996
14:58
25 Noyabr 2019

Vüsalə Mahirqızı: "Hüquq-mühafizə orqanlarına müraciət etmişik"

“Artıq neçənci dəfədir ki, “APA” xəbər brendinin adından sui-istifadə hallarına rast gəlirik. Çox təəssüf ki, yenə də bir işbaz .az domen sahəsində “apaxeber” adlı sayt qeydiyyatdan keçirə bilib. O bir az da irəli gedərək, saytın logosunda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən mənim təsisçiliyimlə qeydiyyatdan keçirilmiş Azəri-Press Agentliyi MMC-nin adını da əlavə edib”.

Bunu “APA Group” media şirkətinin baş direktoru Vüsalə Mahirqızı deyib.

V.Mahirqızı bildirib ki, araşdırma zamanı bu əməli törədənin Beyləqan şəhəri, N. Nərimanov 21 ünvanında qeydiyyatda olan Vüqar Vaqif oğlu Qasımov olduğu müəyyənləşib: “Biz artıq bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov və Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, cənab Əli Nağıyevə müraciət etmişik. Düşünürük ki, bu cür özfəaliyyətin qarşısı dərhal alınmalı və belə presedentlərin yaranmasına imkan verilməməlidir. Eyni zamanda Vüqar Qasımovun APA adından sui-istifadə etməsi ilə üzləşmiş şəxslərdən hüquq-mühafizə orqanlarına və bizə məlumat vermələrini xahiş edirik”.

V. Mahirqızı bildirib ki, eyni zamanda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri cənab Ramin Quluzadəyə də müraciət edilib: “Mən təşəkkür edirəm ki, müraciətimizə həm nazirlik tərəfindən, həm də online.az tərəfindən operativ reaksiya verilərək, dərhal araşdırmalara başlanıldı. Eyni zamanda düşünürəm ki, Elektron Təhlükəsizlik Xidməti bu məsələni birdəfəlik və kökündən həll etmək üçün sistemi təkmilləşdirməlidir. Çox təəssüf ki, biz bir neçə il əvvəl də eyni problemlə üzləşmişdik. Həmin vaxt.az domen sahəsi üçün satış həyata keçirən online.az şirkətinə məktubla müraciət etmişdik. Məktubumuzda bildirmişdik ki, Azərbaycanda “APA” əmtəə nişanı 27.06.2014-cü il tarixində Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində N 20141048 şəhadətnamə ilə patentləşdirilib. Yəni, bu addan başqa heç bir fiziki və hüquqi şəxs istifadə edə bilməz. Çox təəssüf ki, yenə eyni hal baş verir”.

V. Mahirqızı deyib ki, brendlərin bu halla rastlaşmaması üçün online.az öz sistemini təkmilləşdirməli və Əqli Mülkiyyət Agentliyi ilə vahid reyestrdə fəaliyyət göstərməlidir: “Biz hər dəfə APA əmtəə nişanının bizə məxsus olduğunu məhkəmədə sübuta yetirməliyik? Bir dəfə bu ölkənin patentləşdirmə ilə məşğul olan dövlət qurumundan lazımi sertifikat alınıb və bütün qurumlara təqdim olunub. “Online.az”ın sistemində eyni adla başqa fiziki və hüquqi şəxsin qeydiyyat həyata keçirməsinə mane olacaq filtrin qurulması o qədər də çətin iş olmamalıdır. Ümid edirik ki, gələcəkdə məşhur brend adlarından .az domen zonasında sui-istifadənin qarşısının alınması üçün təxirəsalınmaz tədbirlər görüləcək”.

V.Mahirqızı məsələ ilə bağlı məhkəməyə də müraciət ediləcəyini bildirib.

Şirkət rəhbəri bir daha vurğulayıb ki, Azəri-Press Agentliyinin (APA) yeganə internet ünvanı www.apa.az-dır: “Biz bir daha bütün xəbər mənbələrinə müraciət edirik. Onlara APA adından müraciət edən müxbir, fotomüxbir və operatorlardan şirkətin vəsiqəsini tələb etsinlər, hər hansı şübhələndikləri məqam olduqda isə agentliklə əlaqə saxlasınlar”.

Dİgər xəbərlər