Terror bölgələrindəki uşaqlarla bağlı GÖRÜLƏCƏK İŞLƏR: 270 azərbaycanlı...
13 dekabr 2019 16:05 (UTC +04:00)

Terror bölgələrindəki uşaqlarla bağlı GÖRÜLƏCƏK İŞLƏR: 270 azərbaycanlı...

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ''Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə təqdiqat''adlı yekun hesabatda bildirilib ki, münaqişə ocaqlarında olan və valideynlərini itirmiş 24 azərbaycanlı uşaq geri qaytarılıb:

“Ən azı bir valideynini itirmiş 270 azərbaycanlı uşaq Suriya və İraqda saxlama mərkəzindədir. Birbaşa döyüşə cəlb edilən və ya travmativ təcrübələrə məruz qalan, silahlı münaqişə zolaqlarından geri qayıtmış uşaqlara məsləhət verməklə onların sosiallaşmasını, eləcə də emosional və ideoloji məsələlərini hərtərəfli əhatə edən xüsusi qayğıya ehtiyacı var. Geri qayıdanların reinteqrasiyalarını asanlaşdırmaq üçün keçmiş döyüşçülər və onların ailə üzvləri üçün xüsusi reabilitasiya mərkəzlərinin qurulmasına ehtiyac var”.

Uşaq və gənclərin sosial reabilitasiya mərkəzinin psixoloqu Asəf Kərimov Lent.az-a bildirib ki, münaqişə ocaqlarında olan uşaqlara ölkənin sahib çıxması və bu barədə işlərin aparılması müsbət addımdır:

“Bu proses münaqişə ocaqlarındakı uşaqlar üçün ümid işığı olacaq və onlarda güvən yaranacaq. Uşaqların xüsusi diqqətə ehtiyacı olduğu üçün onların bir yerdə və bir mərkəzdə formalaşdırılması yaxşı olardı. Onların təhlükəsiz mühitdə olduqlarını uşaqlara hiss etdirmək lazımdır. Eyni zamanda, müsbət psixoloji vəziyyət də yaradılmalıdır.

Daha sonra uşaqların əgər ailə və qohumları həyatdadırlarsa və onları qəbul edirlərsə, həmin şəxslərlə də müvafiq işlər aparılmalıdır. Əgər uşaqlara qəyyumluq edəcək qohumları yoxdursa, onlar internatlara yönəldilməlidir. İnternatlardan qabaq isə ciddi işlər görülməlidir”.

A.Kərimov bildirib ki, münaqişə ocaqlarında olan uşaqlarla reabilitasiya prosesi uzunmüddətlidir:

“Uşaqlardan asılı olaraq müddət 6 ay, 1 il, hətta 2 il və daha artıq da ola bilər. İlkin 6 ay isə həddən artıq vacibdir. Realibitasiya prosesində uşaqlara ilkin yazma, oxuma vərdişləri də öyrədilməlidir və onlar cəmiyyətə adabtasiya olmağa başlamalıdırlar. Bir müddət sonra isə onlar məktəblərə yönləndirilməli və təhsilə cəlb edilməlidirlər.

Burada əsas məsələlərdən biri də uşaqlarla bağlı anonimliyin qorunmasıdır. Uşaqlar çətin müddətdən keçdikləri üçün onlarda müəyyən çöküntülər mütləq qalacaq. Bunların tam keçməsi üçün psixoloqlar daimi işləməlidirlər. Psixoloqların ilk görəcəyi iş hər uşağın intelektual imkanlarını, xarakter və xüsusiyyətlərini öncədən dəqiqləşdirməkdir.

Düşünürəm ki, uşaqlar cəmiyyətə uyğunlaşdıqdan və öz həyatlarını düşünməyə başladıqlarından qısa müddət ərzində yaşadıqları geridə qalacaq”.

# 1267
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar