2451
13:49
05 Dekabr 2019

Magistraturaya qəbulun bu mərhələsi ləğv olunur - TƏKLİFLƏR gülüncdür

Magistraturaya qəbul imtahanlarında yenilik - ikinci mərhələnin ləğv olunması ilə bağlı təkliflər səsləndirilir. Bu fikri dəstəkləyənlər, eyni zamanda razılaşmayanlar var.

Lent.az -a bununla bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədovun fikrincə, bakalavrların ixtisas üzrə bilikləri yoxlanıldığı mərhələnin ləğv olunması ilə bağlı irəli sürülən təklif düzgün deyil: “Bilmirəm bunu kim, hansı qurum təklif edib. Amma onu dəqiq deyə bilirəm ki, bakalavrların ixtisas üzrə biliklərinin yoxlanıldığı mərhələnin ləğv olunmasını təklif edənin təhsildən anlayışı yoxdur. Magistr ixtisas dərəcəsidir, ilkin ixtisas üzrə elmi dərəcədir. Magistratura ali xüsusi təhsil pilləsi olaraq, ikinci pillə ali təhsildə müəyyən ixtisas üzrə biliklərin dərinləşdirilməsinə xidmət edir. Onsuz da universitetlərdə ixtisaslar zəif tədris olunur. Bakalavrlar magistr imtahanı üçün ixtisas fənlərini oxuyub bir az məlumatlı olurlar. İkinci mərhələnin ləğvi ilə ixtisaslı kadrların kökü kəsiləcək”.

Onun sözlərinə görə, birinci mərhələ ilə magistr seçmək gülüncdür: “Məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsini yoxlamaqla magistr seçərlər? Magistr imtahanının birinci mərhələsi kurslara, repitetorlara xidmət edir. İxtisasını bilməyən bakalavrın magistraturada nə işi var?

Məntiqdən ona görə imtahan olmamalıdır ki, hazırda imtahanda istifadə olunan məntiq test tapşırığı bakalavrların məntiqi düşüncəsini yox, riyazi biliyinini yoxlayır.

Riyaziyyat üzrə magistr imtahanı verən ilə, tarix üzrə magistr imtahanı verənə eyni məntiq test tapşırığı təqdim etmək yanlışdır. İnformatika sualları isə proqramist səviyyəsindədir.

Təklif edirəm ki, magistr imthanı birmərhələli olsun və bakalavrlar yalnız ixtisas və xarici dildən imtahan versinlər.
Ümid edirəm ki, Nazirlər Kabineti ixtisas biliklərinin yoxlanılmasının ləğv olunması ilə bağlı təklifi qəbul etməyəcək”.

Xatırladaq ki, hazırda magistraturaya qəbulun birinci mərhələsində bakalavrların məntiqi təfəkkürü, xarici dil və informatikadan bilik səviyyəsi yoxlanılır və DİM tərəfindən qoyulan şərtləri ödəyənlər imtahanın ikinci mərhələsində iştirak etmək imkanı əldə edirlər. İkinci mərhələdə isə bakalavrların ixtisas üzrə bilikləri yoxlanılır və müsabiqə iki mərhələnin ümumi balı əsasında həyata keçirilir.


Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə mətbuata açıqlamasında bildirib ki, Nazirlər Kabineti və müvafiq qurumlar tərəfindən yeni qaydalar hələ ki təsdiqlənməyib: "Biz müzakirələr aparıb öz təkliflərimizi vermişik. Magistraturaya qəbul imtahanlarının keçirilməsi 2005-ci ildə bizə həvalə ediləndən onun bir mərhələli keçirilməsini təklif etmişdik. Lakin həmin dövrdə universitetlər ikinci mərhələnin lazım olduğunu demişdilər və ixtisaslar üzrə biliklərin yoxlanılmasını zəruri hesab etmişdilər. Artıq yeni təklif Təhsil Nazirliyi tərəfindən universitetlərlə müzakirə edilib. Universitetlər də birinci mərhələdə olan nəticələr əsasında magistrləri qəbul etməyə razıdır".