2319
16:56
19 Dekabr 2019

Press-reliz və ondan istifadə qaydaları: YANAŞMALAR

“Press-reliz var? Məlumatı kimdən alaq? Şifahi istəmirəm, elektron yoxdur? Mümkünsə, tez e-mailimə göndərin”.

Tədbirlərə, konfranslara gələn əksər jurnalistlərin əsas istəyi hadisə haqqında ilkin məlumatı əldə etməkdir. Jurnalistlərin press-relizə yanaşması heç də birmənalı deyil. Kimisi ona tədbirlə bağlı işləyəcəyi mövzuya dair mənbə kimi yanaşır, kimisi də sadəcə press-relizi əldə etməklə kifayətlənir, çünki əsas marağı həmin məkandakı vacib olan bir şəxsdən müsahibə almaq, yaxud yeni bir xəbər eşitmək və s. olur.

Press-reliz nədir, o jurnalistlərə niyə lazımdır və bu sənəddə vacib nə var?

Press-reliz (press release) media nümayəndələri üçün nəzərdə tutulan və peşəkarcasına yazılmış qısa, əsaslı məlumatdır. Press-reliz hadisənin, tədbirin və s. piarına aid sənəddir. Bu sənəd mətbuat məlumatı, xəbər məlumatı, media buraxılışı, mətbuat bəyanatı kimi müxtəlif adlar altında media mənsublarına yazılı və ya görüntülü şəkildə təqdim edilir. Press-reliz qəzetlərdə, jurnallarda, radiolarda, televiziyalarda, onlayın (on-line) mediada çalışan redaktor və jurnalistlərə poçtla, faksla və ya e-maillə göndərilir. Press-relizin məqsədi jurnalistlərin və publikanın marağını cəlb etməkdir. ABŞ-ın Katler PR (Cutler PR) şirkətinin yaradıcısı və icraçı direktoru Zak Katler (Zach Cutler) press-relizi ictimaiyyətlə əlaqələrdə əsas strateji element hesab edir. Onun qənaətincə, bu qısa, inandırıcı sənədlər xəbərə çevrilir və sırf müştərinin marağına hesablanır. Zak Katler mükəmməl press-reliz yazmaqla bağlı 8 məsləhət verir:

  1. Ən yaxşı sərlövhə ilə diqqəti özünə çəkmək.
  2. Elə ilk abzasda hədəfə vurmaq.
  3. Sözçülüyə yox, statistik rəqəmlərə önəm vermək.
  4. Qrammatik baxımdan tam qüsursuz yazmaq.
  5. Mümkün olan qədər sitatlar daxil etmək.
  6. Kontakt əlaqələrini daxil etmək.
  7. Bir səhifə əladır, ikinci səhifə maksimumdur.
  8. Daha ətraflı məlumat almaq imkanını təmin etmək.

Bir sözlə, hər hansı qurumun hazırladığı press-relizin sərlövhəsi cəlbedici, lakonik, hədəfə vuran, verdiyi məlumatın mahiyyətini rəqəmlərlə təsdiqləyən, mətni səlis, əlavə məlumat üçün konkret mənbə rolunu oynayan bir sənəd olmalıdır.

Press-reliz məlumatlandırır. Bəzən təşkilat və şirkətlər məhz bu vasitə ilə cəmiyyətdə olan informasiya boşluğunu doldururlar. Xəbər məlumatı kimi tanınan press-reliz jurnalistika üslubuna uyğun olaraq yazılmalıdır. Əslində press-relizdə də xəbərə verilən tələblərin yerinə yetirilməsi vacib hesab olunur. Press-reliz “kim”, “nə”, “harada”, “nə vaxt”, “necə” və “niyə bu məlumat vacibdir” - suallarına cavab verməlidir. Press-relizdə adların dəqiq olub-olmaması da mütləq yoxlanmalıdır.

Amerikalı ekspert Mallari Cin Tenor (Mallary Jean Tenore) öz araşdırmasında maraqlı bir məqama toxunur: “Penn adlı bir jurnalist “Star” qəzetindən çıxarılıb və bu hadisə Pennin press-relizlərdən materiallar götürdüyünü aşkar etməsindən sonra baş verib. Penn isə öz şikayətində deyir ki, jurnalistikada geniş yayılan təcrübələrdən biri bu kimi məlumatlardan istifadə etməkdir”.

