“Arvadları xəyanət edir, onlar da öldürür...” - Bulud Qaranın gündəliyi – 37-ci BÖLÜM
21 noyabr 2019 20:15 (UTC +04:00)

“Arvadları xəyanət edir, onlar da öldürür...” - Bulud Qaranın gündəliyi37-ci BÖLÜM

 

Əvvəli: https://lent.az/news/331438

 

Kim kimi öldürür?

 

- Niyə öldürmək istədiniz? - mən qəsdən sualı onu dolaşdıracaq formada verdim.

"Kimi?" soruşmalıydı normalda.

Amma soruşmadı. Sakitcə üzümə baxdı, haçandan-haçana bircə cümlə demək üçün düşünməyə başladı...

Qarşımda bir qatil vardı. Arvadını səkkiz bıçaq zərbəsi ilə "uf" demədən öldürən orta statistik bir kişi. "Orta statistik" dedim? Hə... Az qala hər ay bir, ya iki qadın əri tərəfindən öldürülürsə, az qala hər ay ər, qardaş, ata, oğul qatillərlə üz-üzə dayanırıqsa, az qala hər gün mənim qəbuluma əri, qardaşı, atası, sevgilisi tərəfindən döyülən, təhqir olunan, şantaj edilən, ölümə sürükləndirilən qadın pasiyentlər gəlirsə, o zaman bu ifadənin nəyi doğru deyil?

Yox, mənim sizdən umacağım bir cavab yoxdur.

Mən sizə, sadəcə, həyatımın konkret bir kəsiyində başıma gələnləri danışıram. Daha doğrusu, onları dəftərə gündəlik kimi yazıram ki, bir gün kimsə, kimlərsə oxusun, boş vaxtlarını bu hadisələri oxumaqla doldursun.

Bəlkə elə Sənubərin əri də oxuyacaq bunları. Çünki kitab oxumaq üçün həbsxanada istədiyi qədər vaxtı olacaq. Hətta yazmaq üçün də. Niyə də yox? Bir qadın qatilinin yaza biləcəyi gündəlikdən daha maraqlı nə ola bilər ki? Mən bu kişinin yerində olsam, mütləq bütün hisslərimi, bütün yaşadıqlarımı qələmə alardım həbsxanada. Bu məni darıxmaqdan və mənəvi əzab çəkməkdən qurtarardı da.

- Siz mənim yerimdə olsanız...

Mən bu kəlmələrdən elə diksindim ki!

Bir anlıq onun mənim bütün fikirlərimi oxuduğunu təsəvvürümdə canlandırmağa çalışdım. Təsəvvür edirsinizmi? Bir qatili bir psixoloqa tapşırırlar ki, onun daxili sarsıntılarını nizamlayıb dəqiq fikirlərini öyrənsinlər, o isə öz növbəsində, həmin psixoloqun fikirlərini oxuyur, xəyanətə görə öldürdüyü qadının əslində həmin psixoloqa aşiq olduğunu başa düşür, onun evində təcavüzə uğradığını bilmiş olur...

- Sizin yerinizdə istənilən bir kişi istənilən bir anda ola bilər, - dedim sakitcə.

- Baxın, görürsünüz? - onun əlləri əsirdi, gözlərini gözlərimin içinə dikib imdad istəyirmiş kimi üz ifadəsiylə ağlamsındı, - siz də mütləq öldürərdiniz. Heç bilirsiz nə qədər adam mənim vəziyyətimdədir? Arvadları xəyanət edir, onlar da öldürür...

- Mən öldürməzdim, - eyni sakitliklə dedim və dərhal əlavə etdim, - əminəm ki, siz də.

- Necə yəni? Axı mən öldürmüşəm! Axı o video...

- Nə olursa olsun, öldürməzdim.

- Sizə xəyanət eləsələr... - o əvvəl bir qədər ehtiyatla başladı bu fikrinə, sonra ardını tamamilə rahat şəkildə gətirdi, - əgər həyat yoldaşınız bir başqa adamla...

Mən ona necə, hansı baxışlarla baxdığımı bilmirəm, amma həmin anda ona baxmağımdan qəfil çəkinib hətta ayağa durmaq istədiyini hiss etdim, lakin mənim tərpənmədiyimi görüb, o da yerində qurcalanaraq qaldı, sadəcə baxışlarını kənara yayındırdı.

Mənsə Gülnarı, Surxayı düşünməli oldum o anlarda. Çünki biri həyat yoldaşım sayılırdı, digəri dostum. Formal da olsa, biz Gülnarla ər-arvad idik, mən ona qətiyyən toxunmasam belə, bu, rəsmən belə idi. Surxay isə o axmaq çılğınlığı ilə məhz bu toxunmaq məsələsini yoxlamışdı. Yoxlayıb həqiqəti biləndən sonra da sarsılmışdı, əmin idim. Elə sarsıldığı, it kimi peşman olduğu üçün də mən onu dayanmadan vurduğum zaman nə özünü müdafiə üçün mənə əl qaldırmış, nə bir kəlmə söz demiş, nə də özünü zərbələrimdən qorumağa çalışmışdı. Bəlkə ölə də bilərdi, bəlkə indi mən bu qatillə söhbət etdiyim zamanlarda halı pisləşib ölmüşdü də. Mənim üçün mənən öldükdən sonra onun fiziki ölümü və ya həyatı maraqlı idimi mənə? Yox!

