“Mühacir qalmaqalı” Müsavatı bitirə bilər - TƏHLİL
20 noyabr 2019 16:24 (UTC +04:00)

“Mühacir qalmaqalı” Müsavatı bitirə bilər - TƏHLİL

 

 

Əslində, “mühacir biznesi” Azərbaycan siyasi həyatlında müzakirə edilən yeni məsələ deyil. Son illər ərzində siyasətlə az-çox maraqlanan hər kəs ya pıçıltı ilə, ya da uca səslə bəzi müxalifət partiyaları, o cümlədən Müsavat tərəfindən “siyasi mühacirlərə saxta arayışların satılması” barədə danışırdı. Bu dəfə isə Almaniya polisinin məlum açıqlaması rəngləri daha da tündləşdirdi və konkret faktların ortaya qoyulması Müsavatın yeni başqanı, adı “saxta arayış qalmaqalı”nda hallanan Arif Hacılını çıxılmaz vəziyyətə saldı. Bu prosesə sabiq və indiki müsavatçıların qoşulması isə gərginliyin miqyasını daha da böyütdü.

Bütün baş verənlər fonunda “olimpiya sükutu”nu saxlayan Müsavat başqanı Arif Hacılı, nəhayət ki, mətbuat konfransı keçirməyə, adıçəkilən qalmaqala və özünün bu məsələdə iştirakı məsələsinə aydınlıq gətirməyə vadar oldu. Lakin başqanın jurnalistlərlə görüşdə söylədiyi ziddiyyətli və əsəbi fikirlər problemi nəinki həll edə bildi, əksinə, Hacılı və onun rəhbərlik etdiyi təşkilatın ünvanına ittihamları daha da artırdı.

“Mühacir biznesi”nin miqyası o dərəcədə böyükdür ki, bu dəfə “hakimiyyətin məqsədyönlü hücumundan” danışmaqla vəziyyəti müsbətə doğru dəyişmək imkansız görünür. “Saxta arayış” məsələsini gündəmə gətirən və onu qabardan hakimiyyət deyil, demokratik Avropanın önəmli ölkələrindən olan Almaniyanın hüquq-mühafizə orqanları və başqan Hacılının sabiq və hazırkı silahdaşlarıdır. Digər tərəfdən, adıçəkilən problem Arif Hacılının bu qədər güvəndiyi Avropa demokratları və öz silahdaşları tərəfindən o qədər qabardılıb ki, rəqib hesab etdikləri iqtidarın alovlanan ocağa benzin tökməsinə ehtiyac belə qalmır. İqtidarın iştirakı olmadan da “mühacir biznesi” nəinki Müsavatı, bütövlükdə müxalifətin etimad limitinin üstündən xətt çəkir. Əslində, spekulyasiya üçün əsas da qalmayıb. Belə ki, alman polisi bütün dünyada qanunun aliliyinə əməl edən bir qurum kimi tanınıb. Alman polisinin Müsavat və onun rəhbərliyi ilə hər hansı qərəzi ola bilməz. Digər tərəfdən, bu məsələdə fəallıq edən ən əsas tərəf elə müsavatçılar özləridir. 

Alman polisinin həbs etdiyi müsavatçıları və bu məsələdə adı keçən digər şəxsləri uzunmüddətli həbs cəzası gözləyir. Lakin məsələ bununla bitmir. Bütün sadalanan qanunsuzluqlar sübuta yetirilərsə, Müsavatın bir təşkilat kimi qeydiyyatının ləğvi məsələsi də gündəmə gələ bilər. Çünki sənədlərin saxtalaşdırılması və qanunsuz “mühacir biznesi”ndə partiyanın rəhbərliyinin və önəmli isimlərinin adı keçir, bu isə ciddi yekun vəd edən haldır. “Mühacir biznesi” ilə bağlı Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən də cinayət işi başlanılıb, istintaqın yekununda yəqin ki, yeni mətləblər və faktlar ortaya çıxacaq, qanunsuzluqlarla məşğul olanların əməllərinə hüquqi qiymət veriləcək.  

Onu da vurğulayaq ki, Arif Hacılının ikinci dəfə, partiyanın faktiki lideri İsa Qəmbərin dəstəyi ilə başqan seçilməsi ilə təşkilat daxilində narazılıqlar artmış, partiyada çoxu adı sənəd saxtakarlığında hallanan birinin rəhbərliyini qəbul etmək istəmədiyini açıq şəkildə bəyan etməyə başlamışdı. Əslində, Arif Hacılı hələ birinci başqanlığının ilk günlərindən “saxta arayışlar satmaqda”, avtoritar idarəçilik və qohumbazlıqda ittiham olunurdu. Lakin başqanın bütün bu narazılıqları görməzdən gəlməsi və narazılara “qapını göstərməsi” vəziyyəti daha da ağırlaşdırdı. İş o həddə çatdı ki, Müsavat Qadınlar Şurasının sabiq rəhbəri Alya Yaqublu Hacılını “qırmızı xətt”i keçməkdə, partiyanı məhvə sürükləməkdə ittiham etdi. Arif Hacılının siyasəti kəskin tənqid edən digər müsavatçı isə Milli Şuradakı fəallığı və cəbhəçilərlə yaxınlığı ilə diqqəti daha çox cəlb edən Tofiq Yaqublu oldu. Digər fəal müsavatçılar - Yafəs Əkrəmoğlu, Könül Şamilqızı, habelə kənar araşdırmaçılar və jurnalistlər da A. Hacılını saxta arayışlar “satmaq”da və digər qeyri-qanuni əməllərdə ittiham etdilər. Bütün bu qalmaqalı izləyən partiya üzvlərinin və müstəqil ekspertlərin demək olar ki, yekdil fikri belədir - Müsavatı xilas etməyin tək yolu Arif Hacılının istefa verməsindən keçir, əks təqdirdə, adıçəkilən saxtakarlıqların qurbanı bütövlükdə partiya ola bilər. Lakin Hacılı nəinki istefa verəcəyini açıqladı, əksinə, onu tənqid edənlərin hamısını satqınlıqda və xəyanətdə suçladı.

Aydın məsələdir ki, belə vəziyyətdə Müsavat növbəti seçkilərə normal hazırlaşa da bilməyəcək. Ümumiyyətlə, son illər partiyada fəaliyyətin zəif olmasını əksəriyyət birbaşa Müsavat rəhbərliyində olan dəyişikliklə bağlayır. Arif Hacılı idarəçiliyini müsavatçılar  “bolşevizm” meylləri kimi dəyərləndirirlər. Bütün baş verənlər onsuz da Hacılının istefasına aparır. Bunu Hacılı özü də dərk edir. Lakin hələlik müqavimət yolunu seçib.

Sənəd saxtalaşdırılması və qanunsuz mühacirət biznesi ilə bağlı məsələnin doğurduğu qalmaqalı bu dəfə söndürmək mümkün olmayacaq.

Digər məqam isə ondan ibarətdir ki, bu qalmaqalın Azərbaycanın tarixində özünəməxsus rolu olmuş Müsavat Partiyasının başına gətirilməsi 1911-ci ildə qurulmuş bu partiyanın, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında mühüm xidmətləri olmuş müsavatçıların da adına ləkədir. Odur ki, baş verənlərin həm də mənəvi məsuliyyəti var.  

Maraqlıdır ki, bütün baş verənlərə “Azərbaycan siyasətinin ən soyuqqanlı xadimi” imicini daşıyan İsa Qəmbər açıq münasibət bildirmir. Prinsipcə, “hiyləgər gedişləri ilə tanınan” sabiq başqana belə qalmaqal sərf edir. Görünür, İ. Qəmbərin də öz hesablaması var. Belə ki, Arif Hacılının başqanlığı ilə davam edən hər sutka Müsavatın sonunu yaxınlaşdırır. Son nəticədə yenə də nəzərlər “çirkab yağmuru”ndan uzaq durmağa çalışan İsa Qəmbərə dikilə bilər. “Vəziyyətin çıxılmazlığı”nı görən İ. Qəmbər partiyaya rəhbərliyi yenidən öz əlinə ala bilər. Onsuz da o, partiyada heç bir post tutmamasına baxmayaraq, başqan kabinetini tərk etməmişdi. İndi isə kabinetindən rahatlıqla çıxması və müsavatçılara “xilas əlini” uzatması mümkündür. Lakin o vaxta qədər partiyadan əsər-əlamət də qalmaya bilər.

APA Analytics

 

# 1133
avatar

Oxşar yazılar