Müəlliflər press-relizləri könüllü şəkildə xəbər axınına buraxır. Məqsəd də həmin materialların redaktəsiz və ya az redaktə olunaraq təkrar nəşr və ya dərc edilməsi ilə bağlıdır. ABŞ-da aparılan sorğulardan birində jurnalistin öz materiallarında press-relizdən istifadə etməsinin düzgün olub-olmaması sorğulanıb. 1300-dən çox respondent arasında aparılan sorğuda 20 faiz deyib ki, mənbənin göstərilməməsi tam doğrudur. Yalnız 3 faiz respondent bunu plagiat adlandırıb. Böyük əksəriyyət isə bildirib ki, istinad varsa, press-relizdən istifadə etmək olar . Amerika İctimaiyyətlə Əlaqələr Cəmiyyətinin qənaətincə, istinad olmadan press-relizdən istifadə etmək plagiat deyil. Mallari Cin Tenor da apardığı araşdırmalara əsasən peşəkar press-reliz yazmağın 6 yolunu göstərir:

  1. Press-relizi yaxşı başlanğıc kimi düşün.
  2. Press-relizdəki sitat və parafrazlarla bağlı redaktorunu məlumatlandır.
  3. Məlumatın xəbər yükünü müəyyən et.
  4. Press-relizdə verilən məlumatı
  5. Press-relizdə təqdim olunan xəbəri özününküləşdir.
  6. Növbəti dəfə irəli getmək üçün yollar axtar.

Bəzi Qərb mütəxəssisləri hesab edirlər ki, mükəmməl press-reliz təkcə jurnalistin məqalə yazması üçün ondan operativ şəkildə istifadə etməsi demək deyil, həmçinin məqalə kimi həmin press-relizi dərc etməsidir.

Media mütəxəssisi Robert Vinnenin (Robert Wynne) fikrincə, əsil peşəkar PR meneceri və ya icraçısı mükəmməl press-reliz hazırlamaq üçün saatlar, günlər və ya həftələr sərf edir. O, həmçinin peşəkar sərlövhəyə, vacib xəbərə və az şəkildə sözçülüyə üstünlük verməyin zəruriliyini əsas gətirir. Bəzi PR menecerlərinin qənaətincə isə medianın istəyini aşkar etmək mühümdür. Sual yaranır, əgər media ilə müştərinin istəyi üst-üstə düşmürsə, o zaman bunun həmin müştəriyə nə xeyri? Bu istək müştərinin maraqlarına cavab verməyəcəksə, həmin xəbərin yayılmasının onun üçün hansısa bir əhəmiyyəti olacaqmı? Müşahidələr göstərir ki, bəzən olacaq, bəzənsə yox. Birmənalı şəkildə isə media öz istəyini əsas götürəcək.

Press-reliz daha bir informasiyanın yaranması üçün mənbə rolunu da oynaya bilər. Jurnalist ənənəvi olaraq hər oxuduğu yazıda, gördüyü hadisədə fakt axtarır. Bu səbəbdən də press-relizdə fakt onun diqqətini tez cəlb etməlidir. Peşəkar PR – menecerin fikrincə, xəbər dərhal, özü də güllə kimi açılmalıdır. Bəzi jurnalistlər press-relizdən dəstək, bəziləri isə əsas xəbər kimi istifadə etdiklərini deyirlər. Press-reliz səmərəli bir vasitə kimi reportyora xəbər əldə etməkdə yardımçı olur. Azərbaycan mediasında da buna oxşar hadisələr baş verir. Məsələn, yerli media orqanlarından birində müxbirin işdən çıxarılmasının səbəbi kimi onun çox zaman məhz press-relizdən olduğu kimi istifadə etməsi və heç bir xəbər axtarışında olmaması göstərilib. Bəzi ekspertlərin qənaətincə, müxbirin press-relizə tam güvənməsi, onun hadisənin tamamlanmasına hesablanan başqa açar xəbəri əldən buraxması deməkdir. Jurnalistlər gün ərzində onlarla press-reliz oxuyurlar. Ona görə də press-relizdə lakoniklik, aydınlılıq və cəlbedicilik saxlanılmalıdır. Əks halda, jurnalist zaman itkisini əsas gətirərək press-relizi axıracan oxumayacaq və ola bilsin, ən vacib xəbəri buraxacaq.

