499
14:08
24 Dekabr 2019

Sığorta ödənişi alan işsizlərin sayı iki dəfə azalıb

Azərbaycanda işsizlikdən sığorta ödənişi alanların sayı ötən ilin eyni dövrünə nisbətən 1,97 dəfə azalaraq bu il dekabrın 1-nə 575 nəfər təşkil edib.

“APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, işsizlikdən sığorta ödənişi alanların 352 nəfəri və ya 61%-i paytaxt Bakı şəhərinin payına düşüb.

Hesabat dövründə ölkədə işsizlikdən sığorta ödənişinin orta məbləği isə illik müqayisədə 31% artaraq cari il dekabrın 1-nə 278,6 manata yüksəlib.

Dekabrın 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 79,7 min nəfər olub.

Xatırladaq ki, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.