2311
09:04
21 Yanvar 2020

Kökəlməyin psixoloji tərəfləri

Dünyada son 30 ildə şiddətlə artan və sağlamlığa ciddi təhdid yaradan problemlərdən biri də həddindən artıq piylənmədir.

Bu, yağ toplanmasıyla yaranan bir vəziyyətdir. Həddindən artıq köklük həyat keyfiyyətini və ömrünü azaltmaqdadır. Bu köklüyün yaranma səbəbləri arasında ailə, çevrə, mədəniyyət və psixoloji səbəblər rol oynayır. Cəmiyyətdə gənc olmaq, gözəl olmaq, incəlik kimi dəyərlərə verilən qiymətin yüksək olması, kök insanlarda cəlbedici olmadıqları duyğusu oyandırmaqdadır. Beləcə özünə inamda azalma, ifadə etmədə çətinlik çəkmə, bacarıqsızlıq kimi hisslərə, cəmiyyətdən uzaqlaşma, itirəcəyini və sevilməyəcəyini düşünməyə, özünə hörmətin azalması ilə nəticələnir. Həddindən artıq kök insanlarda ən çox görülən psixiatrik xəstəlik depressiyadır, ikinci yerdə isə təşviş-həyəcan pozuntusu gəlməkdədir.

Həddindən artıq yemənin yol açdığı həm psixoloji problemləri, həm tibbi xəstəlikləri bildiyimiz halda niyə çox yeməyə əngəl ola bilmirik?

Çox yemənin əsasında dayanan psixoloji problemlərə baxtığımız vaxt, yemək seçiminin, miqdarının və vaxtının belə rol oynadığını görürük. Yemək davranışının yuxu kimi kefli, kədərli, əsəbi, sevincli olmaq kimi emosional səbəblərdən təsirləndiyi bilinməkdədir. İnsanda sıxıntı hissi, depressiya, kefsizlik, xroniki yorğunluq kimi vəziyyətlərdə yemək yemədə artma görsənir. Kefsizlik yemək yeməni artırır, yemək yedikcə çəki artır, çəki artdıqca kefsizlik bir az da artır. Bu vəziyyət artıq dar dairə içinə girmiş olur. Qorxu, gərginlik, ağrı kimi emosional vəziyyətlərdə isə yemək miqdarında azalma görsənir. Yəni insanın yemək yemə davranışı insanın emosiya, hissləri ilə sinxron işləyir.

Başqa bir prizmadan baxdığımızda, həddindən artıq kök insanların ailələrində psixiatrik problemlərin çox olduğunu görməkdəyik. Parçalanmış ailə və ya uşaq vaxtı fiziki, mənəvi istismar və laqeydliyə məruz qalanlarda həddindən artıq köklüyün riskinin artdığını görməkdəyik. Yenə, uşaq vaxtı kök olanların 70% ə qədəri yetkin vaxtı da kök olur. Çünkü öyrənilmiş bir yemək davranışı var. Valideynləri tərəfindən sürətli, çox, tıxa-basa yedirdilən uşaqlar yemək davranışını bu şəkildə öyrənir. Bir müddət müəyyən prosedurlar ilə çəki itirənlərin az bir stress sonrasında təkrar eyni çəkiyə qayıdırlar. Çünkü, ilk yaranan vərdişlər çox vaxt unudulmur.

Tıxa-basa yemək, insanın özünü qusdurması, gecə yemək yemə, özünü olduğu mövcud çəkisindən çox artıq görmə psixiatrik xəstəliklərdir və müalicələri mümkündür. Kənardan çəkisi ilə barışmış kimi görünən həddindən artıq kök insanlarda belə, altda yatan bir depressiya və özünü bəyənməmə dayanır. Belə vəziyyətlərdə bəzən insanın ailəsi və ya sosial münasibətlərində problemlər yaranır.

Depressiv pozuntunun bir növü olan atipik depressiyada iştaha artar. Xəstənin daima yemək yemə istəyi olur. Dolayısı ilə köklüyün depressiyaya yol açdığı kimi, əsasında oral dönəmlə əlaqəli problem varsa, depresiya da köklüyün səbəbi ola bilər. Köklüyü qiymətləndirəsi olsaq, tanımaq rahat, ancaq müalicəsi çətin olduğu xəstəliklərdəndir. Terapevt, dietoloq, psixiatr olaraq 3 tərəfdən müalicə edilməli- niyə çox yeyirəm sualına cavab tapılmalıdır. İnsanın özünü tanıması və ya terapiya işə yaraya bilər. Çünkü bəzən sadəcə, içimizdəki boşluğu doldurmaq üçün həddindən artıq yeyirik. Və ya həyatdan alınan tək zövq yemək yeməkdirsə, heç bir diet piylənmənin qarşısını almaz.

Fuad Bəşirov - psixiatr, uzman həkim