İndi isə “media üçün press-reliz nədir” sualına media təmsilçiləri özləri cavab verir:

Nurşən Quliyev - APA İnformasiya Agentliyinin baş direktoru:

- Bütün press-relizləri axıracan oxuyuram. Çünki mənə lazım olan məqam press-relizin əvvəlində, ortasında, axırında da ola bilər. Dəfələrlə bunun şahidi olmuşam. Press-relizdə rastlaşdığım fakt və ya sitatlarla bağlı araşdırmalar aparmışam, yaxud aparılması barədə tapşırıq vermişəm. Dəfələrlə görmüşəm ki, press-relizdə qeyd edilmiş bircə fakt, bircə sitat böyük bir araşdırmanın, maraqlı yazının ərsəyə gəlməsinə səbəb olub. Jurnalistlərin press-relizi olduğu kimi istifadə etməsi, məncə, daha çox onların tənbəlliyi ilə bağlıdır. Özü də buna son vaxtlar daha çox təsadüf edilir. Hətta elə hallar olur ki, müxbirlər gedib, press-relizi götürüb qayıdırlar, tədbirdə belə iştirak eləmirlər. Lakin mən həmişə jurnalistlərimizə tapşırıram ki, tədbirdə sona qədər otursunlar, çıxış edənlərə diqqətlə qulaq assınlar. Çünki tədbirdə maraqlı informasiyalar hər zaman press-relizdən kənar çıxışlarda, müzakirələrdə olur. Amma tədbir haqqında material hazırlanmasında təbii ki, press-relizdən də istifadə etmək olar”.

Bəturə Nəbiyeva – “Space” telekanalının Xəbərlər Departamentinin redaktoru, əməkdar jurnalist:

- “Mən şəxsən press-relizdən sadəcə xəbər kimi istifadə edirəm. Axıracan da oxumuram. Məlumatım olmadığı tədbirlə bağlı xəbəri oxuyuram, vəssalam. Press-relizi bütünlüklə köçürənləri isə savadsız hesab edirəm. Amma bunu tənbəllikdən edənlər də olur. Yəni canlarına, daha doğrusu, başlarına əziyyət vermək istəmirlər.

Murad Hüseynov - tanınmış jurnalist:

- Press-reliz mənim üçün xəbər və xəbərin mahiyyəti, təfsilatı rolunu oynayır. Press-reliz uzundursa, təbii ki, 2-ci abzasdan sonrasını oxumuram. Press-relizdə sitatların əleyhinəyəm, ancaq faktlar. Çox vacib olduqda sitata baxıram və onu fakt kimi qəbul edərək araşdırmıram. Çox vaxt press-reliz düzgün tərtib olunmur. Jurnalistlər isə tənbəllikdən press-relizi “copy past” edib, adını məqalə qoyurlar.

Bəs, media ilə çalışan və press-reliz yayan mütəxəssislər nə düşünür?

Afət Yaqubova - PR Laboratoriya-nın direktoru, PR mütəxəssisi:

- Press-reliz elə yazılmalıdır və elə şeydən yazılmalıdır ki, mətbuatın diqqətini çəksin və mətbuat da ondan istifadə etsin. Jurnalistin ondan necə istifadə etməsi redaktorun seçiminə bağlıdır. Əgər press-relizdəki çox vacib xəbərdirsə və media onu öz oxucuları üçün əhəmiyyətli sayırsa, ondan istifadə edəcək. Yəni öz oxucusunun onu izləməsini istəyən media belə edir. Hazırda müxbirlərin 90 faizi tədbiri yox, ona verilən press-relizi yazır və bu bir dərddir. Müxbir mövzudan bixəbər olur, tədbirə hazırlıqsız gedir, nədən danışıldığını bilmir və verilən press-relizi olduğu kimi çap edir. Əvəzində çox quru, maraqsız bir şey alınır. Ona görə də mən media üçün press-reliz deyil, hazır xəbər yazıram. Jurnalistlərin tədbirlərə hazır getməsi vacibdir. Dəvət olunduqları yer barədə, baş verən hadisə barədə bilməsi ən azı öz qələminə hörmət üçün vacibdir.

