Azərbaycanda 15 yaşdan yuxarı əhalinin 8,1 faizində həddindən artıq piylənmə müşahidə edilir, 47,2 faizinin bədəni isə piylənmə ərəfəsindədir.
Lent.az mövzunun aktuallığını nəzərə alaraq həkim-dietoloq Tutu Zeynalovaya bir neçə sual ünvanlayıb.
- Tutu xanım, piylənmənin hansı fəsadları ola bilər?
- Piylənmə çox böyük bir problemdir və onu 21-ci əsrin epidemiyası adlandırırlar. Bu isə səbəbsz deyil. Piylənmə özü ilə bərabər həm sağlamlıq, həm də sosial problemlər gətirir. Çünki piylənmənin insanlarda ürək-damar xəstəliklərinin, şəkərli diabetin, onkoloji problemlərin, sonsuzluğun, yüksək təzyiqin, depressiyanın və s. artmasına birbaşa təsiri olur.
Dünyada 422 milyon şəkərli diabetdən əziyyət çəkən insan var. Bunun əsas və ilk səbəblərindən biri piylənmədir. Bununla yanaşı, piylənmədən əziyyət çəkənlər iş tapmaqda çətinlik çəkirlər, həyat keyfiyyətləri, özgüvənləri aşağı düşür, daha çox sui-qəsdə meyilli olurlar və s. Bütün bunları bilsək də, nəticə dəyişmir və təəssüf ki, problem günü-gündən artır.
- Piylənməyə nələr səbəb olur?
- Əsas səbəb müasir insanın həyat tərzidir. Genetik faktorla yanaşı, fiziki aktivliyin aşağı olması, stress faktoru, düzgün qidalanma rejiminin olmaması, yuxu problemi və s. piylənməyə ilkin səbəblər sırasındadır. Məsələn, mütəxəssislərin araşdırması nəticəsində məlum olub ki, gecə saatlarında çalışan insanlar 23 faiz daha çox piylənməyə meyilli olurlar. Hazırda nəzər yetirsək görərik ki, gecə gec saatlara qədər insanların əksəriyyəti sosial şəbəkələrdə aktivdirlər. Gec saatlara qədər onlayn qalmaq, gecə qidalanmaya gətirib çıxarır ki, bu da piylənməyə səbəb olur.
- Piylənmənin qarşısını almaq üçün nələri etmək mümkündür?
- Həyat tərzimizi dəyişərək buna nail ola bilərik. İlk növbədə fiziki aktivliyi artırmalıyıq. Hər gün ən azı yarım saat, həftədə minimum 150 dəqiqə təmiz havada piyada gəzmək (templi yürüş) lazımdır. Su içməyi də adət halına çevirməliyik. Qış aylarında piylənmə daha çox artır. Buna səbəb həmin mövsümdə daha az su içməkdir. Hər gün ən azı çəkimizin 3 faizi qədər su içməliyik. Məsələn, 70 kiloqram çəkisi olan insan gündə 2,1 litr saf su içməlidir. Bura çay, qəhvə, kofe və digər içkilər daxil deyil. Çalışıb bütün içkiləri saf su ilə əvəzləməliyik.
Eyni zamanda, hazır qidalardan, “fast food”lardan minimum az istifadə etməli, təbii qidalara üstünlük verməliyik. Xüsusən işləyən şəxslərin yemək çantaları olmalıdır və sifariş verilən yeməklərdən uzaq qalınmalıdır. Əgər mümkün olmazsa, çalışıb düzgün restoran və qida seçimi etməliyik.
Sadaladıqlarımla yanaşı, yuxu rejimini qaydaya salsaq və stressə səbəb olan faktorlardan uzaq qalsaq piylənmə azalacaq, nəticələr dəyişəcək.
- Piylənmədən danışarkən, ilk olaraq ağıla həm də şirniyyatlar gəlir...
- Təəssüf ki, hazırda müasir insanların həyat tərzi, əyləncəsi yeməkdən ibarətdir. Şirniyyatlar da dediyiniz kimi piylənməyə səbəb olur və bundan da insanlar bacardıqları qədər az istifadə etməlidirlər. Bununla bağlı istəyərdim ki, restoranlarda yemək porsiyaları azaldılsın, az kalorili şirniyyatlar menyularda yer alsın.
İndiki vəziyyəti tamamilə dəyişmək lazımdır. Eyni zamanda, aktiv əyləncələr çoxalmalıdır. İnsanlar əyləncə düşüncəsini kökündən dəyişməlidirlər ki, problemlər həll ola bilsin.
Rastlaşdığımız 5 uşaqdan birində artıq çəki görürüksə, deməli, problem ciddidir. Uşaqlara sağlam vərdiş aşılamalıyıq. Bu isə ilk növbədə ailədən başlanmalıdır. Ailədə mümkün qədər hazır qidalardan uzaq durulmalı və təbii qidalara üstünlük verilməlidir.
- Bəzən sağlam həyat tərzi və qidalanma ilə piylənmənin qarşısını almaq olmur. Bu zaman nə edilməlidir?
- Burada artıq həkim müayinəsi vacibdir. Müəyyən analizlər verilməli və piylənməyə səbəb olan, eləcə də problemin həllinin qarşısını alan səbəblər məlum olmalıdır. Bundan sonra isə həkim məsləhəti ilə lazımlı addımlar atılmalı və nəzarət altında prosesə davam edilməlidir.
- Ofislərdə çalışan insanların daha çox piylənmədən əziyyət çəkdiyi deyilir. Doğrudurmu?
- Bəli, piylənməyə səbəblər arasında oturaq həyat tərzi də xüsusi yer tutur. Buna görə də böyük şirkətlər bu işdə maraqlı olmalıdır. Şirkətlərin nəzdində aktivlik yaranmalıdır. Əgər bu baş tutarsa, işçilərin əmək qabiliyyəti də artar. Məsələn, Finlandiyada bəzi şirkətlər işçilərinə yatmağa, dincəlməyə görə də əlavə vaxt verirlər. Bizdə isə ancaq müəyyən müddətlik nahar vaxtı nəzərdə tutulur.
- Necə düşünürsünüz, hazırda bu problemlə bağlı maarifləndirmə geniş aparılırmı?
- Ötən il 4 universitetdə bu mövzuda seminar təşkil etdik. Gənclər düşündüyümdən də çox piylənmə mövzusunda maraqlı oldular və bir çox suallar ünvanladılar. Gələn ay da piylənmə ilə bağlı layihəmiz var. Burada 300-400 tələbənin iştirakı nəzərdə tutulur. Düşünürəm ki, bu mövzuda son illərdə daha çox işlər aparılır, ancaq daha da çox görülməlidir.