Kənd sakinləri evlərini turistə verə bilmir - SƏBƏBLƏR ciddidir
08 dekabr 2019 18:19 (UTC +04:00)

Kənd sakinləri evlərini turistə verə bilmir - SƏBƏBLƏR ciddidir

Hazırda Dövlət Turizm Agentliyi ilə birlikdə münasib mülkiyyət tipli ev təsərrüfatlarının turizm şəbəkəsinə qoşulması, xarici və yerli turistlərə bu platformadan istifadə imkanlarının yaradılması müzakirə olunur.

Bunu Turizm Sammitində  Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmit deyib.

Onun sözlərinə görə, kənd turizminin inkişafı üçün kənd evlərinin imkanlarının artırılması nəzərdə tutulur: "Kənd turizminin inkişafı üçün bir necə istiqamət nəzərdə tutulur. Bunlar münasib kənd evlərinin siyahıya alınması, eyni zamanda onların icma şəklində formalaşdırılmasıdır. Daha sonra əsas istiqamətlərdən biri müəyyən islahatlar tətbiq edilməklə kənd evlərinin sahiblərini fəaliyyətə cəlb etməkdir".

Apardığımız kiçik araşdırmadan bəlli oldu ki, turistlərin marağını çəkən rayonlarda ev sahibi olan insanların bir çoxu hazırda şəhərdə yaşayır. Onlar evlərini turistlər üçün verilməsini istəsələr də, özlərindən asılı olmayan səbəblər onlara mane olur.

Şəki rayonu, Orta Zəyzid kənd sakinlərindən aldığımız məlumata görə, kənddə olan evlərinin əksəriyyətində hər cür şərait var: “Kənddə olan evlərimizdə hər bir şərait var. Amma, ümumillikdə kəndin elektriklə bağlı çox ciddi problemi var. İşıqlar bir saatdan bir sönür. Qaz problemi də mövcuddur. Məsələn, hardasa qəza olur və bunu bəhanə edərək iki-üç gün qaz kəsilir. Yaxud, istifadə olunan qazın haqqını 10-15 nəfər vaxtında ödəmirsə, bunu da bəhanə edərək kəndin qazını tamamilə kəsirlər. Bu şəraitdə turist necə həmin evlərdə yaşaya bilər?”.  

Turizm üzrə ekspert İldırım Musayev isə bildirib ki, kənd turizminin yerli əhali üçün çox böyük əhəmiyyəti var: “Turizmin bu sahəsi kənd əhalisi üçün əhəmiyyətli olduğu qədər, turistlər üçün də maraqlıdır. Turizmlə məşğul olan qurumlar bu sahənin inkişafı ilə kabinetdə oturub məşğul olmalı deyil. Kənd turizminin inkişafı ideyası çoxdan var".

Ekspert bildirib ki, kənd yerlərində evlər əvvəlcə seçilməlidir və kateqoriya üzrə qiymətləndirilməlidir: “Elə evlər seçilməlidir ki, şəraitləri turist üçün rahat olsun. Elektrik və su problemi olmamalıdır. Bu problemin qarşısını almaq üçün əlavə genaratorlar quraşdırılmalıdır. Həyətyanı sahənin işıqlandırılması lazımdır. Bu işlərdə kənd əhalisinə Turizm Agentliyinin rayonlar üzrə şöbələri yardım etməlidir. Şəraiti olan evlər seçilməli və turizmin inkişafı üçün köməklik edilməlidir. Daha yaxşı olar ki, həyətyanı sahəsi olan, təsərrüfatla məşğul olunan kənd evləri seçilsin”. 

Onun fikrincə, ümumiyyətlə, Azərbaycan mühiti üçün turizmin hansı növü realdırsa, həmin sahə inkişaf etdirilməli və istifadə olunmalıdır: "Məsələn, Azərbaycanda 14 əsas, bir sıra köməkçi qoruq var. Qoruqların çoxu Milli Parklara çevrilib. Qazax və Ağstafanın ərazisinə düşən Qarayazı qoruğunun meşələrində ceyran, ayı yaşayır. Balıq tutmaq üçün yerlər mövcuddur və s. Həmin qoruğa gedən yol infrastrukturu bərbad haldadır. Turizm Agentliyi nə üçün bu problemlərlə məşğul olmur? Bu qoruqdan turizmdə çox yaxşı istifadə oluna bilər”.

Ekspert rayon və kəndlərdə turizmin inkişafına mane olan başqa amillərə də toxunub. Onun sözlərinə görə,  Şəkidə 84 milli-mədəni tarixi abidə var və onların yalnız 5-6-sı işləyir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2614
avatar

Aygün İbrahimli

Oxşar yazılar