Parlamentin buraxılmasının hüquqi əsasları
04 dekabr 2019 18:15 (UTC +04:00)

Parlamentin buraxılmasının hüquqi əsasları

Azərbaycanda qanunvericilik hakimiyyətini Milli Məclisi həyata keçirir.

Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər.

Parlamentin səlahiyyət müddəti 5 ildir. Deputatların səlahiyyət müddəti Milli Məclisin çağırışının səlahiyyət müddəti ilə məhdudlaşır. Respublikada seçkilərdə iştirak etmək hüququna malik olan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Milli Məclisinin deputatı seçilə bilər.

Noyabrın 28-də hazırkı parlamentdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurası Milli Məclisə parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında müraciət ünvanlayıb. 

Bu müraciətdən sonra sosial şəbəkələrdə parlamentin özünü buraxmasının qanuna uyğun olub-olmaması, YAP-çı deputatların belə müraciətinin hüququ əsasları barədə müzakirələr aparılır.

Konstitusiyanın 95-ci maddəsində (Milli Məclisin həll etdiyi məsələlər) göstərilib ki, Milli Məclisin səlahiyyətlərinə aid edilən digər məsələlərə, həmçinin, Milli Məclisin işinin təşkili ilə əlaqədar məsələlərə, Milli Məclisin münasibətinin bildirilməsi zəruri olan məsələlərə dair də qərarlar qəbul edilir.

Məhz bu maddənin tələbi ilə Milli Məclis dekabrın 2-də YAP üzvü olan deputatların müraciətini müzakirəyə çıxarıb və “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinə müraciət edilməsi barədə” qərar qəbul edib.

Bundan sonra Prezident Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluq olub-olmadığı barədə Konstitusiya Məhkəməsinə sorğu göndərib.

Bu gün isə Konstitusiya Məhkəməsinin Plenumu Milli Məclisin buraxılmasının Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olması barədə qərar qəbul edib.

***

YAP-çı deputatların müraciətindən sonra parlamentin özünü buraxmasının mümkünlüyü barədə müzakirələr də ortaya çıxdı. Buna əsas kimi, Konstitusiyada qanunverici orqanın özü-özünü buraxması barədə maddə olmadığı göstərilirdi.

Məsələ ondandır ki, Konstitusiyada maddənin olmaması parlamentin özünü buraxa bilməyəcəyi anlama gəlmir. Hüququ ali və akademik bilənlərə aydındır ki, bütün müddəaların Konstitusiyada olması vacib deyil. Ana Qanunda olmayan hallarının tənzimlənməsi mümkünsüz olmamalıdır.

Məsələn, ABŞ Konstitusiyası 7 maddədən ibarətdir, bu maddələrdə təsbit olunmayan hal baş verəndə o halların qanunla tənzimlənmədiyini düşünmək sadəlövhlük olardı.

Konstitusiyada parlamentin buraxılması səlahiyyəti Azərbaycan Prezidentinin müstəsna səlahiyyətdir.

Konstitusiyada parlamentin işlək olması qarşısında duran məsələləri həll etməsi üçün 83 deputatın səlahiyyətli olmasının vacibliyi göstərilib. Qanun və qərar qəbul edilməsində isə 63, 83 bəzən isə hətta 95 deputatın səs verməsi tələb olunur.

YAP hazırda parlamentdə 68 deputatla təmsil olunur, bu şəxslərin deputatlıqdan öz arzuları ilə geri çəkilmələri parlamentdə millət vəkili sayını 50-dən aşağı salır. Bu say isə parlamentin işlək olmasına imkan vermir.

Beləliklə, “Konstitusiyada parlamentin özü özünü buraxmasına dair maddə yoxdur” tezisi ilə “parlament özünü buraxa bilməz” fikrini əsaslandıranlar yanılırlar.

Məsələn, Konstitusiyanın 116-cı maddəsində yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti Prezidentə istefa verir. Milli Məclis Nazirlər Kabinetinə etimadsızlıqla bağlı qərar qəbul edə bilər.

“Milli Məclis özünü buraxa bilməz” iddiasını səsləndirənlərin məntiqi ilə yanaşsaq, Nazirlər Kabineti başqa halda istefa verə bilməz. Çünki Konstitusiyada bu, nəzərdə tutulmayıb.

Hüququ bilən hər kəs bu iddianı absurd hesab edər. Eynilə də Milli Məclisin özünü buraxa bilməsi məsələsinə münasibətdə bu arqument keçərlidir. Əgər yetərsay yoxdursa, Milli Məclisin başqa cür fəaliyyət imkanı yoxdursa, o özünü buraxa bilər. Bunun Konstitusiyada yazılmasına ehtiyac yoxdur.

Bəs Prezident hansı hallarda parlamenti buraxa bilər?

Bu müddəa Konstitusiyada yeni anlayışlar kateqoriyasına aiddir. Belə ki, Milli Məclisin buraxılması müddəası 2016-cı ildə keçirilmiş referendumda Konstitusiyaya daxil edilib.

Konstitusiyanın 981-ci maddəsində Prezidentin hansı hallarda parlamenti buraxması göstərilib.

Milli Məclisin eyni çağırışı bir il ərzində iki dəfə Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Mərkəzi Bank İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədlərini Prezident tərəfindən iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə Prezident parlamenti buraxır.

Bundan başqa, Konstitusiyanın 94-cü (Azərbaycan Respublikası Milli Məclisinin müəyyən etdiyi ümumi qaydalar) və 95-ci (Azərbaycan Respublikası Milli Məclisinin həll etdiyi məsələlər­) maddələrində, 96-cı (Qanunvericilik təşəbbüsü hüququ) maddəsinin II, III, IV və V hissələrində, 97-ci (Qanunların imzalanmaq üçün təqdim olunması müddəti) maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə, Prezident Milli Məclisi buraxır.

Hazırda parlamentin buraxılmasına səbəb ola biləcək hal fəaliyyəti üçün lazım olan yetərsayın olmaması və öz funksiyalarını yerinə yetirə bilməməsidir. Nəzərə alınmalıdır ki, Konstitusiyanın 87-ci maddəsinə əsasən, Milli Məclisin 83 deputatının səlahiyyətləri təsdiq olunduqda səlahiyyətlidir.

Belə olan halda, Milli Məclis Konstitusiyada göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Prezident tərəfindən buraxılır.

İstefa verən deputatlar yenidən namizəd ola bilərmi?

Media və sosial şəbəkələrin ən çox müzakirə etdiyi mövzulardan biri də növbədənkənar seçkilərin keçirilməsi üçün müraciət edən deputatların yenidən namizəd ola biləcəkləri ilə bağlıdır.

Qanunvericilikdə könüllü istefa verən şəxsin deputatlığa təkrar namizəd ola bilməyəcəyi ilə bağlı hər hansı müddəa yoxdur.

Bu şəxslər növbəti seçkidə yenidən namizəd, seçicinin etimadını qazanacağı təqdirdə isə deputat ola bilərlər.

# 1865
avatar

Şamil Paşayev

Oxşar yazılar