- Üzr istəyirəm... - mızıldandı Sənubərin əri.

- Adınız necə idi? - soruşdum.

- Fərrux, - deyərək siqaret çəkməyə alışqan olan adam kimi qeyri-ixtiyari əllərini şalvarının və köynəyinin bütün mümkün olan cibləri üstündə gəzdirməyə başladı, tapmayıb barmaqlarını masanın üstündə bir-birinə keçirtdi, sonra gözlərini əllərinə zilləyərək səssiz-hərəkətsiz dayandı.

Ölmüşdü o da.

Mənən, ruhən yox idi artıq.

Mənimlə üzbəüz oturub susan bədəndə fiziki-mexaniki funksiyaları öz primitiv mövcudluq fəaliyyətini davam etdirirdi, vəssalam.

- Fərrux, siz əmin idiniz ki, həyat yoldaşınız sizə başqa adamla xəyanət edir?

- Hə!

- Xəyanət nəyə deyirsiniz?

- Necə nəyə deyirəm? Başqa kişiylə yatmağa, - onun əlləri yenə əsməyə başladı, gözlərində heyvani bir yırtıcılıq göründü.

- Başqa kişiylə yatmaq könüllü olmayıbsa, zorla vadar edilibsə? Axı istintaqa məlumdur ki... - nə boyda səhvə yol verdiyimi anlamayaraq ani bir ehtiyatsızlıq etdim, ona görə də dərhal susdum.

- Siz məni istintaq üçün dindirirsiniz? - əsəbi halda gözlərimə baxdı və gözlərində qəfil tapılan yırtıcılıq içimi üşütdü, - bəs mənə demişdilər həkim gəlib? Siz həkim deyilsiniz?

- Həkiməm, sizə doğru deyiblər, - mən ayağa durub balaca otağın içində var-gəl etməyə başladım, - amma siz mənə doğrusunu demirsiniz deyə, mən də məcbur oluram əlavə suallar verib müstəntiq kimi görünüm. Belə olmaz, mən bu gedişlə sizə heç bir kömək eləyə bilməyəcəm.

Sonra mən qollarımı sinəmdə çarpazlayıb onunla üzbəüz dayandım, gözlərimi onun üzünə yuxarıdan-aşağı zilləyib yarım dəqiqəyədək qaldım, daha sonra iki-üçü addım atıb onun böyründə ayaq saxladım.

- Mən gedə də bilərəm, siz istəyirsinizsə... - dedim.

Qəsdən onun başı üstündə dayanmışdım. Özünü bu anlarda məndən aşağı bir səviyyədə hiss etməsini istəyirdim, bunu hiss etməliydi ki, məni avtoritet olaraq qəbul etsin və fikirlərini açsın. fikirlərini açsın ki, mən də onun beyninə təsir edə bilim, qalanın ən zəif kərpicini tapmış döyüşçü kimi zərbəni məhz o kərpicə endirim, sonra bir-bir digərlərini söküb tökməyə nə var ki?

- Mən çox peşmanam, - az qala pıçıltı ilə dedi və birdən başını əlləri arasına alıb, hönkürdü, - peşmanam, doktor, vallah, billah, atamın qəbri haqqı, peşmanam...

Bax, belə.

Mən bir az da onun başı üstündə dayanıb susduqdan sonra cibimdən siqaret və alışqan çıxarıb ona uzatdım, sonra özüm üçün də birini yandırıb, onunla üzbəüz oturdum.

Sonra o danışdı...

Fərrux dedi ki, Sənubərlə bir ümumi qohumlarının toyunda tanış olublar. İlk baxışdan bir-birlərinə vurulublarmış. Daha doğrusu, Sənubər Fərruxa vurulubmuş, sonra bunu oğlana bildirməkdən çəkinməyib, o ümumi qohumlardan Fərruxun telefon nömrəsini alıb, zəng edibmiş.

- Dedi ki, iş yoldaşının oğlunu gəmiyə işə düzəltmək lazımdır, mən kömək edə bilərəmmi... Amma mən dərhal başa düşmüşdüm ki, bu işə düzəltmək-filan söhbəti bəhanədir, qız mənimlə əlaqə yaratmaq üçün bu yalana əl atıb...  - kədərlə, asta-asta danışdıqca üzünə xəfif bir təbəssüm qonmuşdu Fərruxun...

Fərrux danışdıqca mən də onların sevgi, sonra ailə tarixçələrini oxumuş olurdum...

