908
13:12
30 Dekabr 2019

AQTA sədri saxta içkilər təklif edən restoranların adlarını açıqladı



"Dekabrın 23-də ilk olaraq "Baku City"də içkidən zəhərlənmə ilə bağlı məlumat daxil olub. Həmin andan etibarən Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ekspertlərilə respublikanın əlaqədar qurumları müəyyən tədbirlər həyata keçirib".

APA-nın məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli bildirib. Onun sözlərinə görə, araşdırmalar nəticəsində ictimai iaşə obyektlərindən 101 adda müxtəlif əmtəə nişanlı spirtli içkilər laborator müayinələrə cəlb edilib: "2 saat ərzində hadisənin saxtalaşdırılmış halda, kustar üsulla hazırlanan "Chivas Regal 12" adlı içkidən olduğu müəyyən edilib. Bu içkinin tərkibində metil spirtinin faizi 76,6 faiz aşkar edilib. Halbuki bu faiz maksimum 0,05 faiz olmalıdır. Bu da insan sağlamlığı üçün çox zərərlidir".

Q.Təhməzli bildirib ki, içkidən zəhərlənmə hadisələri "Baku City", "Everst", "Piano", "Madonna", "Hashtag" adlı restoran və kafelərdə, eyni zamanda, Abşeron rayonundakı bir evdə aşkar edilib: "Hüquq-mühafizə orqanları AQTA əməkdaşları ilə birgə operativ tədbirlərə başlayıblar, bununla bağlı birgə açıqlama da yayılıb. Artıq "Baku City" və "Everest"in fəaliyyəti məhdudlaşdırılıb. "Madonna" və "Piano"da isə araşdırmalar davam edir. "Hashtag" restoranında da bir fakt qeydə alınıb, bununla bağlı da araşdırma aparılır".

Q.Təhməzli qeyd edib ki, ötən gün "Madonna" restoranında da ər-arvad içkidən zəhərlənib. Onlarda da zəhərlənmə həmin viskidən olub və metil spirtinin yüksək faizlə nisbəti aşkar edilib".

AQTA sədrinin sözlərinə görə, təəssüf ki, ictimai iaşə obyektlərinin sahibləri hələ də kustar üsulla hazırlan içkiləri ictimai və kütləvi qidalanmaya verirlər: "Bir daha Azərbaycanın bütün ictimai iaşə obyektlərinin, şadlıq evlərinin, gecə barlarının, restoran və kafelərin rəhbərlərinə müraciət edirəm ki, bu cinayət işidir".

Q.Təhməzli əlavə edib ki, içkilərin Binəqədi rayonu, Biləcəri qəsəbəsində kirayə götürülən evdə hazırlandığı aşkar edilib: "Bu işdə əli olan bir neçə şəxs barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalat davam edir. Hadisələrin baş verildiyi obyektlərin sayı 5-10 olsa da, kustar üsulla hazırlandığı aşkarlanan içkilərin sayı 10 minlərlə olub. Hüquq-mühafizə orqanları da bu məsələ ilə bağlı peşəkar çalışdılar".

AQTA sədri deyib ki, bu işdə əli olan hər hansı ictimai iaşə obyektinin səhvləri, asan yolla əlavə gəlir əldə etmək istəyi onlara çox baha başa gələ bilər.