oxşar yazılar