- Uşağımız olmadı. Heç vaxt da olmayacaqdı, - ah çəkdi, - həkimlər dedilər, o heç vaxt ana ola bilməz. Mən də... mən ailəmin tək oğluyam, anam, bacılarım, başqa qohumlarımız bunu biləndə dünyanı dağıtdılar başımıza. Hamısı dedi ki, ayrılın. Amma biz ayrılmaq istəmirdik. Sonra mənimkilər Sənubəri də, onun ailəsini də çərlətdilər. Bizim adət-ənənələri bilirsiniz də... mütləq uşaq olmalıdır, mütləq oğlan doğulmalıdır, o oğlanın da mütləq öz oğlu olmalıdır filan... beləcə, mənim anam da başımın ətini yedi ki, xəstəyəm, nəvə istəyirəm, ölüb gedəcəyəm, filan... sonra mən kənarda xəlvəti bir-iki qadınla görüşməyə başladım... sonra bunlardan birinə ilişdim... vuruldum yəni. Anamı sevindirmək istəyirdim də, neynim... Sonra isə Sənubər də dəyişdi, əsəbi oldu, mən yəqin büruzə verirmişəm nələrisə. Nə isə. Əsəblərimiz məhv oldu, bir gün də ayıldım ki, hər gün evimizdə qırğındır, o bağırır, mən döyürəm... iyrənc bir həyat başladı yəni...

- Ayrılmaq daha doğru olmazdımı? - soruşdum.

- Yox! - qətiyyətlə dedi, - Yox... mən təsəvvür eləyəndə ki, Sənubərdən ayrılacam, o da kiməsə ərə gedəcək, ona başqa kişi toxunacaq...ölsəm, bundan yaxşı olardı!

- Ya da o ölsəydi, hə?

- Hə... - o yenə ağlamsındı, - amma mən bilmirdim axı onu məcbur ediblər... bilsəydim ki, onu qorxudub çağırıblar... gedib o adamların sağ tikəsini qulaqları boyda edərdim...

- Hansı adamların?

- Sehrbazın adamlarının.

-Kimin? - şoka düşdüm onun sözündən və bunu bildirməməyi də unudub ona sarı əyildim, heyrətlə bir də soruşdum, - Sehrbazın, dediniz?

- Hə də... - deyəsən o qeyri-ixtiyari çəkmişdi bu adı, indi səhvini düzəltməyə çalışırdı, - mən sevgilimin əmisi oğluna belə deyirəm... sevgilim... daha doğrusu, uşağa görə görüşdüyüm qadının... onun bir qohumu var, xürafatçı... bir az caduya-zada inanan adamdı, guya falçıdı, təsəvvür eləyin... Sənubəri də falçı kimi aldatmışdılar...sonra da evini yıxdılar...

- Adı necəydi? - özümdən asılı olmadan soruşdum.

- Bunun məsələyə dəxli yoxdur e, doktor, - Fərrux ipin ucunu elə qəfil vermişdi ki, indi özü də kələfi yığıb-yığışdıra bilmirdi, - mən onunla ər-arvad kimiyəm yəni... istəmirəm onun adı hallansın yəni... əsas məsələ bu deyil. Əsas məsələ odur ki, Sənubər mənə hər şeyi əvvəlcədən deməliydi. Əgər o mənə əvvəldən desəydi ki, onu qorxudurlar, bütün bu həngamə mənim ondan boşanmağım üçündür, mən də başa düşərdim, bir əncam çəkərdim məsələyə... Düzdü, mən başa düşürəm, indi siz deyəcəksiniz ki, gərək Sənubərdən də qabaq elə mən özüm hər şeyi açıb deyəydim ona...

Fərrux birnəfəsə danışır və mənim fikrimi bayaq ağzından qaçırdığı "Sehrbazın adamları" ifadəsindən bacardığı qədər yayındırmağa çalışırdı.

Mənsə artıq hər şeyi başa düşməyə başlayırdım.

Hətta Fərrux bu son cümlələri deməsəydi belə...

- Xahiş edirəm, ona zəng edin, hətta imkan varsa, görüşün, deyin ki, fikir eləməsin, mən onu çox istəyirəm, neçə il olur-olsun, onu yaddan çıxarmayacam, amma bircə özündən muğayat olsun, çox-çox xahiş edirəm... bura isə gəlməsin, yəni hələ gəlməsin, istintaq bitəndən sonra gəlsin, indi bulaşmasın bu qarışıq məsələyə... Sizdən də dönə-dönə xahiş edirəm, bu barədə heç kimə heç nə deməyim... bu bizim aramızda sirr qalsın, - o, gözlərindəki heyvani yırtıcının hürkmüş halı ilə üzünə yalançı təbəssüm qondurmağa çalışırdı ki, mən ona dostca yanaşım, - sizə güvənirəm, doktor... nömrəsini deyim...

Fərrux bir-bir rəqəmləri deyirdi və mən artıq çoxdandır ki, telefonumda olan nömrənin adına baxırdım: SEVDA

Fərruxun gözlərindəki yırtıcı sustalıb, yorğun halda, bir az da qorxa-qorxa mənə baxırdı...

(Davam edir)

# 4190
avatar

Oxşar yazılar