Şəfəq Mehrəliyeva - ADA Universitetinin müəllimi, media üzrə ekspert:

- Press-relizi istənilən təsisat və qurum ictimaiyyətlə səmərəli ünsiyyət qurmaq üçün alət kimi qiymətləndirir. PR mütəxəssisi, əlbəttə, tərtib etdiyi press-relizin necə var elə çap olunmasını istəyir. Bu, onun təmsil etdiyi təşkilatın rəsmi mövqeyidir. Bununla yanaşı, KİV nümayəndələri də press-relizlə olduğu kimi kifayətlənməməlidir. Hər hansı sual, dəqiqləşdirməyə ehtiyac olsa, qarşı tərəflə işlənməlidir. Lakin bu günlərdə tək Azərbaycanda deyil, qlobal mediada 24 saatlıq məzmun yaratma tələbatını nəzərə alaraq, jurnalistlər buna vaxt edə bilmirlər. Və PR mütəxəssislərini sorğulanacaq qarşı tərəf deyil, öz həmkarları kimi qəbul edirlər.

Mehriban Həsənova - "Ogilvy&Mather" reklam agentliyinin (Moskva ofisi) kreativ direktoru:

- Press-reliz yazarkən başlığın cəlbedici olmasına diqqət etmək lazımdır. Cəlbedici dedikdə indiki mediada oxucu sayını artırmaq üçün bərbad başlıqları nəzərdə tutmuram (Məsələn, “rus sərxoş mini yubkalı sarışın qızı gecə saat 2-də öldürdü” və s.). Mediaya verdiyim press-relizin olduğu kimi çap edilməsini istəyirəm. Amma normal praktikada jurnalist press-relizdəki məlumatlardan istifadə edərək yazısını ekspert rəyi və ya analitik baxış, məqalə kimi dərc edə bilər. Press-reliz rəsmi sənəddir. Ona görə də press-relizin mətnindəki məlumatların doğruluğu bir neçə mənbədən yoxlanılmalıdır. Press-relizi yayan tərəf oradakı yanlışlığa da cavabdehdir. Amma hər kim məsuliyyət daşısa da, dərc olunmamışdan əvvəl yazı bir daha yoxlanılmalıdır. Mətbuat nümayəndələrinə hansısa bir tədbir barədə məlumat 2-3 gün əvvəldən bildirilir. Həmin tədbirə gedəcək jurnalistin məlumatlanmağa və “hazır olmağa” vaxtı, imkanı olur. Əgər jurnalist tədbirə hazırlıqsız gedirsə və baş verənlər barədə şəxsi fikri yoxdursa, verilən “quru” məlumat mətnini olduğu kimi istifadə edir”.

Habil Əliyev - Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyinin keçmiş əməkdaşı:

- Öz təcrübəmə əsasən deyə bilərəm ki, bütün mətbuat xidmətləri press-relizlərin olduğu kimi yayımlanmasında maraqlıdı. Çünki bu halda jurnalistlərin əlavə şərhləri fərqli spekulyasiyalara yol açmaz, bir sözlə, yanlış anlaşılmazlıqlara səbəb olmaz. Lakin bunun da bəzi mənfi tərəfləri var. Adətən press-relizlər rəsmi dildə yazılır. Bu zaman mətnin publisistik dilə uyğunlaşdırılması olduqca vacibdir. Zənnimcə, mətbuat xidmətləri mətnin olduğu kimi yayımlanmasında nə qədər maraqlıdırsa, peşəkar jurnalistlər də məna və məzmunun qorunması şərti ilə daha oxunaqlı bir yazının ərsəyə gəlməsində bir o qədər maraqlı olmalıdırlar. Göndərilən press-relizlər bütün hallarda rəsmidir. Press-relizlər rəsmi olduğu üçün yanlışlığa görə bilavasitə mətbuat xidməti, dolayısıyla göndərən qurum məsuliyyət daşıyır. Jurnalistlərin Azərbaycanda çox zaman press-relizi olduğu kimi istifadə etmələrinə gəlincə, buna bir neçə aspektdən yanaşmaq yerinə düşər. 1) Jurnalist qeyri-peşəkarlığı; 2) Tənbəllik; 3) Jurnalistlərin maddi təminatındakı çatışmazlıqlar. Onu da deyim ki, az bir maaşla bütün günü çalışan jurnalistlərdə istər- istəməz maraq azalır. Öz potensialını və yaradıcılıq qabiliyyətini tam olaraq ortaya qoya bilmir.

Dən Meyson (Dan Mason) - Multimedia üzrə trener:

- Bir çox ölkələrdə jurnalistlərlə, QHT və vətəndaş layihələri ilə işləmişəm. Hesab edirəm ki, press-reliz sadəcə bir mənbə kimi nəzərə alına bilər. Açıq desək, çalışdığım ölkələrin bəzilərində mediada press-relizin heç bir redaktə olmadan çap olunduğunu gördüm. Daha çox rəsmi məlumatlar olduğu kimi, toxunmadan dərc edilir. Bunu əslində həmin media qurumu özünün təhlükəsizliyinə görə edir. Jurnalistlər press-relizdən öz xəbərlərində istifadə edə bilərlər. Amma necə istifadə? Bu həmçinin press-relizdəki məzmun və əhəmiyyətlilikdən də asılıdır. Elə məlumat ola bilər, tutaq ki, mühüm deyil, amma mənbə etibarlıdır. O zaman həmin məlumat kiçik həcimdə dərc oluna və ya yayımlana bilər. Ümumiyyətlə, press-relizdəki informasiya anlaşılan, sadə və çevik olmalıdır. Əgər press-relizdəki informasiya maraqlı və mühümdürsə, o zaman jurnalistlərin çoxu da razılaşar ki, media onu başlığa qoya bilər. Press-reliz dərc olunmamışdan və ya yayımlanmadan əvvəl oradakı faktlar bir daha yoxlanılmalıdır. Press-reliz media ilə əlaqələrdə vacib və normal bir hissə hesab olunur.

Son vaxtlar mediada “press-reliz jurnalistikası”nın artdığını deyirlər. Yəni bəzi jurnalistlərin press-relizi olduğu kimi köçürdükləri nəzərdə tutulur. Yeri gəlmişkən, tədbirlərdən birində yerli televiziya kanallarından olan müxbir mətbuat xidmətinə yaxınlaşır və ondan ilk olaraq press-reliz istəyir. Məlum olur ki, press-reliz yoxdur. Bu zaman jurnalist mətbuat xidmətinə “indi mən nə deyim?" sualını verir. Qarşı tərəf ona tədbiri izah edir, müsahiblər göstərir və nəhayət sonda nə suallar verməyi də başa salır. O zaman belə bir sual yaranır: Müxbir kimin marağına xidmət etmiş oldu? Bəs öz auditoriyası? Məlumatı əldə edəndə jurnalist özündən soruşmalıdır: Bu, mənim auditoriyam üçün münasibdir?

Müşahidələr göstərir ki, Azərbaycan mediasında press-relizdən istifadə edərək özəl xəbər yaradanlar azlıq təşkil edir.

Bir məqamı da qeyd etmək yerinə düşər. Bəzən press-relis əvəzinə jurnalistlərə press-kit təqdim edilir. Con Stivart (Joan Stewart) “Press-reliz və press-kit adasındakı fərq” adlı məqaləsində yazır ki, press-reliz press-kitin bir hissəsidir, iki və daha artıq səhifədən ibarət olan press-kit şirkətlər, blogerlər üçün geniş məlumat toplusudur.

P.S: Avropa İttifaqının Bakı nümayəndəliyinin jurnalistlərə göndərdiyi press-relizlə yanaşı həmişə sonda bu cümlə qeyd edilir: “Bu elektron mesaj rəsmi əlaqə vasitəsi deyil və Avropa İttifaqının rəsmi mövqeyini əks etdirmir”.


Almaz Mahmud

media eksperti, filologiya üzrə fəlsəfə doktoru