14119
15:15
27 Dekabr 2019

"Anası müraciət etdi ki, oğlumu tutun" - İctimai təhlükəli insanlar

“Elə bilirlər ki, arxasınca kimsə düşüb onlara zərər yetirəcək”.

Bu sözləri Abdulla Şıxlinski deyib.

Son illər ərzində narkomanlar tərəfindən törədilən cinayətlərin sayı artıb. Bəs görək, həmin şəxslər tərəfindən törədilən cinayətlərin artma səbəbi nədir? Narkomanlar, əsasən, hansı cinayətlərə əl atırlar?

Mövzu ilə bağlı Lent.az -a açıqlama verən həkim-psixiatr, narkoloq Abdulla Şıxlinski bütün narkomanlara cinayətkar kimi baxmağın səhv olduğunu vurğulayıb. Həkim narkomanların hansı hallarda cinayətə meyl etmələrinə də aydınlıq gətirib:

“Heç bir narkomana cinayət törədənə qədər cinayətkar kimi baxmaq düzgün deyil. Qəbul edilən narkotiklərin xüsusiyyətindən asılı olaraq narkomanların davranışı da dəyişir. Onların etdiyi hər hansı qanunsuz əməl də xəstəliklərindən irəli gələn psixi pozuntularla bağlıdır. Əgər narkotikin qəbul etmə vaxtı yetişibsə yaxud onu əldə etdiyi mənbə artıq yoxdursa, narkoman məcburdur ki, hər hansısa cinayət əməli törətsin. Belə hallar tez-tez olur. Bəzən elə olur ki, onlar narkotiki borca götürüb sonra verə bilmirlər. Kimisi buna görə, öz evin soyur, kimisi hətta həyat yoldaşını öldürüb qızıllarını götürür. Bütün bu hallar “abstinentsiya” (“lomka”) vəziyyətində meydana gəlir. Bu an insanda ağır psixi və fiziki durum yaranır ki, o vəziyyətdən çıxmaq üçün narkoman mütləq o maddəni qəbul etməlidir. Çox nadir hallarda olur ki, onlar bu vəziyyətdən qurtulmaq üçün tibb müəssisələrinə üz tutsunlar. Ancaq onlar narkotik əldə etməyə çalışırlar. Tibb müəssisəsinə müraciət edib psixoloji və narkoloji müalicə alsalar, heç olmasa həmin vəziyyəti yüngülləşdirmək olar”.

Abdulla Şıxlinski sintetik narkotiklərin narkomanları cinayətə sürüklədiyini qeyd edib:

“İndiki dövrdə, əsasən, Asiya ölkələrindən, Türkiyədən qeyri-qanuni yollarla çox təhlükəli narkotik vasitə olan “şüşə” gətirilir. “Şüşə”, “spays”, “amfetamin”, “ekstazi” kimi sintetik, marixuana və kokain kimi sintetik olmayan və asılılıq yaratmayan narkotiklər çox güclü klassik psixoz hal yaradır. Sintetik narkotiklərin verdiyi psixoz çox ağır keçir. Hətta uzun müddətli müalicələrə baxmayaraq, onların vəziyyəti düzəlmir. Həmin insanlar ömür boyu tibb müəssisəsində qalırlar, ictimaiyyət üçün təhlükəlidir. Elə bilirlər ki, arxasınca kimsə düşüb onlara zərər yetirəcək. Buna görə də daima silah gəzdirirlər. Bu psixoz vəziyyəti psixiatriyada qeyd olunan psixozdan fərqlənmir. Yalnız bir fərq var ki, bu vəziyyət həmin sintetik maddələrin qəbulu ilə yaranır. Məhz bu maddələrdən istifadə nəticəsində narkomanlar sosial və ictimai təhlükəli olurlar. Bu cinayətlər də tez-tez baş verir. Ancaq tədqiqatlar sübut edib ki, psixoz vəziyyətə düşməyən və narkotiki vaxtında qəbul edən narkomanlar təhlükəsiz hesab olunur. Çox təəssüf ki, son zamanlar adlarını çəkdiyim sintetik narkotiklərin qeyri-qanuni yollara Azərbaycanın “narko biznes” bazarına daxil olması, ictimaiyyətdə cinayətkarlığa meylli narkomanların sayını günü-gündən artırır”.

“Onların adam öldürmür, kiminsə sağlamlığına zərər yetirmir”.

Hüquqşünas Anar Bayramov məsələ ilə bağlı Lent.az -a danışarkən narkomaniyanın yayılmasına qarşı mübarizənin kifayət etmədiyini bildirib:

“Düzdür sərhəd-keçid məntəqələrində, gömrükdə narkomaniyanın yayılmasına, idxalına qarşı tədbirlər görülür. Lakin bu tədbirləri daxildə də onu satanlara qarşı etmək lazımdır. Baş verən cinayətlər, narkomaniyanın get-gedə yayılmasından görünür ki, aparılan mübarizə tədbirləri yetərsizdir. Xüsusən də sintetik narkotiklərin qanunsuz olaraq gətirilməsi cinayətlərin sayını artırıb. Həmin maddələrə qurşanan şəxslər də ömür boyu ondan yaxa qurtara bilmir. Narkomanların törətdiyi cinayətlər əsasən talama, soyğunçuluq, oğurluq cinayətləridir. Təbii ki, bu da ona lazım olan narkotikə pul tapmaq məcburiyyətindən irəli gəlir. Yəni, onların adam öldürmək, kiminsə sağlamlığına zərər yetirmək kimi cinayətləri olmur. Öz təcrübəmdən bir misal çəkim, bir dəfə müstəntiq işləyərkən əməliyyat zamanı narkoman tutmuşduq. Öz evlərinin pəncərə çərçivəsinə qədər söküb aparmışdı. Bacısının da qızıllarını, pulunu oğurlamışdı. Təsəvvür edin anası müraciət etdi ki, oğlum narkomandı, üstündə narkotik var, onu tutun”.

Anar Bayramov narkomanların cəzadan azad edilməsi üçün Cinayət Məcəlləsinə yeni maddə əlavə olunduğunu dilə gətirib. Hüquqşünas bəzi səbəblərdən hələ də maddənin icra olunmadığını qeyd edib:

“Dünya təcrübəsində narkomanlıq xəstəlik kimi qəbul edilir. Narkomanlıq inzibati xəta hesab olunur. Etdikləri cinayətə görə isə Cinayət Məcəlləsinə əsasən saxlanılır. Məcəllənin 124-cü maddəsinə görə, sərxoşluq məsuliyyətdən azadetmə hesab olunmur. Narkotik maddələrdən istifadə edib cinayət törətmək də sərxoş vəziyyətdə cinayət törətməkdir. Əgər azadlıqdan məhrum edilən narkoman könüllü olaraq müalicə istəsə o, tibb müəssisəsinə yerləşdirilir. Ümumiyyətlə, məhkəmə prosesində ekspert cinayət törədən bütün narkomanların səhhətinə nəzər yetirir. Əgər onun müalicəyə ehtiyacı varsa, məcburi qaydada müəssisəyə aparılır. Ancaq indi Cinayət Məcəlləsinə yeni maddə əlavə edilib. Həmin maddəyə əsasən, cinayət törədən narkoman könüllü müalicə istədiyi halda müalicə müəssisəsinə köçürüləcək və cəzadan azad olacaq. Ancaq təəssüf ki, hələ də bunun üçün tibb müəssisəsi yoxdur. Həmin tibb müəssisəsi üçün Daxili İşlər və Səhiyyə nazirlikləri birgə addım atmalıdır”.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycanda narkomanlar tərəfindən 182 cinayət törədilib. 2010-cu ildə bu rəqəm 465, 2015-ci ildə 546, 2016-cı ildə 382, 2017-ci ildə 554, 2018-ci ildə 791-ə çatıb. 2018-ci ildə Azərbaycanda rəsmi qeydiyyatda olan narkomanların sayı 31 432 nəfər olub. 2018-ci ildə ilk dəfə narkotik istifadəçisi kimi qeydiyyata alınan narkomanların sayı 1995 nəfər təşkil edib. Ötən il 694 nəfər narkoman qeydiyyatdan çıxarılıb. Ümumilikdə, narkotik istifadəçiləri arasında 25-45 yaş arası insanlar üstünlük təşkil edirlər.