“EY İlin İş Adamı™”  müsabiqəsi sahibkarlara  böyük imkanlar yaradacaq
30 dekabr 2019 10:58 (UTC +04:00)

“EY İlin İş Adamı™”  müsabiqəsi sahibkarlara  böyük imkanlar yaradacaq

 

“Ernst&Young” şirkətinin Azərbaycanda ilk dəfə olaraq kiçik və orta sahibkarlar üçün keçirdiyi “EY İlin İş Adamı™ müsabiqəsinə müraciətlər davam edir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin strateji tərəfdaşlığı ilə təşkil olunan müsabiqəyə Azərbaycan Beynəlxalq Bankı və BP dəstək verir, Ekvita şirkəti isə texniki dəstək göstərir. Müsahibimiz Azərbaycan Beynəlxalq Bankının Kiçik və orta sahibkarlarla iş departamentinin direktoru Nuru Xəlilovdur. O, müsabiqə barədə suallarımızı cavablandıracaq.   

- Nuru müəllim, “EY İlin İş Adamı™” müsabiqəsinin keçirilməsində məqsəd nədir? 

- Əvvəlcə, onu qeyd edim ki, “EY İlin İş Adamı™ qlobal bir platformadır. Azərbaycanda ilk dəfə olaraq sahibkarlar üçün keçirilən müsabiqə də regionda və dünyada sahibkarlıq biznesinə dəstək verən bu qlobal proqramın bir hissəsidir. Bu müsabiqə platforması 30 ildən çoxdur ki, fəaliyyətdədir. Hər il dünyanın 60-dan çox ölkəsində, 145 şəhərində keçirilir. Əsas məqsəd də uğurlu sahibkarları üzə çıxarmaq, onlara dəstək olmaqdır. 

- Bu müsabiqə kiçik və orta sahibkarlara hansı imkanları yaradır?

- “EY İlin İş Adamı ™” müsabiqəsində iştirak etməklə sahibkarlar, ilk növbədə, öz biznes əlaqələrini, işgüzar çevrələrini genişləndirirlər. Bizneslərini böyütmək üçün yeni yollar kəşf edirlər. Müsabiqə onlara şirkət və komanda profillərini yüksəltmək imkanı verir. 

- Müsabiqə bütün sahibkarlara açıqdır? 

- Bəli, iştirak meyarlarına cavab verən hər bir iş adamı müsabiqəyə qatıla bilər. 

- Bəs bu meyarlar  nədən ibarətdir?

- Müsabiqəyə qoşulan sahibkar və onun təmsil etdiyi şirkət Azərbaycanda fəaliyyət göstərməlidir. Bundan başqa, iştirakçı ən azı son 3 il ərzində fəaliyyət göstərən şirkətin birbaşa rəhbəri və ya şirkətin səhmlərinin ən azı 20 faizi dəyərində biznesdə əhəmiyyətli şəxsi maliyyə payı olan və əməliyyatlar üzrə məsul şəxs olmalıdır. Bu şirkətə ən azı son 2 ildə rəhbərlik etməlidir. İştirakçının təmsil etdiyi şirkətin dövriyyəsi 1 milyon manatdan 30 milyon manatadək olmalıdır. Bir də, iştirakçı son 3 il üzrə vergi nəticələrinin izlənilməsini və maliyyə hesabatlarının təqdim olunmasını təmin edə bilməlidir. Bunlar əsas meyarlardır. 

- Müsabiqə milli səviyyədə keçirilir?

- Bəli. Bütün iştirakçılar milli mərhələdə yarışacaq. Müsabiqənin qalibi isə 2020-ci ilin iyununda Monte-Karloda keçiriləcək Dünya üzrə İlin İş Adamı™ yarışında iştirak hüququ qazanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1367

Oxşar yazılar