Bu xəstələrin çoxunda şəkərli diabetə rast gəlinir - İnstitut direktoru
15 noyabr 2019 16:26 (UTC +04:00)

Bu xəstələrin çoxunda şəkərli diabetə rast gəlinir - İnstitut direktoru

 

“Elmi-Tədqiqat Kardiologiya İnstitutuna müraciət edən ürək xəstələrinin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir".

APA xəbər verir ki, bunu institutun direktoru Gülnaz Dadaşova "Ürəyimizi şəkərli diabetdən necə qoruyaq" mövzusunda keçirilən elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, şəkərli diabet ürək xəstəliklərinin yaranması üçün ən əsas risk faktorlarından biridir: "Xəstələrimizin 70 faizindən çoxunda şəkərli diabetə rast gəlinir. Şəkərli diabetə görə endokrinoloq müalicəsi alan xəstələrin yarısından çoxunda ürək patologiyalarına rast gəlinir. Şəkərli diabet və onun ürəyə təsiri dünya səhiyyəsini narahat edən problemlərdəndir. Bu problemlə yalnız kardioloqlar, endokrinoloqlar məşğul olmalı deyil. Bu problemin həlli ilə oftalmoloqlar, nefroloqlar, dietoloqla birgə məşğul olmalıyıq".

G.Dadaşova əlavə edib ki, şəkərli diabeti olan 3 nəfərdən 2-si ürək xəstəlikləri və insultdan dünyasını dəyişir. İnstitut direktoru qeyd edib ki, şəkərli diabeti olan insanlarda ürək tutmaları və insult keçirtmək riski şəkərli diabeti olmayan insanlarla müqayisədə 2 dəfə çoxdur: "Biz şəkərli diabet dedikdə ürək xəstəliyi riskini düşünməliyik. Yüksək şəkər, qanda xolesterinin artması ürəyə gələn qanın azalmasına, sonda da ürək xəstəliyinin yaranmasına səbəb olur". G.Dadaşova sonda bildirib ki, siqaret çəkmək də şəkərli diabet olan insanlarda ürək xəstəlikləri riskini 2 dəfə artırır.

# 1411
avatar

Oxşar yazılar