Bakının susuz qalan sakinləri ilə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA
12 noyabr 2019 13:54 (UTC +04:00)

Bakının susuz qalan sakinləri ilə bağlı İcra Hakimiyyətindən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakının Xətai rayonunda binalardan su çənləri yığışdırılıb və sakinlər su təminatı ilə bağlı problemlə qarşılaşıblar. Su gündüzlər fasilə ilə verilir, gecələr isə demək olar tam kəsilir.

Söhbət Xətai rayonu, İnqilab İsmayılov küçəsi 56 və 58 ünvanlarından gedir.

Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, problem binalarda dam örtüklərinin yenilənməsi, eyni zamanda da liftlərin əsaslı təmiri ilə əlaqədar yaranıb:

“Prezidentin həm dam örtükləri ilə, həm də liftlərlə bağlı göstərişləri var. Dam örtüklərinin yenilənməsi səbəbindən su çənləri götürüldü. Problem isə 24 saat su təminatı olmayan binalarda yarandı.

Qeyd edim ki, götürülən çənlər dəmirdən olub. Dəmir çənlər korroziyaya uğrayandan sonra qəzalı vəziyyət yaradır, su axıntıları baş verir. Digər tərəfdən, çənlər lift qurğularının üzərində yerləşdirildiyi üçün həm yükdür, həm də suyun axması problemlərə səbəb ola bilir”.

P.İmanov qeyd edib ki, binaların dam örtükləri əsaslı təmin olunduqdan sonra vətəndaşlar çəkini nəzərə alaraq (yarım tondan çox olmamaq şərtilə) müvəqqəti plastik  çənlərdən istifadə edə bilərlər:

“Həmin binaların su ilə təminatı yəqin ki, bir neçə il çəkəcək. Bununla bağlı “Azərsu”dan bildirilib ki, işlər gedir.

Hazırda insanların rifah halını yaxşılaşdırmaq üçün işlər aparılır, artıq narazılığı olan vətəndaşlarla görüşülüb, problemlə bağlı razılaşma baş tutub”.

Xatırladaq ki, məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirilib ki, çənlərin yığışdırılması ilə Bakı Şəhər İcra Hakimiyyətindən yanlışlığa yol verilib:

“Çənlər fasiləsiz su rejmi yaradılan ərazilərdən yığışdırıla bilər. Qurumun mütəxəssisləri həmin əraziyə baxış keçirəcək. Çənlərin geri qaytarılması üçün lazımi tədbirlər görüləcək”.

# 3098
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar