Anna Akopyan yenə bilmədiyi mövzudan danışdı - TƏHLİL
05 dekabr 2019 18:56 (UTC +04:00)

Anna Akopyan yenə bilmədiyi mövzudan danışdı - TƏHLİL

Qeyri-hökumət təşkilatlarının keçirdiyi tədbirlərdə Ermənistanın bir vətəndaşı arabir çıxış edir. Adı Anna Akopyandır. Yaxşı xatırlayırıq, bu ilin may ayında Qazaxıstanın Almatı şəhərində keçirilən XVI Avrasiya Media Forumunda iştirak edən APA-nın redaktoru Cavid İsmayıl forum çərçivəsində təşkil olunmuş "Etimad böhranı. Qüvvələrin qlobal paylaşılması" adlı panelin spikerlərindən olan Anna Akopyana sual vermişdi.

Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı statusu ilə iştirak etdiyi tədbirdə Cavid Akopyandan soruşmuşdu: “Azərbaycan və Ermənistan qadınları arasında etimad mühiti yaratmaqdan danışırsınız. Amma oğlunuzu hərbi xidmət keçmək üçün Azərbaycanın işğal olunmuş ərazisinə, Dağlıq Qarabağa göndərmisiniz. Necə düşünürsünüz, Ermənistan tərəfindən və şəxsən ailəniz tərəfindən bu kimi hərəkətlərə yol verildiyi halda, Azərbaycanla Ermənistan arasında etimad mühiti yarana bilərmi?"

Akopyan isə sualdan yayınaraq, ümumi və dağınıq cavab səsləndirmiş, detallara və ya siyasətə girmək istəmədiyini demişdi.

Akopyan dekabrın 4-də yenə danışıb. İrəvanda keçirilən “Sülhün bərqərar olunmasında qadınların rolu. İmkanlar və çağırışlar” mövzusundakı konfransda deyib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağa dəvət edir, əgər Mehriban Əliyeva bu dəvəti qəbul etsə, o da Bakını ziyarət etməyə hazırdır. İddia edib ki, erməni tərəfi “qonaqları necə qarşılamağı bilir”, “biz muğam təşkil edə bilərik, o isə dinləyə bilər”.

Anna Akopyanın bu mənasız açıqlamasını onun daha çox “fake və şou xəbərlər” yazmaqdan ibarət olan karyerasının davamı kimi dəyərləndirmək düzgün olar. Çünki Akopyanın istinad etdiyi və guya Birinci Xanım Mehriban Əliyevaya aid olan “rəsmi” “Telegram” kanalındakı “Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir!” postunun yazıldığı mənbə rəsmi deyil. Bu, sadəcə bir fan səhifədir.  Azərbaycanın Birinci vitse-prezidentinin belə “Teleqram” kanalı yoxdur.

Naşılıq nümunəsi

Əgər Akopyan heç olmasa yaxşı jurnalist olsaydı, bunu dəqiqləşdirməyi bacarmalıydı. Amma bütün karyerasını şişirdilmiş şou-xəbərlər yazmaqla keçirən, hazırda isə “dezinformasiya mənbəyi”, söyüş ruporu və “fərziyyə mətbuatı” kimi tanınan “Aykakan jamanak” (“Erməni vaxtı”) qəzetinin baş redaktoru olması onun jurnalist kimi “peşəkarlıq” göstəricilərini ortaya qoyur. Bizdə belə jurnalistlərindən heç vaxt siyasi şərh almazlar. Çünki onlar daha çox məşhur şəxslərin qarderobu, hobbiləri, maraq dairələri barədə yazarlar.

Ölkənin Birinci vitse-prezidenti ilə bağlı fikirlər söyləmək karyerası şou xəbərlər yazmaq olan jurnalist üçün çox çətindir, o bu sahədə heç cür adekvat görünə bilməz. Necə ki, biz Akopyanın reaksiyasında o naşılığı görürük.  

Gələcəkdə lazım ola bilər: Rəsmi şəxslərlə bağlı xəbərləri dəqqiləşdirmək üçün onların rəsmi səhifələrinə daxil olmaq kifayətdir. Mehriban Əliyevanın rəsmi “Telegram” səhifəsi yoxdur. Bunu yoxlamaq üçün Mehriban Əliyevanın rəsmi səhifəsinə daxil olmaq yetərlidir. Həmçinin, ölkənin Birinci vitse-prezidentinin fikirlərini və bəyanatlarını həmin ölkənin rəsmi və mötəbər KİV-i mütləq yayır.

Ümumiyyətlə, Anna Akopyan Azərbaycanın Birinci vitse-prezidentini hansı statusla dəvət edir? Onun hazırda Paşinyanın xanımı olmaqdan başqa hansı statusu var? Bəs başqa çıxışlarında bu Ermənistan vətəndaşı Dağlıq Qarabağı “müstəqil dövlət” adlandırırdı?! Akopyan hansı status və səlahiyyətlə “işğalla” hədələyir? Hansı vəzifəsi ilə qonaq qarşılayır? Bu ki şizofrenik yanaşma, real olmayan gücünün və səlahiyyətinin xəyalı ilə danışmaqdır!

Atəşkəsə aparan yol və aprel dərsi

Akopyan üçün yenə də bir siyasi analitik xatırlatması: Azərbaycanın yeni ərazilərini işğal etmək arzusu Ermənistanda əvvəllər də olub. Ermənistan 1993-cü ilin sonları, 1994-cü ilin əvvəllərində Kür çayına qədər Azərbaycan ərazilərini işğal etməklə hədələyib. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda yenidən hakimiyyətə gəlməsindən sonra əks proses baş verib. Heydər Əliyevin rəhbərliyi ilə qısa müddətdə ordu quruculuğu sahəsində görülən işlər və 1994-cü ilin əvvəllərində  Azərbaycan Ordusunun əks-hücumu, Füzuli rayonunun işğal edilmiş ərazilərinin mühüm hissəsinin azad edilməsi Ermənistanı atəşkəs barədə danışıqlara başlamağa, bunun üçün böyük dövlətlərdən dəstək istəməyə məcbur edib. Atəşkəsdən sonrakı dövrlərdə də sülh danışıqları yolu ilə ərazi bütövlüyünü təmin etməyə çalışan Azərbaycanın səyləri fonunda Ermənistan rəhbərliyi zaman-zaman belə iddiaları səsləndirib. 2016-cı ilin əvvəllərində Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan da çıxışlarında bir neçə dəfə belə iddia, təhdid yer alıb. Ancaq 2016-cı ilin aprelində Azərbaycan Ordusunun əks hücumu, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin və Ağdərə istiqamətində Talış kəndinə nəzarəti təmin edən yüksəkliklər də daxil olmaqla, işğal altındakı torpaqların bir qisminin də azad edilməsi Serj Sərkisyanın özünün hakimiyyəti itirməsinə aparan yolun başlanğıcı oldu.

Populist bəyanatlarla Ermənistana hakimiyyətə gələn, ancaq Ermənistana sürətli inkişaf, xalqa rifah, Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın maraqlarına uyğun həllini vəd edən Nikol Paşinyan bu gün ürəkaçan durumda deyil. Belə olan halda adətən, daxili onun auditoriyaya yönəlik populist bəyanatlara əl atılması anlaşılandır. Nikol Paşinyanın Azərbaycanın işğal altındakı ərazilərinə səfəri, populist bəyanatları fonunda xanımının da populizm nümayiş etdirməsi başadüşüləndir. Amma bu populizm çox qeyri-peşəkar olduğundan gülməli görünür!

APA-Analytics

# 1803
avatar

Oxşar yazılar